MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
30 iyun 2012 | 12:06   
Paylaşın:        

İyunun 29-da Milli Məclisin Spikeri Oqtay Əsədovun sədrliyi ilə parlamentin növbədənkənar sessiyasının son iclası keçirildi. Otuz dörd məsələdən ibarət gündəlik təsdiq edildi və müzakirələr başlandı.
Milli Məclisdə öncə hakimlərin təyinatına dair qərarlara baxıldı. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkəmizin müxtəlif bölgələrində hakimliyə təqdim olunmuş on səkkiz namizəd barədə məlumat verdi. Məsələyə dair fikir mübadiləsi aparıldı. Deputatlar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakiminin, həmçinin Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki Apellyasiya Məhkəmələri hakimlərinin təyin edilməsinə razılıq verdilər.
Sonra Milli Məclisin parlamentlərarası əlaqələr üzrə iki işçi qrupuna rəhbər seçilməsi haqqında məsələyə münasibət bildirildi. Deputat Malik Həsənovun Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, deputat Xanlar Fətiyevin isə Azərbaycan-Kolumbiya  parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri seçilməsi ilə əlaqədar Milli Məclisin müvafiq qərarına dəyişiklik və əlavə edilməsi barədə qərar təsdiqləndi.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentdə üçüncü oxunuşda müzakirəyə çıxarılmış Şəhərsalma və Tikinti Məcəlləsi barədə ətraflı məlumat verdi. İkinci oxunuşdan sonra qanun layihəsinə edilmiş əlavə və dəyişiklikləri şərh etdi. Deputatların səmərəli təkliflərinin nəzərə alınaraq məcəllənin təkmilləşdirildiyini vurğuladı. Məcəllə üçüncü oxunuşda parlamentdə qəbul edildikdən sonra “Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və  bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikası qanunu” səsə qoyuldu və qəbul edildi.
İclasda hökumətlərarası əməkdaşlığa dair yeddi sazişin ratifikasiyasına və digər rəsmi sənədlərin təsdiqlənməsinə də baxıldı. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Gülər Əhmədova iki qanun layihəsini təqdim etdi. Milli Məclis “Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin və Qırğız Respublikasının Prezidenti A.Atambayevin Birgə Bəyanatı”nı təsdiqlədi, “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında hökumət rabitəsi sahəsində  əməkdaşlıq haqqında” Sazişdə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında Protokol”un təsdiqinə razılıq verdi.
Parlamentdə beş qanun layihəsini təqdim edən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə  Azərbaycan və Qırğız hökumətləri arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında, Azərbaycan və Hindistan hökumətləri arasında hava əlaqəsinə dair, həmçinin Azərbaycan və Makedoniya hökumətləri arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişlərin əhəmiyyətindən danışdı. Sazişlər ratifikasiya olundu.
İclasda Azərbaycan və Qırğız hökumətləri arasında mülki müdafiə (mühafizə), fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlığa dair Saziş, eləcə də Azərbaycan və Bolqarıstan hökumətləri arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında Saziş barədə Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun məlumatı dinlənildikdən sonra hər iki sənədin ratifikasiyasına razılıq verildi.
Komitə sədri Əli Hüseynli Azərbaycan və Bolqarıstan hökumətləri arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığa dair Saziş, həmçinin “Beynəlxalq Antikorrupsiya Akademiyasının beynəlxalq təşkilat qismində təsis edilməsi haqqında” Sazişə qoşulmağa dair qanun layihəsi barədə deputatlara məlumat verdi. Milli Məclis sənədlərə müsbət münasibət bildirdi. 
Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Elton Məmmədov “Ozon qatını dağıdan maddələr haqqında Monreal Protokolu”na 1999-cu il 3 dekabr tarixli Pekin Düzəlişi”nin mahiyyətindən danışdı. Sənəd səsə qoyularaq təsdiq olundu.
  Parlament “Ədliyyə sahəsində fərqlənməyə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişikliklər edilməsini müsbət qarşıladı.
Bugünkü iclasda İnzibati Xətalar Məcəlləsinə dair üç qanun layihəsinə baxıldı. Məcəllənin on ikinci fəslinə dəyişiklik edilərək nəqliyyatın hava, dəniz, çay, avtomobil və dəmir yolu sahələrində olduğu kimi,  metropolitendə də mövcud qaydalar əleyhinə törədilən inzibati xətalara görə cərimələr tətbiq edilməsi vacib sayıldı. İkinci qanun layihəsində isə sağlamlıq əleyhinə olan inzibati xətalara görə, həmçinin əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalara görə cərimələr nəzərdə tutulur. Üçüncü qanun layihəsinə əsasən, İnzibati Xətalar Məcəlləsinə istehlakçıların hüquqlarının qorunması məqsədilə tətbiq olunacaq nəzarət markası barədə maddə əlavə ediləcəkdir. Məcəlləyə edilən dəyişikliklər qəbul olundu.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”  qanuna edilən dəyişikliklə əlaqədar bundan sonra ölkəmizdə audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinin və digər müəlliflik və əlaqəli hüquq obyektlərinin müvafiq hüquqlara əsasən hazırlandığını, həmçinin satışı üçün qanuni razılığın alındığını bildirən nəzarət markası yapışdırılacaq. Deputatlar istehlakçıların hüquqlarının qorunması üçün belə bir addımın vacibliyini vurğuladılar.
“Həmkarlar İttifaqları haqqında” qanuna dəyişikliklərdən bəhs edən Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirdi ki, qanuna təklif olunan dəyişiklik özəl müəssisələrdə həmkarlar təşkilatının yaradılması zərurətindən irəli gəlib. Mülkiyyət formasından asılı olmayaraq işəgötürən işçilərin əmək haqlarından həmkarlar ittifaqına üzvlük haqlarının tutulmasını təmin etməlidir. Mühasibatlıq vasitəsilə  tutulan üzvlük haqları dörd gün müddətində müvafiq hesaba köçürülməlidir. Fikir mübadiləsində deputatlar bu məsələyə də müsbət yanaşdılar.
Sonra Regional məsələlər komitəsinin üzvü Azər Badamovun məlumatı dinlənildi və  “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun qəbul olundu.
Komitə sədri Ziyad Səmədzadə Vergi Məcəlləsinin 23-cü və 50-ci maddələrinin yeni redaksiyası barədə danışdı. Parlament vergi orqanlarının hüquqları və operativ vergi nəzarəti maddələrinə dəyişiklikləri qəbul etdi.
Milli Məclis “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Yol hərəkəti haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə layihələri təsdiqlədi.
Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov “İctimai televiziya və radio yayımı haqqında” qanuna dəyişikliklər edilməsi haqqında məsələni ətraflı şərh etdi. Deputatlar fikir plüralizmi şəraitində ictimai yayımçının hüquqi statusu, ictimai yayım xidmətlərində kadrların seçilməsi və əmək müqavilələrinin bağlanması, ictimai yayım proqramlarına verilən tələblər, yayım şurasının səlahiyyətləri, baş direktor, ictimai yayım xidmətinin maliyyə mənbələri barədə maddələrə münasibət bildirdilər. Müzakirələrin yekununda qanun layihəsi səsə qoyuldu və qəbul edildi.
Bugünkü iclasda Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərlə bağlı üç qanun layihəsinə baxıldı. Məcəllədə humanizm prinsipi, cəzanı ağırlaşdıran hallar, qəsdən sağlamlığa müxtəlif dərəcəli zərər vurma, döymə, işgəncə vermə, kompyuter sisteminə qanunsuz daxil olma, kompyuter məlumatlarını qanunsuz ələ keçirmə, həmin məlumatlara qanunsuz müdaxilə etmə və saxtalaşdırma, kibercinayətlər, uşaq pornoqrafiyasının dövriyyəsi, quldurluq, hədə-qorxu ilə tələb etmə barədə maddələrə dəyişikliklər ətraflı müzakirə edilərək qəbul olundu.
Deputatlara məlumat verildi ki, Cinayət-Prosessual Məcəlləsinin 109-cu və 384-cü maddələrinə edilən dəyişikliklər isə hakimə etiraz, həmçinin apellyasiya şikayətinin və ya protestinin verilmə müddətləri və halları ilə bağlıdır.
İclasda baxılan otuz dörd qanun layihəsinin hamısı qəbul olundu. Milli Məclisin Sədri Oqtay Əsədov növbədənkənar sessiyanın işində fəal iştirak etdiklərinə görə deputatlara təşəkkür etdi. Növbədənkənar sessiya Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başa çatdı.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU