REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ

Komitə iclasları
25 yanvar 2019 | 05:01   
Paylaşın:        

Yanvarın 25-də Milli Məclisin yaz sessiyasında ilk iclasına toplaşan Regional məsələlər komitəsində üç məsələyə baxıldı.
Öncə komitənin sədri Arif Rəhimzadə 2018-ci il payız sessiyasının yekunları barədə danışdı. Bildirdi ki, hesabat dövründə komitə qanunvericilik sahəsində nəzərdə tutulmuş iş planına uyğun fəaliyyət göstərib. 7 iclasda 16 məsələ müzakirə edilib ki, onlardan 14-ü qanun layihələri olub. Əsasən bələdiyyələrin fəaliyyətini tənzimləyən həmin qanun layihələrinin hamısı Milli Məclisdə qəbul edilib.
Arif Rəhimzadə iclasda iştirak edən bələdiyyə rəhbərlərinin diqqətinə çatdırdı ki, 2019-cu il dövlət büdcəsində yerli bələdiyyə büdcələrinə 4,7 milyon manat dotasiya və ilk dəfə olaraq 1 milyon manat məbləğində subvensiya  verilməsi nəzərdə tutulub.
Hesabat dövründə komitə üzvləri Latviya Bələdiyyələr İttifaqından gələn nümayəndə heyəti ilə işgüzar görüşlər keçirib, bələdiyyə institutu barədə təcrübə mübadiləsi aparıblar.
Vurğulandı ki, ötən sessiyada deputatlar ölkənin ictimai-siyasi həyatında, parlamentin qanunvericilik fəaliyyətində  fəal iştirak edib, beynəlxalq tədbirlərdə Azərbaycan gerçəkliyinə dair həqiqətləri yayıblar.
Payız sessiyasında Regional məsələlər komitəsinə daxil olmuş 86 təklif, ərizə və şikayətin 52-si araşdırılıb lazımi tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib. Komitə üzvləri vətəndaşların qayğılarına həssaslıqla yanaşıb, seçicilərlə çoxsaylı görüşlər keçirib, onların müraciətləri ilə əlaqədar tədbirlər görüblər.
İclasda çıxış edən deputatlar Tahir Rzayev, Azər Badamov, Fəzail İbrahimli, Cavid Osmanov,  Malik Həsənov, Kamran Bayramov, komitə  sədrinin müavini Fəttah Heydərov hesabatı yüksək dəyərləndirdilər. Komitənin payız sessiyasında məhsuldar işlədiyi qeyd olundu. Müzakirədə rəylərini bildirən Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təhmuraz Tağıyev,  Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının və Novxanı bələdiyyəsinin sədri Əli Mehdiyev qeyd etdilər ki, payız sessiyasında Milli Məclisdə qəbul olunan qanunlar bələdiyyələrin işinin yaxşılaşdırılmasında mühüm rol oynayır.
Komitə hesabatı məqbul saydı. 
Sonra iclasda Regional məsələlər komitəsinin 2019-cu ilin yaz sessiyasında görəcəyi işlərin planı müzakirə olundu. Həm qanun yaradıcılığını, həm də müxtəlif tədbirləri əhatə edən iş planı təsdiqləndi.
Gündəlikdəki 3-cü məsələni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim etdi. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” ətrafında fikir mübadiləsi aparan deputatlar müsbət fikirlərini və təkliflərini diqqətə çatdırdılar.
Komitədə baxılan məsələlərin hamısı parlamentin plenar iclasına tövsiyə olundu.

 

  Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU