GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİNİN İCLASINSDA

Komitə iclasları
25 yanvar 2019 | 05:01   
Paylaşın:        

Yanvarın 25-də Milli Məclisin Gənclər və idman komitəsinin 2019-cu ilin yaz sessiyasında ilk iclası oldu. Komitə sədri Ülvi Quliyev sessiyanın başlaması münasibəti ilə təbriklərini çatdırdı və gündəlikdəki məsələləri təqdim etdi.
Əvvəlcə, 2018-ci ilin payız sessiyasında görülən işlər barədə məlumat verildi. Bildirildi ki, ümumiyyətlə, ötən müddət Milli Məclis üçün çox məhsuldar olub, yeni qanunlar qəbul olunub, əhəmiyyətli tədbirlər keçirilib. Bu dövrdə komitənin 3 iclas olub, 5 məsələ ilə bağlı, o cümlədən “Bədən tərbiyəsi və idman haqqında” qanunda dəyişikliklərin edilməsi, “Futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma haqqında Avropa Şurası Konvensiyası”nın təsdiqlənməsi, “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihələrinin müzakirələri aparılıb.
Sessiya ərzində komitəyə ümumilikdə 47 məktub daxil olub. Onlardan 40-ı vətəndaşlardan, 7-si isə müxtəlif qurumlardan gələn müraciətlərdir.  Müraciətlər sosial müdafiə, əmək mübahisələri, özəlləşdirmə, mənzil, maliyyə və digər istiqamətləri əhatə edir. Bütün müraciətlərə baxılıb və lazımi tədbirlər görülüb. Komitədə 50 vətəndaş qəbul edilib, onları narahat edən məsələlərin həlli ilə bağlı müvafiq addımlar atılıb. Hesabat dövründə komitənin sədri və üzvləri müxtəlif tədbirlərdə iştirak ediblər, bir sıra görüşlər keçiriblər.
İclasda komitənin 2019-cu ilin yaz sessiyası üçün iş planı barədə söhbət açıldı. Bildirildi ki, sessiya ərzində 2 fevral – Gənclər günü, 5 mart – Bədən tərbiyəsi və idman gününə həsr olunmuş ictimai dinləmələrin keçirilməsi,  dövlət başçısının 2019-cu ilin “Nəsimi ili” elan olunması barədə, habelə Avropa Gənclər Olimpiya Festivalının 2019-cu ildə Bakıda keçirilməsi ilə bağlı sərəncamlarına uyğun olaraq maarifləndirmə işinin təşkili və digər tədbirlər nəzərdə tutulur.
Komitə üzvləri 2018-ci ilin payız sessiyasında komitənin fəaliyyətini məqbul hesab etdilər, 2019-cu ilin yaz sessiyası üçün iş planını təsdiqlədilər.
Sonra komitə sədri bildirdi ki, müzakirəyə “Gənclər siyasəti haqqında” qanuna dəyişikliklərin edilməsi barədə qanun layihəsi birinci oxunuşda  təqdim edilib. Qeyd olundu ki, ölkədə gənclər siyasəti uğurla həyata keçirilir. Bu sahəyə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir, bu istiqamətdə mükəmməl  qanunvericilik bazası mövcuddur.
Dəyişikliklər barədə parlament Aparatının Sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev ətraflı məlumat verdi. Bildirildi ki, dəyişikliklər bu sahədə hüquqi bazanın müasir tələblərə uyğunlaşdırlılması məqsədi ilə aparılıb. Layihənin zəruriliyini əsaslandıran dövlət başçısının müvafiq sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramları üzrə Tədbirlər Planlarıdır. Bu sənədlərdə gənclər siyasətinin həyata keçirilməsinin səmərəliliyinin daha da artırılması istiqamətində qanunvericilik bazasının təkmilləşdiriməsi nəzərdə tutulur. Bununla əlaqədar  qanunun 9 maddəsinə 26 adda dəyişikliklər təklif olunur.
Qeyd edildi ki, sənədin əsas anlayışlar siyahısına, gənclər siyasətinin məqsəd və prinsipləri, gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, onların sağlamlığının qorunması və fiziki inkişafı, məşğulluğunun təmin edilməsi, gənc ailələrə, gənclər təşkilatlarına dövlət yardımı, gənclər siyasətinin həyata keçirilməsinin maddi və maliyyə təminatı ilə bağlı maddələrinə bir sıra vacib əlavələr edilib.
Gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələri ehtiva olunan 4-cü maddəyə aztəminatlı gənc ailələrin sosial müdafiəsi, gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsi, sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərin sosial, mənzil, təhsil problemlərinin həlli və asudə vaxtlarının səmərəli keçirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, gənclər arasında hər növ ekstremizm və radikalizmin qarşısının alınması, sosial şəbəkə və multimedia vasitələrindən istifadə sahəsində imkanların artırılması, bu sahədə insanların şərəf və ləyaqətlərinin və şəxsi həyatın toxunulmazlığı hüququnun qorunmasına nəzarətin təmin edilməsi və digər məsələlər əlavə olunub.
Müzakirələrdə çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlar Şahin İsmayılov, Adil Əliyev, Azər Badamov, Sevinc Hüseynova, Kamran Nəbizadə, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva qanuna edilən dəyişikliklərin əhəmiyyəti barədə öz fikirlərini açıqladılar, qeyd və təkliflərini bildirdilər.
İclasın sonunda “Gənclər siyasəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə layihə Milli Məclisin plenar sessiyasına tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU