ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASINDA
Yanvarın 24-də Milli Məclisin Elm və təhsil komitəsinin 2019-cu ilin yaz sessiyasında ilk iclası keçirildi. Komitə sədri İsa Həbibbəyli sessiyanın başlaması münasibəti ilə deputatları təbrik etdi, fəaliyyətlərində uğurlar dilədi.
İsa Həbibbəyli əvvəlcə, 2018-ci il payız sessiyasının yekunlarından bəhs etdi. Bildirildi ki, hesabat dövründə komitənin 7 iclası keçirilib, 12 məsələ müzakirə olunub. Sessiya ərzində komitəyə 149 müraciət ünvanlanıb. Vətəndaşlardan daxil olmuş 137 müraciətlə əlaqədar 102 məktub hazırlanıb aidiyyəti üzrə müvafiq təşkilatlara göndərilib.
Komitənin payız sessiyası dövründə fəaliyyəti qənaətbəxş qiymətləndirildi.
İclasda komitənin 2019-cu il yaz sessiyası üçün nəzərdə tutulan iş planına baxıldı və təsdiqləndi.
Sonra “Ümumi təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda təqdim edildi. Bildirildi ki, sənəd ötən sessiyada mütəxəssislərin iştirakı ilə keçirilən komitənin toplantısında müzakirə olunaraq, parlamentin plenar iclasına tövsiyə edildi və birinci oxunuşda qəbul olundu. Layihə ilə bağlı səsləndirilən təkliflər komitə üzvləri və işçi qrupu tərəfindən nəzərə alınıb.
Qeyd olundu ki, qanun layihəsi 5 fəsil, 33 maddədən ibarətdir. Sənəd Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, ölkəmizdə ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
Qanun layihəsində qeyd edilir ki, təmayül sinifləri şagirdlərin sayı ən azı 15 nəfər olmaqla komplektləşdirilir. Tədris ili ərzində bu sayın azalması siniflərin fəaliyyətinin davam etdirilməsinə məhdudiyyət yaratmır. Ümumi orta təhsil icbaridir, eyni zamanda, ümumi təhsil pulsuzdur. Ümumi təhsil müəssisəsinin təsisçisi dövlət, bələdiyyə, Azərbaycan Respublikasının və xarici dövlətlərin hüquqi şəxsləri, Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ola bilər. Qanun layihəsinə əsasən, Azərbaycanda bələdiyyə məktəbləri də yaradılacaq. Sənəddə əksini tapan məsələlərdən biri də məktəblərdə vahid geyim formasının tətbiq edilməsidir. Belə ki, ümumi təhsil müəssisəsində təhsil alanlar üçün Təhsil Nazirliyi tərəfindən müəyyənləşmiş geyim formaları tətbiq olunacaq. Sənədin mühüm və başlıca cəhətlərindən biri gənclərə müasir dövrün tələblərinə uyğun bilik və bacarıqlar verilməklə yanaşı, onların vətənpərvər ruhda yetişdirilməsidir.
Deputatlar sənədlə bağlı fikir və təkliflərini səsləndirdilər. Onların toxunduğu əsas məsələlərdən biri dərsliklərlə bağlı oldu.
İclasda iştirak edən təhsil nazirinin müavini İdris İsayev bildirdi ki, növbəti ayda dərsliklərlə bağlı normativ-hüquqi akt qəbul ediləcək. Həmin sənəddə dərsliklərin hazırlanması, təsdiqlənməsi, nəşr edilməsi kimi müddəalar öz əksini tapacaq. Dərsliklərin məzmunu ilə bağlı bu qanunda da müddəalar bir qədər genişləndirilə bilər.
Qeyd edildi ki, qanun layihəsinə əsasən, Azərbaycanda ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlara xüsusi nümunəli attestat veriləcək. Qanun layihəsi ilə yanaşı, ölkədə dövrün və zamanın tələblərinə uyğun olaraq Ümumi Təhsilin Dövlət standartlarının növbəti mərhələsi hazırlanır.
Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov öz çıxışında dedi ki, Təhsil Nazirliyi Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq ümumi təhsilin yeni standartlarını hazırlayıb. Yeni fənn kurikulumlarının layihələri də hazırlanıb. Hazırlanan sənədlərdə milli-mənəvi dəyərlər, tədris yükünün optimallaşdırlması ilə bağlı məsələlər əks olunub.
Müzakirələrin yekununda “Ümumi təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edildi.
Milli Məclisin
Mətbuat xidməti