MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
04 fevral 2019 | 05:02   
Paylaşın:        

Fevralın 4-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirildi. İclasın əvvəlində deputatlar ölkədəki ictimai-siyasi vəziyyət və sosial şəbəkələrdə yayımlanan təhqirlərlə bağlı fikirlərini bölüşdülər.
Sonra Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov bildirdi ki, gündəliyə 5 sənəd, o cümlədən “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” Sazişə Xəzər dənizində mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıq üzrə, Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə və  Sərhəd orqanları arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üzrə protokolların təsdiq edilməsi haqqında, “Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında” Sazişin təsdiq edilməsi barədə məsələlər, habelə “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunlarda, Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihəsi daxil edilib.
Bildirildi ki, “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” Sazişi rəhbər tutaraq tərəflər – Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistan hökumətləri cinayətkarlıqla mübarizə və hüquq mühafizə, insan hüquq və azadlıqlarının müdafiəsinin təmin olunması sahəsində Xəzəryanı dövlətlərin əməkdaşlığının inkişaf etdirilməsinin əhəmiyyətini təsdiqləyərək, mütəşəkkil cinayətkarlığın yayılmasından narahat olaraq, terrorçuluqla mübarizədə əməkdaşlığın möhkəmləndirilməsinin və genişləndirilməsinin əhəmiyyətini dərk edərək, həmçinin sərhəd qurumları arasında əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsinin əhəmiyyətini nəzərə alaraq müvafiq protokolların imzalanması barədə razılığa gəliblər.
Diqqətə çatdırıldı ki, “Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında” Sazişə əsasən, beynəlxalq hüququn müvafiq prinsipləri və normaları çərçivəsində Xəzər dənizi dövlətlərinin silahlı qüvvələrinin hərbi gəmilərinin üzməsinin və hava gəmilərinin uçuşunun təhlükəsizliyi bu Saziş çərçivəsində təmin edilir.
Sonra birinci oxunuşda təqdim olunan “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunlarda, Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrində nəzərdə tutulan dəyişiklik barədə məlumat verildi. Qeyd edildi ki, adı çəkilən sənədlərdə “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanuna uyğunlaşdırmaq məqsədi ilə bir sıra redaktə xarakterli düzəlişlər aparılıb.
Komitə üzvləri müzakirəyə çıxarılan qanun layihələrinin əhəmiyyətli olduğunu söylədilər və Milli Məclisin plenar iclasına tövsiyə etdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU