MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
12 fevral 2019 | 06:02   
Paylaşın:        

Fevralın 12-də Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirildi. 32 məsələdən ibarət gündəlik təsdiqləndikdən sonra Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı xatirə pul sikkələrinin buraxılmasıyla əlaqədar Milli Məclis adından TBMM-in sədri Binəli Yıldırıma və Türkiyə Böyük Millət Məclisinə dərin təşəkkürünü bildirdi.  Qeyd etdi ki, həmin sikkələr Milli Məclisin deputatlarına təqdim olunub.
İclasda cari məsələlərlə bağlı çıxış edən deputatlar da bu məsələyə toxundular və qardaş ölkənin Böyük Millət Məclisinə minnətdarlıqlarını bildirdilər.
Gündəlikdəki məsələlərin müzakirəsinə başlandı. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ni parlamentə təqdim edən ədliyyə nazirinin müavini Vilayət Zahirov respublikanın və bir sıra qurumların 100 illik yubileyləri ilə əlamətdar olan 2018-ci ildə görülmüş işlərdən söz açdı. Qanunçuluğun möhkəmləndirilməsi, idarəetmə sisteminin optimallaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən danışdı.  Qeyd etdi ki, hesabat dövründə dövlət idarəçiliyində öz yeri olan bələdiyyələrin inkişafı da daim diqqətdə saxlanılıb və  yerli özünüidarənin təkmilləşdirilməsi üçün bir sıra qanunlara dəyişiklik edilib, yeni normativ hüquqi aktlar qəbul olunub. Bələdiyyələrin statusuna və su təsərrüfatına, yerli vergilər və ödənişlərə, torpaq islahatına dair qanunlara, Torpaq Məcəlləsinə edilən dəyişikliklər bələdiyyələrin fəaliyyətinin təkmilləşməsində mühüm rol oynayıb. Bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsini tənzimləmək məqsədilə 2018-ci ildə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişiklik edilib.
Nazir müavini deputatların diqqətinə çatdırdı ki, 2016-cı il 6 dekabr tarixli Prezident Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planında nəzərdə tutulan “Bələdiyyələrin kəndin sosial-iqtisadi inkişafı ilə bağlı öhdəliklərinin artırılması”na dair tədbirin əsas icraçısı olan Ədliyyə Nazirliyi müəyyən işlər görüb. Kəndin inkişaf modelinin yaradılması məqsədilə 7 pilot bələdiyyə seçilib. Əlaqədar qurumların təklifləri öyrənilib, alınmış qərarların icrasını təmin etmək üçün işçi qrupu yaradılıb, 2019-cu il üzrə iş planı təsdiqlənib.
Bildirildi ki, il ərzində nazirliyin  təşkilatçılığı ilə həyata keçirilən tədbirlər bələdiyyələrin inkişafına əlverişli şərait yaradıb. Bələdiyyələr yerli sosial-iqtisadi problemlərin həllində fəal iştirak edib, təmir-abadlıq işləri görüb, qanunla onlara verilən maliyyə potensialını artırmağa çalışıblar.
 Deputatlara məlumat verildi ki, ötən il Ədliyyə Nazirliyinə daxil olan 72 min 535 bələdiyyə aktının (o cümlədən Naxçıvan MR-in Ədliyyə Nazirliyinə 2077 akt) hər biri hüquqi ekspertizadan keçirilib, qanunvericiliyə uyğunluğu yoxlanılıb. Normativ hüquqi aktlara uyğun olmayan 2403  aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün aidiyyəti bələdiyyələrə müraciət olunub. 979 akt ləğv edilib, 1031 akt dəyişdirilib.
Plenar iclasda Vilayət Zahirov bələdiyyələrin fəaliyyətində rast gəlinmiş nöqsanlardan da söz açdı. Bildirdi ki, il ərzində qanunsuz olaraq 256 ha torpaq sahəsinin mülkiyyətə, 5657 ha torpaq sahəsinin icarəyə, 8 ha torpaq sahəsinin istifadəyə verilməsi haqqında qərarlar Ədliyyə Nazirliyinin təklifləri əsasında bələdiyyələr və müvafiq məhkəmələr tərəfindən ləğv edilib. Bütövlükdə 5921 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb ki, bu da əvvəlki illə müqayisədə 2,2 dəfə çoxdur. Bələdiyyələrin 143 nəfər vəzifəli şəxsi barədə inzibati xəta haqqında protokol tərtib edilib, onlardan 133 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub.
Hesabat dövründə Ədliyyə Akademiyasında 695 dinləyicini əhatə edən 20 tədris kursu keçirilib. Nazirlik 210 seminar və təlim keçirib. Həmin tədbirlərə 8 min 133 bələdiyyə üzvü və qulluqçusu cəlb olunub. Ümumiyyətlə il ərzində ölkə üzrə 249 maarifçilik tədbiri həyata keçirilib, 9 min 825 bələdiyyə üzvü və qulluqçusu həmin tədbirlərdə iştirak edib. Bələdiyyələr üçün 15 metodik vəsait və tövsiyələr hazırlanaraq yerlərə göndərilib. Milli Məclisin Regional məsələlər komitəsinin və Azərbaycan bələdiyyələrinin Milli Assosiasiyalarının təşkil etdiyi “Yerli demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri” mövzusunda konfrans çox faydalı olub. Bələdiyyə təmsilçiləri parlamentin sessiyalarında və komitə iclaslarında iştirak ediblər, deputatların qaldırdığı məsələlər nəzərə alınıb.
İllik məruzə dinlənildikdən sonra müzakirələr başlandı. Öncə Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə çıxış edərək hesabatla bağlı müsbət fikirlərini bildirdi. Sonra deputatlar Əli Məsimli, Siyavuş Novruzov, Qüdrət Həsənquliyev, Kamran Bayramov, Çingiz Qənizadə, Qənirə Paşayeva, Fazil Mustafa məruzəyə dair rəylərini və təkliflərini diqqətə çatdırdılar. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2018-ci ildə xeyli iş gördüyü qeyd olundu. Səsvermə zamanı qurumun illik məruzəsi nəzərə alındı.
 Sonra iclasda Xəzər dənizində əməkdaşlıqla bağlı 7 qanun layihəsinə baxıldı. Öncə Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” Sazişə dair üç qanun layihəsini parlamentə təqdim etdi. Həmin Sazişə Azərbaycan, Qazaxıstan, İran, Rusiya və Türkmənistan hökumətlərinin imzaladığı protokolların – “Xəzər dənizində mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıq üzrə” Protokolun,  “Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə” Protokolun və “Sərhəd orqanları arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üzrə” Protokolun təsdiq edilməsinin ölkəmizin milli maraqlarına cavab verdiyini vurğuladı. Deputatlar hər üç qanunu dəstəklədilər, protokollar təsdiq olundu.
   “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın təsdiqinə dair məsələni Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov təqdim etdi. Sənəd yekdilliklə qəbul edildi.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında” və “Xəzəryanı dövlətlərin hökumətləri arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında” Sazişlərin təsdiqi barədə məsələləri şərh etdi. Milli Məclis hər iki sazişi ratifikasiya etdi.
Plenar iclasda “Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında” Sazişin təsdiq edilməsi məsələsindən bəhs edən I vitse-spiker qeyd etdi ki, bu sənəd Xəzər dənizində üzən hərbi gəmilərin və hava gəmilərinin də təhlükəsizliyinin beynəlxalq qaydalara müvafiq təmin olunmasını nəzərdə tutur. Deputatlar Sazişi təsdiqlədilər.
“Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Birgə Bəyanatının təsdiq edilməsi”  barədə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun məlumatı dinlənildi. Milli Məclis mühüm əhəmiyyətə malik Birgə Bəyanatı təsdiqlədi.  
Sonra deputatlara Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə imzalanmış sənədlər təqdim olundu. Səsvermə yolu ilə  5 Saziş – Azərbaycan və Türkmənistan ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımalar iştirakçıları üçün viza rejiminin sadələşdirilməsi, nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılması, sərmayələrin təşviqi və qarşılıqlı qorunması, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması, həmçinin “Azərbaycan Respublikası və Türkmənistan arasında keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında” Saziş ratifikasiya edildi.
İclasda komitə sədri Ziyad Səmədzadə MDB Hökumət Başçıları Şurasının  1 iyun 2018-ci il tarixdə Düşənbə şəhərində imzaladıqları “Gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında 1994-cü il 15 aprel tarixli Sazişdə dəyişiklik edilməsi barədə” Protokol haqqında məlumat verdi. Bildirdi ki, Azərbaycan həmin sənədə xüsusi qeyd-şərtlə qoşulur: “Sazişin 5-ci maddəsinin 4-cü bəndi istisna olmaqla bu Sazişdə şərh olunan hüquq, öhdəlik və müddəaların heç biri, Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş bütün əraziləri azad olunana və aqressiyanın nəticələri tam aradan qaldırılanadək Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcəkdir.”
Parlament bu sənədin qəbul edilməsini məqsədəuyğun saydı.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli  “Cinayət işləri üzrə maddi sübutlar olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, odlu silahın, onun əsas hissələrinin, hərbi sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların verilməsi qaydası haqqında” Protokolun təsdiqinə dair məsələni şərh etdi. Bildirdi ki, həmişə olduğu kimi, Azərbaycan bu sənədə də Dağlıq Qarabağın işğalı ilə bağlı qeyd-şərtini əlavə etmişdir. Sənəd səsə qoyuldu və qəbul edildi.
Milli Məclis “Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsinə razılıq verdi. Dəyişiklik bu nizamnaməni “Hərbi vəzifə və hərbi xidmət haqqında” 2011-ci il 23 dekabr tarixli qanuna uyğunlaşdırmaq xarakteri daşıyır.
İclasda “Valyuta tənzimi haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunlara təklif olunan dəyişikliklər məqbul sayıldı.
Deputatlar qanunvericiliyin uyğunlaşdırılması baxımından  “İcra haqqında” qanuna edilən dəyişikliyə də razılıq verdilər.
Bildirildi ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunlarda, Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrində edilən dəyişikliklər ölkə ərazisində könüllü və məcburi daktiloskopik qeydiyyat keçirilməsi ilə əlaqədardır, qanunvericiliyin uyğunlaşdırılması xarakteri daşıyır. Deputatlar bu qanunu birinci oxunuşda qəbul etdilər.
Milli Məclisə məlumat verildi ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna təklif olunan dəyişikliklər vəkillik fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlıdır. Qanun layihəsi birinci oxunuşda qəbul olundu.
İclasda “Gənclər siyasəti haqqında” qanunda edilən dəyişiklikləri ətraflı şərh edən Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev qeyd etdi ki, dəyişikliklər qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlıdır. Müzakirə zamanı deputatlar Elmira Axundova, Qüdrət Həsənquliyev, Tahir Rzayev, Qənirə Paşayeva, Cavid Osmanov layihə barədə fikirlərini bildirdilər. Konseptual baxımdan məqbul sayılan qanun layihəsi birinci oxunuşda qəbul edildi.
Sonra plenar iclasda ikinci oxunuşda müzakirəyə çıxarılmış 8 qanun layihəsinə baxıldı.
Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirdi ki, “Kitabxana işi haqqında” qanunda dəyişiklik edilməsi kitabxanaların elektron sistemə keçirilməsi məqsədi daşıyır.
Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qeyd etdi ki, Əmək Məcəlləsində edilən dəyişiklik sosial müdafiə, sosial təminat, əmək və məşğulluq sahələrində vətəndaşlara xidmətlərin elektron qaydada göstərilməsini təmin etmək məqsədi daşıyır. Bununla əlaqədar Cəzaların İcrası Məcəlləsinə də dəyişiklik olunur. Layihəyə görə,  azadlıqdan müəyyən müddətə və ya ömürlük məhrum etmə cəzası çəkən şəxslərə də əmək pensiyaları və sosial müavinətlər elektron qaydada təyin ediləcəkdir.
Komitə sədri Ziyad Səmədzadə nəzərə çatdırdı ki, dövlət rüsumu, əmtəə nişanları və coğrafi göstəricilər, patent haqqında qanunlarda dəyişiklik edilməsi zərurəti “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında”  30 iyul 2018-ci il tarixli Prezident Fərmanından irəli gəlib. Hər üç layihə həmin Fərmana uyğun hazırlanıb.
İclasda Dövlət Gerbinin və Dövlət Himninin istifadəsi qaydaları haqqında qanun layihələrinə, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanuna təklif olunan dəyişikliklərə də baxıldı.
Plenar iclasda ikinci oxunuşda müzakirəyə çıxarılmış qanun layihələrinin hər biri ikinci oxunuşun tələblərinə uyğun ayrı-ayrı müzakirə olundu. Əflatun Amaşovun, Sahib Alıyevin, Gövhər Baxşəliyevanın fikirləri dinlənildi. Yekunda qanun layihələri səsə qoyuldu və ikinci oxunuşda qəbul edildi.
Beləliklə, 32 məsələyə baxan Milli Məclis bugünkü iclasını başa çatdırdı.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU