İQTİSASİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ

Komitə iclasları
15 fevral 2019 | 03:02   
Paylaşın:        

Fevralın 15-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. Komitə sədri Ziyad Səmədzadə bildirdi ki, bu gün ölkədə bütün sahələrdə dinamik inkişafı nümayiş etdirən hadisələr müşahidə olunur, transmilli layihələr həyata keçirilir. Prezidentin uğurlu inkişaf strategiyası dövlətimizin iqtisadi yüksəlişinin daha da artması üçün geniş imkanlar yaradıb. Bu günlərdə mühüm tarixi qərarlar verilib, o cümlədən minimum əmək haqqının 38% artmasını təmin edən sənəd imzalanıb. Bütün bunlar əhalinin yaşayış səviyyəsinin və rifahının xeyli yaxşılaşmasına yönəlib.
Sonra Ziyad Səmədzadə qeyd etdi ki, gündəliyə bir sıra qanunlarda dəyişikliklərlə bağlı 10 məsələ daxil edilib.
Diqqətə çatdırıldı ki, “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliklər (3-cü oxunuş) Əqli Mülkiyyət Agentliyi tərəfindən göstərilən “Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulan xidmətlərin və dövlət rüsumlarının məbləğinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Belə ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və “Patent haqqında” qanunlara təklif olunan dəyişikliklərə əsasən, bir sıra yeni hüquqi hərəkətlərə görə dövlət rüsumları müəyyən olunub. Bununla bağlı qanunun yeni redaksiyada verilmiş 18.11-ci maddəsində deyilir ki, ixtira üçün 20 manat, faydalı model üçün 15 manat, sənaye nümunəsi üçün 15 manat, patentə məxsus təsvirin düsturla birlikdə 30-dan artıq hər səhifəsi üçün 1 manat, digər fəaliyyət növləri üzrə müxtəlif məbləğdə dövlət rüsumunun dərəcələri təyin edilir. 
“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanunda edilən dəyişikliklər (3-cü oxunuş) “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Prezidentin 2018-ci il 30 iyul tarixli 222 nömrəli fərmanına uyğun olaraq hazırlanıb və əmtəə nişanları və coğrafi göstəricilər sahəsində bir sıra xidmətlərə görə nəzərdə tutulmuş “haqq”ın “dövlət rüsumu” ilə əvəz olunmasını nəzərdə tutur. Qanun layihəsi, həmçinin, “haqq” ödənilən xidmətlərin dairəsini dəqiqləşdirir. Belə ki, qanuna görə, haqqın ödənilməsi tələb olunan xidmətlərin siyahısı və həmin xidmətlərə görə haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.
Yuxarıda adı çəkilən fərmana əsasən, eyni zamanda, “Patent haqqında” qanunda (3-cü oxunuş) ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı və patent verilməsi sahəsində bir sıra xidmətlərə görə nəzərdə tutulmuş “haqq”ın “dövlət rüsumu” ilə əvəz olunmasını nəzərdə tutan müvafiq  dəyişikliklər təklif olunur.
Komitə sədri qeyd etdi ki, ölkədə Reklam Agentliyi yaradılıb və qarşısına ciddi vəzifələr qoyulub. Bugünkü reallıq tələb edir ki, “Reklam haqqında” qanuna dəyişikliklər olunsun.
İclasda iştirak edən Dövlət Reklam Agentliyinin direktor müavini Orxan Əliyev “Reklam haqqında” qanuna dəyişikliklərin (2-ci oxunuş) mahiyyəti barədə məlumat verdi. Bildirildi ki, yeni redaksiyada verilən 26.1-ci maddəyə əsasən, reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında, dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin, vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının tunellərində, dayanacaqlarında, yeraltı keçidlərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Qanuna əlavə edilən 26.1-1-ci maddədə isə deyilir ki, Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş müvafiq reklam qurğularının tikintisinə və istismarına icazə tələb olunur. Bu Məcəllədə tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sənəddə, həmçinin, açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısının Dövlət Reklam Agentliyindən aldığı icazənin maksimal müddətinin 1 ildən 3 ilədək artırılıması və eyni zamanda icazə müqaviləsinin ləğvi, obyektlərin adını göstərən reklam hesab olunmayan lövhələrin ölçüsünün 2 kv.m-dən 1 kv.m-dək azaldılması, bir sıra dəqiqləşdirmə xarakterli dəyişikliklər nəzərdə tutulur.
Sonra “Əmanətlərin tam sığortalanması haqqında” qanunda edilən dəyişikliyi Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəsi Əfqan Baxışov təqdim etdi. Bildirildi ki, qanun 2016-cı ildə qəbul olunub və sənəddə göstərilir ki, əmanətlər 3 il müddətinə tam sığortalanır. Həmin müddət 2019-cu ildə bitdiyinə görə, onun daha bir il uzadılması təklif olunur. Bu düzəliş bank sektorunun dəstəklənməsinə, əhalinin banklara depozit qoymasının stimullaşdırılmasına xidmət edəcək. 
İclasda daha sonra Mülki Prosessual Məcəllədə (1-ci oxunuş), İnzibati Xətalar Məcəlləsində (1-ci oxunuş), “Telekommunikasiya haqqında” (1-ci oxunuş), “İpoteka haqqında” (1-ci oxunuş),  “Sığorta fəaliyyəti haqqında” (1-ci oxunuş), “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “Reklam haqqında” qanunlarda nəzərdə tutulan dəyişikliklərə baxıldı.
Deputatlar İlham Əliyev, Vahid Əhmədov,  Şəmsəddin Hacıyev, Tahir Mirkişili gündəlikdəki məsələlər barədə fikirlərini söylədilər, dəyişikliklərin əhəmiyyətini qeyd etdilər, bir sıra təkliflər verdilər.
Müzakirələrin yekununda qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edildi.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU