MİLLİ MƏCLİSDƏ “KÖNÜLLÜLƏR PARLAMENTİ – AZƏRBAYCAN, 2019” LAYİHƏSİNİN AÇILIŞ MƏRASİMİ OLDU

Tədbirlər
19 fevral 2019 | 09:02   
Paylaşın:        

Fevralın 18-də parlamentdə Azərbaycan Respublikası Milli Məclisi və “ASAN Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı ilə “Könüllülər Parlamenti - Azərbaycan, 2019” layihəsinin açılış mərasimi keçirildi. Mərasimdən əvvəl tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzdülər.
Toplantı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu. Sonra “ASAN Könüllülər” Təşkilatının sədri Səbinə Cabbarova təmsil etdiyi qurum və layihə haqqında ətraflı məlumat verdi. Bildirildi ki, “ASAN Könüllülər” təşkilatı 5 ildir ki, fəaliyyət göstərir. Bu müddət ərzində vətənpərvərlik, təhsil, ekologiya, mədəniyyət, dövlətçilik, fərdi inkişaf və digər sahələr üzrə yerli və beynəlxalq layihələr həyata keçirilib. Bunlardan  biri də “Könüllülər Parlamenti - Azərbaycan, 2019” layihəsidir. Layihə artıq 3-cü dəfədir həyata keçirilir. Burada əsas məqsəd  ölkə gənclərinin siyasi, sosial, ekoloji və hüquqi biliklərinin hərtərəfli inkişaf etdirilməsi üçün onlara dəstək vermək, vətəndaş mövqeyini ifadə etməyi stimullaşdırmaqdır.
Gələcək planlar barədə söhbət açan təşkilatın sədri qeyd etdi ki, “ASAN Könüllülər” tərəfindən bu yaxınlarda TÜKRSOY-un türkdilli dövlətlərdən olan gənclərin I beynəlxalq simulyasiyası həyata keçiriləcək.
Parlament Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov öz çıxışında Milli Məclis rəhbərliyi adından tədbir iştirakçılarını salamladı və işlərində uğurlar dilədi. O, bildirdi ki, dövlət başçısının fərmanı ilə 2012-ci ildə yaradılmış ASAN xidmətin fəaliyyəti artıq beynəlxalq səviyyədə geniş tanınır. Quruma Birləşmiş Millətlər Təşkilatı səviyyəsində diqqət göstərilir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan hüquqi islahatlar bu yeni strukturun yaradılmasını təmin etmişdir. Qısa müddət ərzində qurum tərəfindən milyonlarla insanlara müxtəlif xidmətlər göstərilib. Azərbaycan vətəndaşları ilə yanaşı,  əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də bu xidmətlərdən yararlanıb.
 Qeyd edildi ki, ölkədə qanunvericilik hakimiyyətini həyata keçirən Milli Məclis qanun yaradıcılığı, Konstitusiya ilə müəyyən edilmiş digər önəmli fəaliyyətləri həyata keçirir. “Könüllülər Parlamenti - Azərbaycan, 2019” layihəsi Milli Məclisin nümunəsi əsasında təşkil olunub və iştirakçılara bu təcrübədən yararlanaraq müxtəlif mövzular ətrafında müzakirələr aparmaq, siyasi təhlil bacarıqlarını göstərmək imkanı yaradır. 
Prezident Administrasiyasının nümayəndəsi Orxan Dəmirli bildirdi ki, yarandığı müddət ərzində ASAN xidmətin fəaliyyəti çox uğurlu olub. Qeyd edildi ki, “ASAN Könüllüləri” Təşkilatı hazırda 17 mindən çox könüllünü özündə birləşdirir. Bu hərəkat yüzlərlə layihə həyata keçirib. “ASAN məktub”, “Əsgərə məktub” layihələri hər bir şəxsin iştirakını təmin edib. Növbəti uğurlu layihə olan “Könüllülər Parlamenti” layihəsi isə fəal gənclərə qanun yaradıcılığı prosesində yaxından iştirak etməyə imkan verir.  Layihədə iştirak etmək üçün 1300-ə yaxın gənc müraciət edib. Onlardan  50 nəfəri uğur əldə edərək iştirakçı statusu qazanıb. 4 gün davam edəcək  tədbir çərçivəsində gənclər qanunvericilik proseslərini öyrənəcək, qanun layihələrini müzakirə edəcək, Milli Məclis deputatları ilə görüşlər keçirəcəklər.
Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev dedi ki, yarandığı gündən “ASAN xidmət” vətəndaş-dövlət münasibətlərini yeni formatda təqdim edib. “ASAN Könüllüləri” Təşkilatı gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynayır.
Gənclər Fondunun Gənclər Təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov bildirdi ki, “ASAN Könüllülləri” Təşkilatı ölkədə fəaliyyət göstərən ən fəal gənclər hərəkatlarından biridir. “ASAN Könüllülləri” bir çox təşəbbüslər həyata keçirir və Gənclər Fondu bu təşəbbüsləri daim dəstəkləyir. Milli Məclisdə keçirilən bu layihə iştirakçılara yeni biliklərə, bacarıqlara yiyələnməyə yardım edəcək. Belə tədbirlər gənclərin savadlı, geniş dünyagörüşünə malik yetişməsini, müasir çağırışlara hazır olmasını təmin edir.
Açılış mərasimindən sonra “Könüllülər Parlamenti - Azərbaycan, 2019” layihəsinin iştirakçıları komitə iclaslarında işlərini davam etdirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU