MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
20 fevral 2019 | 10:02   
Paylaşın:        
Fevralın 19-da Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, gündəliyə 27 məsələ daxil edilmişdir.
Deputatlar əvvəlcə Milli Məclisin Gənclər və idman komitəsinin tərkibində dəyişikliklər edilməsi haqqında məsələyə müsbət münasibət bildirdilər.  
Sonra “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (üçüncü oxunuş) məlumat verən  Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirdi ki, “Kitabxana işi haqqında” qanunda dəyişiklik edilməsi kitabxanaların elektron sistemə keçirilməsi məqsədi daşıyır.
Dəyişiklik səsə qoyularaq üçüncü oxunuşda təsdiq edildi. 
Daha sonra Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qeyd etdi ki, Əmək Məcəlləsində edilən dəyişiklik sosial müdafiə, sosial təminat, əmək və məşğulluq sahələrində vətəndaşlara xidmətlərin elektron qaydada göstərilməsini təmin etmək məqsədi daşıyır. Bununla əlaqədar Cəzaların İcrası Məcəlləsinə də dəyişiklik olunur. Layihəyə görə,  azadlıqdan müəyyən müddətə və ya ömürlük məhrum etmə cəzası çəkən şəxslərə də əmək pensiyaları və sosial müavinətlər elektron qaydada təyin ediləcəkdir.
Təklif olunan dəyişiklik də səsə qoyularaq üçüncü oxunuşda qəbul olundu.  
Sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Dövlət rüsumu haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və “Patent haqqında” qanunlara təklif olunan dəyişikliyin üçüncü oxunuşu barədə məlumat verdi.  Bildirdi ki, hər üç qanuna təklif olunan dəyişiklik Əqli Mülkiyyət Agentliyinin yaradılması ilə əlaqədardır. İkinci oxunuşdan sonra layihədə heç bir dəyişiklik yoxdur. Dəyişikliklər səsə qoyularaq üçüncü oxunuşda qəbul edildi.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin məlumatından sonra millət vəkilləri “Azərbaycan Respublikasının Dövlət gerbinin istifadəsi qaydaları haqqında” və “Azərbaycan Respublikasının Dövlət himninin istifadəsi qaydaları haqqında” qanun layihələrini və “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Qanuna dəyişiklik edilməsi barədə məsələni də üçüncü oxunuşda təsdiqlədilər.  
Məlumat verildi ki, “Əmanətlərin tam sığortalanması haqqında” Qanuna dəyişiklik adıçəkilən qanunun qüvvəsinin (əmanətlərin tam sığortalanmasının) daha bir il müddətinə uzadılmasını nəzərdə tutur. Onun qüvvədə olma müddəti 2019-cu il martın 4-də bitirdi. Bu addım bank sektorunun dəstəklənməsinə xidmət edir. 
Dəyişiklik səsə qoyularaq qəbul edildi.
“Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilməsi barədə məlumat verən Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirdi ki, bu dəyişiklik Azərbaycan Respublikası Prezidentinin minimum əmək haqqının artırılması barədə Sərəncamına uyğunlaşdırmaq məqsədi daşıyır.  
Belə ki, qanunun 6.1-ci maddəsinə dəyişiklik edilərək 2019-cu il martın 1-dən minimum pensiya məbləği 160 manat hesablanır. Bildiyiniz kimi, bundan əvvəl minimum pensiya məbləği 116 manat idi. Bu dəyişikliklə 233 min nəfərin pensiyasında əhəmiyyətli artım olacaq. 9 min nəfərin pensiyası iki dəfə, 26 min nəfərin pensiyası 30 faiz artacaq. Beləliklə, böyük bir qrup pensiyaçının pensiyası orta hesabla 38,5 faiz artacaq.
Sonra dəyişiklik səsə qoyularaq qəbul edildi.
İclasda komitə sədrləri Əli Hüseynli, Eldar İbrahimov və Rafael Hüseynovun məlumatları dinlənildikdən sonra Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, “Üzümçülük və şərabçılıq haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “Reklam haqqında” qanunlara dəyişiklik edilməsi barədə məsələlər də səsə qoyularaq təsdiq edildi. 
“Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunlarda, Azərbaycan Respublikasının Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuşu barədə Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin sədri Ziyafət Əsgərov məlumat verdi. Bildirdi ki, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Qanuna uyğun olaraq ölkə ərazisində könüllü və məcburi daktiloskopik qeydiyyat keçirilməsi nəzərdə tutulur. Bu dəyişiklik də həmin qanuna uyğunlaşdırma xarakteri daşıyır.
Təklif olunan dəyişikliklər səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.  
Məlumat verildi ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”  Qanuna təklif olunan dəyişiklik (ikinci oxunuş) vəkillik fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlıdır.  Dəyişiklik səsə qoyularaq ikinci oxunuşda  təsdiqləndi.
İnzibati Xətalar Məcəlləsinə (ikinci oxunuş) və “Reklam haqqında” Qanuna dəyişiklik (ikinci oxunuş) isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə edilmiş dəyişikliklə əlaqədardır. Bu dəyişikliklə reklam yerləşdirilməsi üçün prosedur qaydaları sadələşdirilir və icazə müqaviləsinin ləğvi təklif edilir.  
Hər iki qanuna dəyişiklik ikinci oxunuşda qəbul edildi.
Sonra “Gənclər siyasəti haqqında” Qanuna dəyişiklik edilməsi barədə (ikinci oxunuş) Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev məlumat verdi. Bildirdi ki, bu dəyişiklik Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramlarının həyata keçirilməsi üzrə Tədbirlər Planları ilə əlaqədardır.
Deputatların fikirləri dinlənildikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edildi.   
Deputatlar “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsinə birinci oxunuşda razılıq verdilər.  
Sonra məlumat verildi ki, İnzibati Xətalar Məcəlləsinə (birinci oxunuş), Mülki Prosessual Məcəlləyə və “İpoteka haqqında” Qanuna dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri Milli Məclisə eyni zərfdə daxil olub. Dəyişikliklər “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunun icrası ilə əlaqədardır. Beləliklə, qanun layihələri birinci oxunuşda qəbul edildi.   
Millət vəkilləri “Sığorta fəaliyyəti haqqında” Qanuna da birinci oxunuşda dəqiqləşdirmə xarakterli  dəyişiklik etdilər.
İclasda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və “Telekommunikasiya haqqında” Qanuna birinci oxunuşda dəyişiklik edildi. Bildirildi ki, hər üç qanuna bu dəyişiklik qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil edilməsinin qarşısının alınması məqsədi ilə olunur.
İclasın sonunda “Ümumi təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olundu. Layihənin ikinci oxunuşu barədə məlumat verən Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirdi ki, layihə birinci oxunuşda Milli Məclisdə geniş müzakirə edilib. 5 fəsil, 33 maddədən ibarət qanun layihəsi Azərbaycanda ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
İclasda ayrı-ayrı məsələlərin müzakirəsi zamanı çıxış edən Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, deputatlardan Fazil Mustafa, Azər Badamov, Sədaqət Vəliyeva, Siyavuş Novruzov, Fəzail Ağamalı, Aydın Mirzəzadə, Tahir Mirkişili, Səttar Möhbalıyev, Çingiz Qənizadə, Sahib Alıyev, Əflatun Amaşov, Aytən Mustafazadə, İlham Məmmədov, Eldar Quliyev, Bəxtiyar Əliyev, Gövhər Baxşəliyeva, Qüdrət Həsənquliyev, Musa Qasımlı müxtəlif məsələlərlə bağlı fikirlərini bildirdilər, qeyd və təkliflərini səsləndirdilər.
Müzakirələrin sonunda “Ümumi təhsil haqqında” qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olundu.
Bununla  da Milli Məclisin iclası başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU