“KÖNÜLLÜLƏR PARLAMENTİ”NİN TƏDBİRLƏRİ BAŞA ÇATDI
Fevralın 21-də Milli Məclisdə “Könüllülər Parlamenti”nin plenar iclası keçirildi. Parlamentin sədri Kamran Əliyev iclası açaraq bildirdi ki, Milli Məclisin və “ASAN Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı ilə 4 gün davam edən layihə çərçivəsində “Konüllülər Parlamenti”nin komitə iclasları keçirilib. Bu iclaslarda müxtəlif yönümlü məsələləri əhatə edən bir sıra qanun layihələri hazırlanıb, onların müzakirəsi aparılıb, təkliflər irəli sürülüb.
Plenar iclasda gündəliyə daxil edilmiş qanun layihələrini komitə sədrləri Nicat Şükürlü, Könül Xələfzadə, Namiq Ağayev, Elvin Əhmədzadə, Vüsal İsgəndərov, Könül Sərkərnamazova, Müşfiq Bağırzadə təqdim etdilər.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən “Nağdsız hesablaşmalar haqqında” qanuna bir sıra dəyişikliklər təklif edildi. Müzakirələr zamanı dəyişikliklərə müsbət münasibət bildirildi və qanun layihəsi qəbul olundu.
Gənclər və idman komitəsinin hazırladığı “Xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi haqqında” qanun layihəsi ətrafında geniş fikir mübadiləsi aparıldı və qanun qəbul edildi.
Aqrar siyasət komitəsində “Aqrar islahatın əsasları haqqında” qanuna edilən dəyişikliklər də məqbul sayıldı və qəbul edildi.
Mədəniyyət komitəsinin hazırladığı “Muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanunda da bir sıra aktual məsələlər öz əksini tapmışdır. Könüllü deputatlar sənədi təsdiq etdilər.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin hazırladığı “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” qanuna dəyişikliklərin edilməsi barədə, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təqdim etdiyi “Təbii ehtiyatlar və enerji resurslarından istifadəsi haqqında”, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində hazırlanan “Kiber təhlükəsizlik haqqında” qanun layihələrinin isə daha da təkmilləşdirilməsi tövsiyə olundu.
“Könüllülər Parlamenti”nin sədri iclasa yekun vuraraq gənclərin təşəbbüsü ilə həyata keçirilən bu layihənin əhəmiyyəti barədə danışdı, tədbirin müvəffəqiyyətlə başa çatması münasibəti ilə iştirakçıları təbrik etdi.
* * *
Həmin gün Milli Məclis və “ASAN könüllülləri” Təşkilatının birgə əməkdaşlığı ilə “Könüllülər Parlamenti-Azərbaycan, 2019” layihəsinin bağlanış mərasimi keçirildi. Toplantının əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirin moderatoru – “ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabbarova bildirdi ki, könüllülər hərəkatı ölkəmizdə 17 mindən çox gənci birləşdirir. Təşkilat 500-dən artıq layihə həyata keçirib və 50 minədək gənci əhatə edib. Bu layihə də təşkilat üçün mühüm əhəmiyyətə malikdir.
Çıxış edən Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirdi ki, Milli Məclisdə bu layihənin həyata keçirilməsi birgə səylərin nəticəsidir. Milli Məclisin Sədri Oqtay Əsədovun göstərişinə əsasən tədbir ən yüksək səviyyədə təşkil olundu və keçirildi. Gənclər Milli Məclisdə olduqları müddətdə komitə sədrləri və komitə sədrlərinin müavinləri ilə bir sıra görüşlər keçirdilər, maraqlı müzakirələr apardılar. Gənclər bizim gələcəyimizdir. İnanırıq ki, gənclərimizin Vətənə xidmət istəyi bundan sonra daha da güclənəcəkdir. Azərbaycanın belə gəncliyi varsa, ölkəmiz daim irəli gedəcək, daha böyük zirvələri fəth edəcəkdir.
Sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev layihənin əhəmiyyətini yüksək qiymətləndirdi və onun yüksək səviyyədə keçirilməsinə görə Milli Məclisin rəhbərliyinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, bu layihə gənclərimizə müəyyən təcrübə əldə etmək üçün böyük dəstəkdir. Bu onlara millət vəkili olmağın məsuliyyətini dərk edərək həyatda öz yollarını seçməyə kömək edəcəkdir.
Daha sonra çıxış edən Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev diqqətə çatdırdı ki, layihə çərçivəsində gənclər qanunvericilik prosesi ilə yaxından tanış oldular. Belə layihələr gənclərin liderlik qabiliyyətinin önə çəkilməsinə və onların şəxsiyyət kimi formalaşmasına dəyərli töhfədir. Ülvi Quliyev gənclərimizi sosial şəbəkələrdə fəal olmağa, Dağlıq Qarabağ və Xocalı həqiqətlərini dünyaya çatdırmağa səslədi.
Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov ölkəmizdə həyata keçirilən gənclər siyasəti, gənclərin ölkə həyatında iştirakçılığının artırılması, könüllülük fəaliyyətinin əhəmiyyəti barədə fikirlərini bildirdilər.
Sonra aktiv gənclər və Milli Məclis Aparatının bu layihənin həyata keçirilməsində iştirak etmiş əməkdaşları təltif edildilər.
Tədbirin sonunda xatirə şəkilləri çəkildi.
Milli Məclisin
Mətbuat xidməti