İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ

Komitə iclasları
27 fevral 2019 | 05:02   
Paylaşın:        

Fevralın 27-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. Komitə sədri Ziyad Səmədzadə iclası açaraq bildirdi ki, son vaxtlar Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatında böyük keyfiyyət dəyişiklikləri baş verir. Ölkə iqtisadiyyatında mühüm məsələlərin tənzimlənməsi istiqamətində zəruri işlər görülür. Dövlət başçısı xalqın problemlərindən xəbərdardır, onların həlli üçün önəmli addımlar atır, hər zaman xalqın yanındadır. Bütün bunlar cəmiyyətdə müsbət qarşılanır, dövlət-xalq münasibətlərini daha da möhkəmləndirir.
Komitə sədri diqqətə çatdırdı ki, birinci oxunuşda müzakirəyə çıxarılan “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” qanun layihəsi ölkə Prezidenti tərəfindən  qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunub.
Qanun layihəsi barədə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov məlumat verdi. Bildirildi ki, ölkə başçısının 2016-cı ildə imzaladığı dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı fərmanından irəli gələn tapşırıqlara əsasən bu gün bu istiqamətdə müvafiq qurumlar lazımi addımlar atırlar. Təqdim olunan qanun layihəsi müəssisələrin borclarının silinməsi, onların səmərəli fəaliyyətinin bərpası üçün  önəmli rol oynayır. Bu sənəd özəlləşdirilməsi nəzərdə tutulan 137 müəssisəni əhatə edir.
Məruzədə qeyd edildi ki, qanun özəlləşdiriləcək dövlət müəssisələrinin sağlamlaşdırılması və onların borclarının tənzimlənməsi məqsədi daşıyır. Sənəddə deyilir ki, dövlət əmlakının (müəssisəsinin) satıcısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum ilə birlikdə özəlləşdirilməsi barədə qərar qəbul edilmiş dövlət əmlakının (müəssisəsinin) bu qanunun qüvvəyə minmə tarixinə olan əmlak və torpaq vergiləri üzrə borclarını dəqiqləşdirir. Özəlləşdirilən dövlət əmlakının (müəssisəsinin) qiymətləndirilməsi zamanı onun balans öhdəliklərində əks olunmuş debitor və kreditor borcları özəlləşdirmə planında ayrıca göstərilir.
Layihədə bu qanunun qüvvəyə minmə tarixindən sonrakı dövrdə özəlləşdirilməsi başa çatan dövlət əmlakının qanunun qüvvəyə minmə  tarixinədək olan əmlak və torpaq vergiləri üzrə borclarının silinməsi qaydaları əks olunub. Qaydalara görə, dövlət əmlakının özəlləşdirildiyi tarixdən etibarən bir il ərzində bu borcların 30 faizi ödənildikdə – ödənilməmiş borcların 70 faizi, iki il ərzində bu borcların 50 faizi ödənildikdə – ödənilməmiş borcların 50 faizi, üç il ərzində bu borcların 70 faizi ödənildikdə – ödənilməmiş borcların 30 faizi silinir. Qanunun 2019-cu il martın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
İclasda çıxış edən deputatlar Əli Məsimli, Şəmsəddin Hacıyev, Vahid Əhmədov, Elçin Quliyev, Ağalar Vəliyev, İqbal Məmmədov qanunun əhəmiyyəti və aktuallığı barədə danışdılar. Xalqın rifah halının yaxşılaşdırılması, sahibkarların üzləşdiyi çətinliklərin həlli, investorların cəlb edilməsi baxımından önəmli olduğunu söylədilər.
Müzakirələrin yekununda “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” qanun layihəsi birinci oxunuş üçün Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU