HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ

Komitə iclasları
27 fevral 2019 | 05:02   
Paylaşın:        

Fevralın 27-də Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası oldu. Komitənin sədri Əli Hüseynli bildirdi ki, gündəlikdə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” məsələyə baxılması nəzərdə tutulub. 
Qeyd olundu ki, Azərbaycan Prezidenti öz çıxışları, tikinti sahəsinə dair imzaladığı fərmanlar və sənədlərlə  şəhərsalma və tikinti sahəsində fundamental, keyfiyyətcə yeni islahatların başlanğıcını qoyub. Hazırda qanuna edilən dəyişikliklər Məcəllənin icrası ilə bağlı boşluqları doldurmağa və sənədin təkmilləşdirilməsinə xidmət edir. 
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Rəşad İsmayılov Məcəllədə edilən dəyişiklikləri şərh etdi, xüsusilə, tikintiyə icazə verilməsinin ümumi qaydalarını ehtiva edən 75-ci maddə barədə deputatlara ətraflı məlumat verdi. 
Müzakirə zamanı qanun layihəsini ciddi təhlil edən komitə üzvləri Fəzail Ağamalı, Qüdrət Həsənquliyev, Elşən Musayev, Tahir Kərimli, komitə sədrinin müavini Məlahət İbrahimqızı təkliflərini və narahatlıq doğuran məqamları dilə gətirdilər, seçicilərinin tikinti sahəsi ilə bağlı qayğılarını diqqətə çatdırdılar.
İclasda iştirak edən Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov yeni layihədə əksini tapan bir sıra məsələlərə aydınlıq gətirdi.
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri Anar Quliyev deputatları maraqlandıran suallara cavab verdi.
İclasda aparılan fikir mübadiləsini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli yekunlaşdırdı.
Qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU