AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Fevralın 27-də Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirildi. Komitənin sədri Eldar İbrahimov bildirdi ki, gündəliyə “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi daxil edilib. Komitə sədri diqqətə çatdırdı ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihəsinə əsasən Məcəllənin 56-cı maddəsinə 10-cu bəndin əlavə edilməsi təklif olunur.
Məsələ barədə məlumat verən Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Vilayət Əlizadə bildirdi ki, qanun layihəsi tikinti məqsədləri üçün torpaq sahəsinin ayrılması ilə bağlı müraciət etmiş şəxsə həmin torpaq sahəsində aparıla biləcək tikinti barədə əvvəlcədən xidmət haqqı ödəməklə rəy verilməsini nəzərdə tutur. Bu rəyin məqsədi torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin yerləşdiyi ərazinin şəhərsalma sənədlərinə uyğunluğunu müəyyən etməkdir. Nəticədə, torpaq sahəsini əldə edən şəxs orada hansı tikilini apara bilməsini proqnozlaşdıra biləcək, öz ehtiyaclarına uyğun torpaq sahəsini əldə etməsi imkanı yaranacaq, habelə gələcəkdə istədiyi tikilini həyata keçirmək problemi ilə qarşılaşması ehtimalı aradan qalxacaqdır.
Xidmət haqqının ödənilməsi halları, qaydası və məbləği qanun qüvvəyə mindikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcəkdir.
Müzakirələr zamanı Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev, deputatlar Novruzəli Aslanov, Aydın Hüseynov, Elçin Quliyev, Tahir Süleymanov və başqaları layihə ilə bağlı fikirlərini bildirdilər. İclasda iştirak edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Anar Quliyev məsələyə münasibət bildirdi.
Yekunda qanun layihəsi Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti