MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
05 mart 2019 | 07:03   
Paylaşın:        

Martın 5-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirildi. Gündəlik təsdiqləndikdən sonra Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2018-ci ilə dair illik məruzəsi dinlənildi. Ombudsman Elmira Süleymanova öncə qarşıdan gələn 8 Mart – Beynəlxalq qadınlar günü münasibətilə Azərbaycanın bütün qadınlarını, xanım deputatları təbrik etdi, xoş arzularını çatdırdı.
Tarixi əhəmiyyətli hadisələrlə zəngin olan 2018-ci ilə dair illik məruzədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi, cənab İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi, sosial problemlərin həllinə yönəlmiş fərman və sərəncamlar və s. vurğulandı.
Qeyd olundu ki, ölkədə həyata keçirilən bütün tədbirlər dövlətin ali məqsədi olan insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə təmin edilməsinə yönəldilib. Ötən il 118 min iş yeri açılıb, işsizlik səviyyəsi 5, yoxsulluq isə 4,9 faizədək azalıb. Ölkədə yaradılan “ASAN xidmət”, “ABAD”, “DOST”, “DAİM” və digər qurumlar insan hüquqlarının etibarlı müdafiəsinə mühüm töhfə verib.
Ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə ötən il 626 mənzilin verilməsi bu qəbildən olan insanların sosial rifahını yüksəldib. Silahlı Qüvvələrdə 20 il və daha çox qüsursuz xidmət etmiş 1279 hərbi qulluqçu mənzillə təmin olunub. 2018-ci ildə 5900 məcburi köçkün ailəsinə mənzil verilib, bu il daha 7 minədək ailə yeni mənzillərə köçürüləcək.
Deputatların diqqətinə çatdırıldı ki, 2018-ci ildə insan hüquqları üzrə müvəkkilin ünvanına  20 min 400 müraciət daxil olub, icraata qəbul edilən şikayətlərin 63,5 faizi təmin edilib. Müxtəlif sahələrə dair müraciətlər müvafiq nazirlik və qurumlarla əməkdaşlıq şəraitində həllini tapıb. Əhali arasında hüquq mədəniyyətinin yüksəldilməsinə, hüquqi biliklərin yayılmasına xidmət edən maarifləndirmə tədbirləri həyata keçirilib.
Ombudsman Elmira Süleymanova deputatların diqqətini xaricdən gətirilən tikinti materiallarının yararlığının yoxlanılması, tikinti zonaları ətrafında təhlükəsizliyin təmin olunması,  milli genefondun qorunması məqsədilə “ana südü mətbəxi”nin (bankının) bərpası, ölkədə “Aliment Fondu”nun təsisi, fiziki baxımdan məhdud imkanlı uşaqların reabilitasiya və bərpası, onların həmyaşıdları ilə birgə inklüziv təhsilə cəlb edilməsi, zorakılıq qurbanı olan qadınlar və uşaqlar üçün regional sığınacaqlar şəbəkəsinin yaradılması, hərbi qulluqçulara müvəqqəti mənzil kirayəsi üçün ödənilən pulun artırılması, bəzi ruhi-əsəb müəssisələri üçün yeni binaların tikilməsi, yararsız və ya qəzalı vəziyyətdə olan məktəb və uşaq bağçaları üçün yeni binaların inşası vacibliyinə də yönəltdi. İşçilər ixtisara düşərkən pensiya yaşına azı 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunması üçün Əmək Məcəlləsində müvafiq dəyişiklik edilməsini təklif etdi.
Məruzədə hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququna dair  müraciətlərdən də ətraflı bəhs olundu. Vətəndaşların haqlı narazılığını doğuran pozuntulara görə bir sıra hakimlərin səlahiyyətlərinə xitam verildiyi,  müxtəlif nöqsan və çatışmazlıqlara yol vermiş bəzi prokurorluq işçisi və DİN əməkdaşlarının intizam məsuliyyətinə cəlb edildiyi bildirildi.
Qeyd olundu ki, müvəkkil və onun Milli Preventiv Qrupu əvvəlcədən xəbərdarlıq etmədən ötən il cəzaçəkmə müəssisələrinə, dövlət uşaq müəssisələrinə və digər bu kimi yerlərə 343 başçəkmə həyata keçirib. 3114 saxlanılan şəxslə görüş keçirilib, müraciətlər yerində araşdırılıb və tədbirlər görülüb. 2018-ci ildə müvəkkilin təklifi ilə 72 məhkum əfv edilib.
Plenar iclasda illik məruzə ətrafında müzakirələrdə Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova, deputatlar Tahir Kərimli, Fazil Mustafa, Fərəc Quliyev, Siyavuş Novruzov, Sahib Alıyev, Musa Quliyev, Qüdrət Həsənquliyev,  Əflatun Amaşov, Aqiyə Naxçıvanlı, Qənirə Paşayeva, İlham Məmmədov, İsa Həbibbəyli ombudsmanın ötən ildəki fəaliyyəti barədə müsbət rəylərini bildirdilər, təkliflərini diqqətə çatdırdılar.
Fikir mübadiləsinin yekununda iclasa sədrlik edən Spiker Oqtay Əsədovun təklifi ilə məsələ səsə qoyuldu və İnsan hüquqları üzrə müvəkkilin 2018-ci ilə dair illik məruzəsi qənaətbəxş hesab olundu.
Sonra parlament gündəlikdəki növbəti məsələlərə baxdı.
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna təklif olunan dəyişiklik barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin məlumatı dinlənildikdən sonra  layihə üçüncü oxunuşda  qəbul edildi.
“Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunlarda, Azərbaycan Respublikasının Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə” (üçüncü oxunuş) Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verdi. Qeyd etdi ki, qanunvericiliyin uyğunlaşdırılması xarakteri daşıyan bu dəyişikliyə görə, cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin məcburi dövlət daktiloskopik qeydiyyatından  keçməsi nəzərdə tutulur. Sənəd səsə qoyuldu və üçüncü oxunuşda qəbul edildi. 
İnzibati Xətalar Məcəlləsinə və “Reklam haqqında” qanuna təklif olunan dəyişiklik Şəhərsalma və Tikinti Məcəlləsinə edilmiş dəyişikliklə əlaqədar olub, reklam yerləşdirilməsinə dair prosedur qaydalarının sadələşdirilməsini və icazə müqaviləsinin ləğvini nəzərdə tutur. İclasda hər iki qanuna edilən dəyişiklik üçüncü oxunuşda təsdiqləndi.
“Gənclər siyasəti haqqında” qanuna dəyişiklikdən (üçüncü  oxunuş) bəhs edən Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev 5 martın – Bədən tərbiyəsi və idman günü olduğunu yada saldı. Bildirdi ki, qanun layihəsi üçüncü oxunuşa hazırlanarkən ikinci oxunuş zamanı irəli sürülmüş təkliflər nəzərə alınıb.
 Fikir mübadiləsi aparıldı və qanun üçüncü oxunuşda qəbul edildi.  
Plenar iclasda növbəti məsələni şərh edən komitə sədri Əli Hüseynli qeyd etdi ki, Azərbaycan Prezidenti öz çıxışları ilə, tikinti sahəsinə dair ötən il imzaladığı fərmanlarla şəhərsalma və tikinti sahəsində fundamental, keyfiyyətcə yeni islahatların başlanğıcını qoyub. Tikinti məsələlərinin tənzimlənməsi Şəhərsalma və Tikinti Komitəsinə həvalə olunub. Hazırda Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsində edilən dəyişiklik müvafiq qurumlar tərəfindən tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılmasının və tikinti fəaliyyəti sahəsində göstərdikləri xidmətin ödənişli əsaslarla həyata keçirilməsini nəzərdə tutur. 75-ci maddə isə tikintiyə icazə verilməsinin ümumi qaydalarını ehtiva edir. Belə ki, tikintiyə icazə verilərkən öncə layihənin şəhərsalma sənədlərinə uyğunluğu yoxlanılacaq, rəy müsbət olduğu halda proses davam edəcək.
Fikir mübadiləsində dəyişiklik məqsədəuyğun sayıldı. Layihə üçüncü oxunuşda təsdiqləndi.
Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirdi ki, Torpaq Məcəlləsinin 56-cı maddəsinə 10-cu bəndin əlavə edilməsi təklif olunur. Həmin əlavə tikinti məqsədləri üçün torpaq sahəsinin ayrılması ilə bağlı müraciət etmiş şəxsə həmin torpaq sahəsində aparıla biləcək tikinti barədə əvvəlcədən xidmət haqqı ödəməklə rəy verilməsini nəzərdə tutur.
Parlament qanun layihəsini qəbul etdi. 
İclasda “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” qanun layihəsi barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin  məlumatı dinlənildikdən sonra qanun qəbul olundu.
Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanunda edilən dəyişikliyə dair layihədə əksini tapan məsələlərə aydınlıq gətirdi. Bildirdi ki, bu qanun xüsusi mühafizə olunan təbiət ərazilərinin yeni bir növünü – geoloji parkları müəyyən edir. Geoloji parklar dedikdə xüsusi geoloji, coğrafi, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət obyektlərinin yerləşdiyi ərazilər nəzərdə tutulur. Vitse-spiker vurğuladı ki, Azərbaycanda geoparkların yaradılmasının və YUNESKO-nun qlobal geoparklar şəbəkəsinə qoşulmasının çox böyük əhəmiyyəti ola bilər, o cümlədən təbii irsimizin qorunub saxlanmasında bu şəbəkənin təcrübəsindən və imkanlarından faydalanmağa imkan yaranar.
Fikir mübadiləsində qanun layihəsinin əhəmiyyəti yüksək dəyərləndirildi. Sənəd qəbul edildi.
“Pasportlar haqqında” qanuna dəyişikliyə görə, diplomatik pasport almaq hüququna malik olan şəxslər siyahısına İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakim də daxil edilir. Milli Məclis bu dəyişikliyi məqsədəuyğun saydı.
Sonra iclasda ikinci oxunuşda müzakirəyə çıxarılmış 7 qanun layihəsinə baxıldı.
“Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi məsələsi ikinci oxunuşda qəbul edildi. 
Deputatlar “Daşınar əmlakın yüklülüyü haqqında” 2 may 2017-ci il tarixli qanunun icrası ilə əlaqədar Milli Məclisə bir məktubda daxil olmuş İnzibati Xətalar və Mülki Prosessual məcəllələrində, habelə “İpoteka haqqında” qanunda dəyişiklik edilməsinə ikinci oxunuşda razılıq verdilər.
 “Sığorta fəaliyyəti haqqında” qanunda dəqiqləşdirmə xarakteri daşıyan dəyişiklik də ikinci oxunuşda məqbul sayıldı.
Deputatlara məlumat verildi ki, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi məsələləri parlamentə bir zərfdə daxil olub. Cinayət Məcəlləsinə əlavə edilən 233-4-cü maddəyə əsasən, telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkilinin qarşısı alınacaq. Sahibkarlığa ciddi ziyan vuran bu əmələ görə qanunvericilikdə həm inzibati, həm cinayət məsuliyyəti nəzərdə tutulur.
Deputatlar hər iki qanun layihəsinə ikinci oxunuşda müsbət münasibət bildirdilər.
İclasın yekununda “Telekommunikasiya haqqında” qanunda edilən dəyişiklik ikinci oxunuşda qəbul olundu. Layihəyə görə,  operator və ya provayder telekommunikasiya şəbəkəsinə qoşulmaqla təşkil edilən qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin qarşısının alınması üçün texniki vasitələrdən, avadanlıq və ya proqram təminatından istifadə etməklə tədbirlər görməyə borcludur.
Məsələlərin müzakirəsində Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, deputatlar Vahid Əhmədov, Bəxtiyar Əliyev, Sona Əliyeva qeydlərini, təkliflərini nəzərə çatdırdılar.
Bununla da Milli Məclisin bugünkü iclası başa çatdı.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU