KÜVEYT AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏYİR

Komitə iclasları
11 mart 2019 | 05:03   
Paylaşın:        
Martın 11-də Milli Məclisin Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Küveyt Millət Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşdülər.
Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Hüseynbala Mirələmov ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərindən danışdı, müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyini qeyd etdi.
Müstəqilliyinin ilk illərində Azərbaycanın üzləşdiyi ağır ictimai-siyasi vəziyyətdən bəhs edən Hüseynbala Mirələmov qeyd etdi ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub.
Küveyt Millət Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Xalid Əl-Uteybi bildirdi ki, Azərbaycan və Küveyt dostluğu tarixi, dini və mədəni köklərə söykənir. İki ölkə arasında iqtisadi, siyasi, mədəni sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən Xalid Əl-Uteybi ticari əlaqələrin daha da genişləndirilməsinin zəruriliyini qeyd etdi.
Xalid Əl-Uteybi Azərbaycanın hər zaman beynəlxalq təşkilatlar çərçivəsində Küveytin mövqeyini müdafiə etdiyini bildirərək vurğulayıb ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır.
Azərbaycanın həyata keçirdiyi beynəlxalq tədbirlərin onun dünyadakı nüfuzunu daha da artırdığını bildirən Xalid Əl-Uteybi Azərbaycanın bu uğurlarının dost Küveyt tərəfindən sevinclə qarşılandığını ifadə etdi.
Görüşdə iştirak edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verdi. Bildirdi ki, münaqişə nəticəsində torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal edilib, ölkəmiz minlərlə şəhid verib, bir milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. Hadi Rəcəbli müsəlman ölkələrinin bir beynəlxalq təşkilatda birləşməsinin vacibliyini xüsusi qeyd etdi.
Söhbət zamanı Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Nizami Cəfərov, Küveyt Dövlətinin ölkəmizdəki səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi iki ölkənin münasibətlərinə dair fikirlərini bildirdilər.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU