ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Komitə iclasları
12 mart 2019 | 04:03   
Paylaşın:        

Martın 12-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Hadi Rəcəbli bildirdi ki, Prezident İlham Əliyev 2019-cu ili sosial təminatla bağlı məsələlərin həlli istiqamətində görülən işlərin əhəmiyyəti baxımından  önəmli il adlandırıb. Bu sahədə dövlət başçısı tərəfindən bir çox inqilabi sərəncamlar imzalanıb. Minimum əmək haqqının və pensiyaların artırılması, Qarabağ əlillərinin, digər kateqoriyadan olan əlillərin, uşaqların sosial müdafiəsi, problemli kreditlər, məşğulluqla bağlı atılan addımlar mühüm əhəmiyyət kəsb edir və əhali tərəfindən yüksək qiymətləndirilir. Ölkə rəhbərliyinin vətəndaşlarla mütəmadi görüşləri, onların qayğıları ilə bilavasitə maraqlanması, yaranmış çətinliklərin dərhal aradan qaldırılması üçün tapşırıqlar verməsi xalqımız tərəfindən təqdir edilir.
Sonra komitə sədri diqqətə  çatdırdı  ki,  gündəliyə  beş paketdə 25 qanun layihəsini əhatə edən məsələlər daxil edilib. Bunlar 1. “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Turizm haqqında” və “Elektrik istilik stansiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), 2. Əmək Məcəlləsində, Vergi Məcəlləsində, İnzibati  Xətalar  Məcəlləsində  dəyişiklik edilməsi barədə qanun layihəsi,  3. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), 4. Əmək Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi, 5. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Dövlət rüsumu haqqında”, “Mühasibat uçotu haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsidir.
Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev həmin dəyişikliklərin mahiyyəti barədə məlumat verdi. Qeyd edildi ki, bu sənədlərdə “Peşə təhsili haqqında”, “Təhsil haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlara uyğunlaşdırılması məqsədi ilə bir sıra düzəlişlərin edilməsi nəzərdə tutulur.
Belə ki, “Turizm haqqında” qanunun 4-cü maddəsinə edilən əlavələrə əsasən, turizmin inkişafı üçün hazırlanması nəzərdə tutulan dövlət proqramlarının layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanuna uyğun olaraq strateji ekoloji qiymətləndirmə (SEQ) sənədi, eyni zamanda, 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinin layihələrinə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı, həmin sənədlərin dövlət ekoloji ekspertizası keçirilməlidir.
Əmək Məcəlləsinin 122-ci və 130-cu maddələrində “doktorantura” sözündən sonra “adyunktura” sözü əlavə edilir. Vergi Məcəlləsinin müvafiq bəndlərində “körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının” sözləri “məktəbəqədər təhsil müəssisələrinin” sözləri ilə əvəz olunur.
“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunun 11-ci maddəsində “peşə-ixtisas təhsil” sözləri “ixtisas təhsili” sözləri ilə əvəz edilir.
Əmək Məcəlləsinə edilən digər düzəlişlər 66-cı, 67.2-ci, 70-ci və 124-cü maddələrə aiddir. Burada “ümumi təhsil” sözlərindən sonra “və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə)” sözləri əlavə edilir, “məktəblərində, peşə liseylərində” sözləri “təhsil müəssisələrində” sözləri ilə əvəzlənir.
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna əlavə edilən 20.7-ci maddədə deyilir ki, əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
İclasda çıxış edən deputatlar Rauf Əliyev, Elmira Axundova, İlham Məmmədov, Jalə Əliyeva ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərin əhali tərəfindən dəstəkləndiyini söylədilər. Müzakirəyə təqdim olunan dəyişikliklərin məqsədəmüvafiq olduğunu vurğuladılar, qanun layihələrini Milli Məclisin plenar iclasına tövsiyə etdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU