İNSAN HÜQUQLARI KOMİTƏSİNDƏ

Komitə iclasları
13 mart 2019 | 05:03   
Paylaşın:        

Martın 13-də Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirildi. Gündəlikdə 4 məsələ olduğunu qeyd edən komitənin sədri, Milli Məclis Sədrinin müavini Bahar Muradova bildirdi ki, təqdim olunan qanun layihələri qanunvericiliyin uyğunlaşdırılması xarakteri daşıyır. Onlardan bir qismi 2018-ci ildə qəbul olunmuş “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunun icrası məqsədilə hazırlanıb. ƏMTQ-nin əsas məqsədi bu qanunun Əlavəsində göstərilən fəaliyyətin həyata keçirilməsi zamanı ətraf mühitə və insan sağlamlığına mümkün mənfi təsirlərin aşkarlanması, onların aradan qaldırılması və ya azaldılması üçün tədbirlərin həyata keçirilməsidir.
İclasda gündəlikdəki 2 məsələni şərh edən Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov bildirdi ki, “Ekoloji təhlükəsizlik haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Avtomobil yolları haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Aviasiya haqqında” və  “İnformasiya əldə etmək haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş) “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunun icrası ilə əlaqədardır. Bu qanunlara edilən dəyişiklik adı çəkilən sahələrə dair strateji ekoloji qiymətləndirmə (SEQ) sənədinin hazırlanmasını və həmin sənədin dövlət ekoloji ekspertizasının keçirilməsini də nəzərdə tutur.
Deputatlara məlumat verildi ki, “Kommersiya sirri haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Daxili audit haqqında” və “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi isə “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə” 4 may 2018-ci il tarixli qanunun icrası məqsədilə hazırlanıb. Həmin qanunla mühasibat uçotu sahəsində bir sıra islahat xarakterli tədbirlər həyata keçirilib.
Komitənin gündəliyindəki növbəti 2 məsələni Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev təqdim etdi. Nəzərə çatdırıldı ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında” və “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlarda dəyişiklik edilməsi məsələsi (birinci oxunuş) “Təhsil haqqında” qanunda 12 iyun 2018-ci il tarixdə edilmiş dəyişikliklərlə əlaqədardır.
Bildirildi ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsili) haqqında”, “Dövlət rüsumu haqqında”, “Mühasibat uçotu haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında qanunlarda dəyişiklik edilməsi isə bu qanunverici aktların 24 aprel 2018-ci il tarixdə qəbul edilmiş “Peşə təhsili haqqında” qanuna uyğunlaşdırılması zərurətindən irəli gəlib. Layihələrdə bir sıra güzəştlər nəzərdə tutulur. Belə ki, yeniliklərə görə dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində, elmi təşkilatda ödənişli təhsil alan şəhid ailəsinin üzvləri təhsil haqqını ödəməkdən azad olunacaqlar. Həmçinin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan əlilliyi olan şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Azərbaycan dövlətinin humanist siyasətini əks etdirən qanun layihələri ilə bağlı iclasda aparılan müzakirələrdə deputatlar Hikmət Məmmədov, Elman Nəsirov, Sona Əliyeva, Tahir Kərimli, komitə sədrinin  müavini Yevda Abramov müsbət rəylərini bildirdilər.  Təkliflər irəli sürüldü.
Fikir mübadiləsinin yekununda baxılan qanun layihələri plenar iclasın müzakirəsinə tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU