HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ
Martın 14-də növbəti iclasına toplaşan Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin gündəliyinə 3 məsələ daxil edilmişdi.
Komitənin sədri Əli Hüseynli bildirdi ki, Azərbaycan Prezidentinin imzası ilə müzakirəyə təqdim olunmuş yeni qanun layihəsi “Mediasiya haqqında”dır. Bu layihə hələ 2016-cı ildə dövlət başçısının verdiyi tapşırığa əsasən hazırlanıb. Qanun yaradıcılığı prosesində işçi qrupu tərəfindən mövcud beynəlxalq təcrübə öyrənilib, Azərbaycan üçün ən uyğun olan model seçilib.
Sonra iclasda 5 fəsil 39 maddədən ibarət olan qanun layihəsi barədə məlumat verildi. Layihəyə görə, mediasiya – tərəflər arasında yaranmış ailə, əmək, iqtisadi və s. xarakterli mübahisənin mediatorun vasitəçiliyi ilə qarşılıqlı razılıq əsasında həllinə yönəlmiş prosesdir. “Mediasiya haqqında” qanun bu prosesin təşkili sahəsində ictimai münasibətləri tənzimləyəcək, mediasiyanın məqsəd və prinsiplərini, həyata keçirilmə qaydalarını, həmçinin mediatorun statusunu müəyyənləşdirəcək.
Müzakirə zamanı qanun layihəsi ətraflı təhlil olundu. Komitə üzvləri Qüdrət Həsənquliyev, Çingiz Qənizadə, Azay Quliyev, Tahir Kərimli, Fəzail Ağamalı ilk növbədə sənədin vacibliyindən bəhs etdilər. “Mediasiya haqqında” qanunun hazırlanması ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları istiqamətində atılan mühüm addımlardan biri kimi dəyərləndirildi. Qeyd edildi ki, bu qanun məhkəmələrin iş yükünü xeyli azaldacaq.
Deputatların çıxışlarında bir sıra mühüm təkliflər də səsləndi. O cümlədən, qanun layihəsinin təkmilləşdirilməsi məqsədilə işçi qrupla birgə müzakirə olunması, həmçinin ictimai müzakirəsinin təşkili təklif olundu.
İclasda iştirak edən işçi qrupunun üzvlərindən Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəis müavini Elçin Nəsibov, Bakı şəhəri Yasamal rayon məhkəməsinin hakimi Ramin Qurbanov deputatları maraqlandıran bir sıra məqamlara aydınlıq gətirdilər.
Fikir mübadiləsinin yekununda “Mediasiya haqqında” qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olundu.
Komitə gündəlikdəki növbəti məsələləri – “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” 19 yanvar 1993-cü il tarixli Konstitusiya qanununun ləğvi və “Azərbaycan Respublikasının Dövlət himni haqqında” 27 may 1992-ci il tarixli qanunun ləğvi barədə Konstitusiya qanunlarını da plenar iclasa tövsiyə etdi.
Milli Məclisin
Mətbuat xidməti