MİLLİ MƏCLİSİN İCLASINDA HÖKUMƏTİN HESABATI DİNLƏNİLDİ
Martın 15-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, bu gün Milli Məclisin yaz sessiyasının beşinci iclasıdır və Konstitusiyaya uyğun olaraq Nazirlər Kabinetinin ötən ildəki fəaliyyəti barədə hesabatı dinləniləcək.
Sədr qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatında həyata keçirilən dinamik dəyişikliklər bu gün Milli Məclisə təqdim edilən hesabatda tam olaraq əksini tapmışdır.
Sədr diqqətə çatdırdı ki, 2018-ci il ölkəmizin sosial-iqtisadi həyatında əlamətdar il olmuşdur. Nazirlər Kabinetinin iclasında möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, 2018-ci il dərin iqtisadi islahatlar ili olmuşdur və bu islahatların nəticələrini indi hər kəs görür.
Həyata keçirilən iqtisadi islahatların nəticəsidir ki, dünyada mürəkkəb proseslərin cərəyan etdiyi bir şəraitdə iqtisadiyyatımızın dayanıqlığı təmin olunmuş, iqtisadiyyatın inkişafına yeni təkan verilməsi üçün möhkəm əsaslar yaranmışdır. Onu da qeyd etmək lazımdır ki, cari ilin əvvəlindən minimum əmək haqqının, əmək pensiyalarının, bütün növ sosial müavinətlərin, təqaüdlərin əhəmiyyətli dərəcədə artırılması, xarici valyutada götürülmüş kreditlərin artan hissəsinin ödənilməsi barədə qərarın qəbul edilməsi məhz əvvəlki illərdə, xüsusən 2018-ci ildə həyata keçirilən tədbirlərin nəticəsidir.
Əlamətdar haldır ki, aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu reytinq mərkəzləri Azərbaycan dövlətinin reallaşdırdığı bu islahatları yüksək qiymətləndirmişlər. Dünya Bankının “Doing Business-2019” hesabatında biznes mühitinin əlverişliliyinə görə ölkəmiz əvvəlki illərlə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerə yüksəlmişdir. Ölkəmizin kredit reytinqinə görə də mövqeyi xeyli möhkəmlənmişdir. Digər beynəlxalq reytinq agentliklərinin hesabatlarına görə də Azərbaycanın mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.
Sədr qeyd etdi ki, 2018-ci il dövlətimizin müasir tarixində xüsusi yerə layiq olan bir sıra layihələrlə yadda qalmışdır. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft ixracının stimullaşdırılması, aqrar sahəyə dövlət dəstəyinin artırılması istiqamətində ciddi addımlar atılmışdır.
Ölkənin valyuta ehtiyatları 3 milyard dollar artaraq, ilin sonuna 45 milyard dollara bərabər olmuşdur. Xarici dövlət borcu 22,8 faizdən 19 faizə düşmüşdür.
Ötən ilin uğurlarından biri də xarici ticarət dövriyyəsində 8 milyard dollarlıq müsbət saldonun yaranması olmuşdur.
Sədr vurğuladı ki, Nazirlər Kabinetinin illik hesabatlarının parlamentdə dinlənilməsi parlamentlə hökumət arasında təmasların artmasına, sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasında və həllində millət vəkillərinin iştirakına şərait yaradır.
Həmişə olduğu kimi, ötən il Milli Məclisdə hesabatın müzakirəsi zamanı irəli sürülmüş təkliflər hökumət tərəfindən diqqətlə araşdırılmışdır. Millət vəkillərinin təkliflərinin icra vəziyyəti ilə bağlı görülmüş işlərə dair ətraflı məlumat bizə təqdim edilmişdir.
Sədr çıxışının sounda bu gün keçiriləcək müzakirələrin də faydalı olacağına və Hökumətin fəaliyyətinin səmərəliyinin daha da artmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.
Sonra Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edən Baş nazir Novruz Məmmədov əvvəlcə Novruz bayramı münasibətilə təbriklərini çatdırdı. Baş nazir bildirdi ki, Prezident İlham Əliyevin apardığı sosial-iqtisadi siyasətin mahiyyətində əhalinin aztəminatlı təbəqəsinin rifahının davamlı olaraq yüksəldilməsinin dayandığı hamıya məlumdur. Bu məsələyə hesabat ilində də xüsusi önəm verilmişdir. Dövlət büdcəsinin xərclərinin 31,7 faizi və ya 7,2 milyard manatı sosialyönümlü xərclərin payına düşüb ki, bu da 2017-ci illə müqayisədə 7,6 faiz çoxdur. Əmək pensiyalarının artırılması 1,2 milyon pensiyaçını və ya onların 94 faizini əhatə edib. Pensiyaların orta aylıq məbləği ötən illə müqayisədə 6,2 faiz, yaşa görə pensiyanın orta aylıq məbləği isə 6,7 faiz artıb.
Baş nazir diqqətə çatdırdı ki, özünüməşğulluq proqramının əhatə dairəsinin il ərzində 6,5 dəfə genişləndirilməsi 5 mindən çox ailənin və ya 25 min nəfərə yaxın insanın maddi vəziyyətinin yüksəldilməsinə imkan verib. Hesabat ilində Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrası olaraq, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə 11 min manatlıq birdəfəlik ödənişin verilməsinə başlanılıb və ilin sonuna 34 milyon manat vəsait ödənilib. Əlillərə və şəhid ailələrinə 626 mənzil verilib, 265 nəfər imtiyazlı şəxs pulsuz minik avtomobili ilə təmin olunub.
Novruz Məmmədov qeyd etdi ki, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal yaşayış kompleksində 29 yaşayış binasının, 1 məktəbin, 1 uşaq bağçasının tikintisi yekunlaşdırılaraq sosial mənzillərin satışına başlanılıb. Bundan əlavə, respublikanın regionlarında 1530 yerlik 18 uşaq bağçasının və körpələr evinin, Abşeron rayonunun Masazır qəsəbəsində valideyn himayəsindən məhrum olmuş kimsəsiz məzunlar üçün yaşayış kompleksinin inşası tamamlanıb. Əvvəlki illərdə olduğu kimi, əhalinin həssas təbəqəsi olan məcburi köçkünlərin sosial problemlərinin həllinə xüsusi diqqət yetirilib, bu məqsədlərə ayrılmış maliyyə vəsaiti hesabına salınmış və bütün lazımi infrastruktur yaradılmış qəsəbələrdə 5900 ailə yeni mənzillərlə təmin edilib.
Baş nazir diqqətə çatdırdı ki, hesabat dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətdə prioritet olub. Novruz Məmmədov “Avropa İttifaqı və Azərbaycan arasında “Strateji Tərəfdaşlıq” adlı prioritet sənədi də xüsusi olaraq qeyd etdi.
Baş nazir ötən dövrdə valyuta ehtiyatlarının 3 milyard dollar artdığını, büdcənin gəlirlərinin proqnozdan 360 milyon manat çox olduğunu nəzərə çatdırdı.
Bildirdi ki, ötən il Azərbaycanda 19,2 milyard kubmetr qaz istehsal edilib. Sumqayıt Kimya Parkında karbamid zavodu fəaliyyətə başlayıb. Bu zavodda ildə 650 min ton məhsul istehsal ediləcək. Bu zavodun məhsullarının xarici ölkələrə satışından hər il 160 milyon dollar gəlir əldə edilməsi gözlənilir. Türkiyədəki “Star” zavodu isə ölkəyə ilk 5 ildə hər il 850 milyon dollardan çox gəlir gətirəcək.
Baş nazir vurğuladı ki, Prezident İlham Əliyev ərzaq təhlükəsizliyinə xüsusi diqqət yetirir. Belə ki, ötən il 451,5 milyon manat məbləğində investisiya hesabına 568 kilometrdən artıq suvarma kanalında bərpa işləri aparılıb, 50 min hektardan artıq ərazidə suvarma işləri yaxşılaşdırılıb. Nəticədə 2017-ci illə müqayisədə 2018-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı 4,2 faiz artıb.
Ötən il il yol infrastrukturuna 1,7 milyard manat vəsait yönəldilib.
Baş nazir onu da qeyd etdi ki, ötən il ölkənin 11 rayonunda yerləşən xalçaçılıq fabriklərində 5,5 min kvadratmetrdən artıq xalça toxunub. Ötən il 800-ə qədər məktəb və uşaq bağçası tikilib, yenidən qurulub, 8120 yerlik modul tipli məktəblər istifadəyə verilib.
Novruz Məmmədov 2018-ci ildə Azərbaycan idmançılarının beynəlxalq yarışlarda 753 medal qazandığını da diqqətə çatdırdı.
Sonra çıxış edən Milli Məclis Sədrinin müavinləri Bahar Muradova, Valeh Ələsgərov, deputatlardan Elçin Quliyev, Elmira Axundova, Fəzail Ağamalı, Arif Rəhimzadə, Siyavuş Novruzov, Fərəc Quliyev, Əli Hüseynli, Əli Məsimli, Tahir Mirkişili, Musa Qasımlı, Kamilə Əliyeva, Rəşad Mahmudov, Jalə Əliyeva, Ağalar Vəliyev, Tahir Kərimli, İsa Həbibbəyli, Şahin İsmayılov, Cavid Osmanov ölkəmizin iqtisadi rəqabət qabiliyyətinin artırılması, tələbə şəhərciklərinin salınması, parlament diplomatiyasının gücləndirilməsi, təhsil, səhiyyə, mədəniyyət sahələri, ölkədə pul-kredit siyasəti və seçiciləri maraqlandıran məsələlərlə bağlı fikirlərini bildirdilər, təkliflərini verdilər. Deputatlar Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti barədə hesabatını yüksək qiymətləndirdilər.
İclasın sonunda çıxış edən Baş nazir Novruz Məmmədov səsləndirilən maraqlı təkliflərə, deyilən fikirlərə görə deputatlara təşəkkürünü bildirdi, onlara uğurlar arzuladı.
Sonda hesabat səsə qoyularaq nəzərə alındı. Bununla da Milli Məclisin iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti