İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
18 mart 2019 | 03:03   
Paylaşın:        

Martın 18-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Ziyad Səmədzadə dövlət başçısının xalqın yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində imzaladığı son fərman və sərəncamların əhəmiyyəti barədə danışdı. Eyni zamanda qeyd edildi ki, atılan addımlar ölkə iqtisadiyyatının dinamik  inkişafı, dövlətin iqtisadi gücünün daha da artması üçün geniş imkanlar yaradır.
Sonra iclasin gündəliyinə daxil edilmiş 11 məsələyə baxıldı. Məsələlər barədə parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov məlumat verdi.
Bildirildi ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə layihədə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması prosesinin təkmilləşdirilməsi, çıxarışların kağız formada təqdim olunması prosedurunun tamamilə aradan qaldırılması, onların yalnız elektron üsulla təqdim olunması ilə bağlı müddəalar əks olunub. Sənədə əsasən, dövlət reyestrindən çıxarışlar elektron imza ilə təsdiqlənməklə, hüquq sahibinin istəyindən asılı olaraq “Elektron hökumət” portalında yerləşdiriləcək və ya digər elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə təqdim olunacaq.
“Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulan dəyişiklik “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” 29 iyun 2018-ci il tarixli qanunun tətbiqi məqsədilə hazırlanıb. Belə ki, bu qanunun 8.4-cü maddəsinə görə könüllü dövlət daktiloskopik qeydiyyatı, 15.4-cü maddəsinə görə isə könüllü dövlət genom qeydiyyatı aparılarkən “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş miqdarda rüsum tutulur. Buna əsasən, “Dövlət rüsumu haqqında” qanuna əlavə edilən 33-6-cı maddədə könüllü dövlət daktiloskopik qeydiyyatının aparılmasına görə 20 manat, könüllü dövlət genom qeydiyyatının aparılmasına görə 250 manat dövlət rüsumu müəyyən edilir.
Diqqətə çatdırıldı ki, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması, eləcə də əhalinin əsas istehlak mallarına tələbatının ödənilməsi məqsədilə Vergi Məcəlləsinin 164.1.27-ci maddəsində buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilmişdir. Bununla yanaşı, buğdanın emalından əldə olunan kəpəyin istehsalı və satışına müvafiq güzəşt nəzərdə tutulmamışdır. Bunu nəzərə alaraq, Məcəllənin yuxarıda qeyd olunan maddəsində göstərilən güzəşt müddətinin əlavə olaraq 1 il uzadılması, eyni zamanda, kəpək istehsalı və satışının 2019-cu il martın 1-dən 2 il müddətinə əlavə dəyər vergisindən azad edilməsi ilə bağlı 164.1.43-cü maddənin əlavə edilməsi məqsədəuyğun hesab olunur.
Qeyd edildi ki, “Hesablama Palatası haqqında” qanuna edilən dəyişikliklər auditə dair hesabatla əlaqədar kənar dövlət maliyyə nəzarəti obyektinin qeyd, irad və rəyinin bildirilməsi müddətinin 20 gündən 10 günədək azaldılmasını, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumlarda həyata keçirilən auditə dair məlumatların təqdim edilməsi qaydasının təkmilləşdirilməsini, Hesablama Palatası üzvlərinin sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tutur.
“Banklar haqqında” qanuna əlavə edilən 36.6-1-ci maddəyə əsasən, bankların müştərilərlə bağladığı kredit müqavilələri üzrə faiz  dərəcələrinin, komisyon haqların və göstərilən bank xidmətləri üçün digər ödənişlərin yuxarı həddi maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.
Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin üzvü Asim Zülfüqarov məsələni şərh edərək söylədi ki, son günlərdə ölkə başçısının problemli kreditlərlə bağlı imzaladığı fərman inqilabi addım hesab olunur. “Banklar haqqında” qanuna edilən düzəliş vətəndaşların sosial rifahının yaxşılaşdırılması, istehlakçıların hüquqlarının qorunması baxımından böyük əhəmiyyət daşıyır. İnsanlara çox aşağı faizlə güzəştli kreditlər veriləcək.
Deputatlar Əli Məsimli, Tahir Mirkişili, Aydın Hüseynov bildirdilər ki, problemli kreditlərin həlli, eyni zamanda, bank sektorunun sağlamlaşdırılmasına yönəlmiş addımlar, faiz dərəcələrinin aşağı salınması sosial və iqtisadi cəhətdən çox önəmlidir.
Daha sonra iclasda “Telekommunikasiya haqqında” qanunda dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş), Mülki Prosessual Məcəlləsində və “İpoteka haqqında” qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), “Sığorta fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş),  İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş),  Mülki Məcəllədə, Vergi Məcəlləsində, Mənzil Məcəlləsində, Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihələrinə də baxıldı.
Müzakirələrin sonunda gündəlikdəki qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edildi.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU