MİLLİ MƏCLİSİN İCLASINDA
Martın 29-da Spiker Oqtay Əsədovun sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirildi. 25 məsələdən ibarət gündəlik təsdiqləndi.
Öncə təşkilati məsələyə baxıldı, Naqif Həmzəyev Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü seçildi.
Plenar iclasın gündəliyindəki qanun layihələrini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva təqdim etdilər.
Üçüncü oxunuşda müzakirəyə çıxarılmış “Ümumi təhsil haqqında” qanun layihəsi barədə məlumat dinlənildikdən sonra 5 fəsil 33 maddədən ibarət olan bu qanun qəbul olundu.
Deputatlar “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsini (üçüncü oxunuş) razılıqla qarşıladılar.
“Daşınar əmlakın yüklülüyü haqqında” qanunun icrası ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinə, Mülki Prosessual Məcəlləyə və “İpoteka haqqında” qanuna təklif olunan dəyişikliklər (üçüncü oxunuş) məqsədəuyğun sayıldı.
“Sığorta fəaliyyəti haqqında” qanunda dəqiqləşdirmə xarakteri daşıyan düzəlişlərə (üçüncü oxunuş) müsbət yanaşan millət vəkilləri onu da qeyd etdilər ki, bu qanunda günün tələbindən irəli gələn ciddi dəyişikliklər edilməli, ölkədə güvənli sığorta sistemi yaradılmalıdır.
Milli Məclisə məlumat verildi ki, telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili həm cinayət məsuliyyətinə, həm də inzibati məsuliyyətə səbəb olur. Parlamentə bir zərfdə daxil olmuş Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində, həmçinin “Telekommunikasiya haqqında” qanunda dəyişiklik edilməsi bununla bağlıdır. Cinayət Məcəlləsinə əlavə edilən 233-4-cü maddəyə istinadən, telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətləri təşkil edilməsinin qarşısı alınacaq, İnzibati Xətalar Məcəlləsinə əlavə olunan 363-1 və 363-2 maddələri isə sahibkarlığa ciddi ziyan vuran həmin əmələ görə müvafiq cərimələri nəzərdə tutur. “Telekommunikasiya haqqında” qanuna əlavə olunan 33.1.9-3-cü maddənin tələbinə görə, qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin qarşısının alınması üçün operator və provayderlərin tədbirlər görməsi vacib sayılır.
Deputatlar hər üç qanun layihəsinə üçüncü oxunuşda müsbət münasibət bildirdilər.
İclasda “Azərbaycan Respublikasının Prezidenti və Belarus Respublikasının Prezidentinin Birgə Bəyanatı” təsdiq edildi.
Parlament Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişikliyi qəbul etdi.
Vergi Məcəlləsinə təklif olunan dəyişikliklə əlaqədar deputatlara xatırladıldı ki, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması, əhalinin əsas istehlak mallarına tələbatının ödənilməsi məqsədilə buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci ilin 1 yanvarından 3 il müddətinə əlavə dəyər vergisindən azad edilmişdi. Lakin buğdanın emalından əldə olunan kəpəyin istehsalı və satışına həmin güzəşt şamil olunmamışdı. Bu isə nəticə etibarilə məhsulun maya dəyərini yüksəldir, heyvandarlıqda yem kimi geniş istifadə olunan kəpəyin satış qiymətinin artmasına səbəb olurdu. Bütün bunlar nəzərə alınaraq, parlamentə təqdim edilmiş hazırkı layihədə kəpək istehsalı və satışı 2019-cu ilin martın 1-dən 2 il müddətinə əlavə dəyər vergisindən azad edilir, Vergi Məcəlləsinin 164.1.27-ci maddəsi ilə nəzərdə tutulmuş güzəşt müddəti isə daha 1 il uzadılır.
Milli Məclis bu qanunu qəbul etdi. Hesablama Palatası və Konstitusiya Məhkəməsi haqqında qanunlarda dəyişiklik edilməsinə razılıq verdi.
Plenar iclasda bildirildi ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda edilən dəyişiklik daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması prosesinin təkmilləşdirilməsini, çıxarışların kağız formada təqdim olunması prosedurundan tamamilə imtina edilərək onların yalnız elektron üsulla təqdim edilməsini nəzərdə tutur. Sənəd səsə qoyuldu və qəbul edildi.
Milli Məclis “Azərbaycan Respublikasının Dövlət himni haqqında” 27 may 1992-ci il tarixli qanunun ləğvi və “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” 19 yanvar 1993-cü il tarixli Konstitusiya qanununun ləğvi barədə qanunları da qəbul etdi.
İclasda “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanunda dəyişiklik edilməsi məqbul sayıldı. Həmçinin bu qanunun tətbiqi məqsədilə “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsinə razılıq verildi. Layihəyə görə, könüllü dövlət daktiloskopik qeydiyyatının aparılması üçün 20 manat, könüllü dövlət genom qeydiyyatının aparılması üçün 250 manat dövlət rüsumu müəyyənləşdirilib.
Deputatlar İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə (müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə) edilən dəyişikliyi də müsbət qarşıladılar.
Bildirildi ki, Əmək, Vergi və Cəzaların İcrası məcəllələrində edilən dəyişikliklər bu sənədlərin “Peşə təhsili haqqında” qanuna uyğunlaşdırılması xarakteri daşıyır. Parlament həmin dəyişikliklərə razılıq verdi.
Qanunvericiliyin uyğunlaşdırılması baxımından “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsili) haqqında”, “Dövlət rüsumu haqqında”, “Mühasibat uçotu haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında qanunlarda, həmçinin “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi məqbul sayıldı.
İclasın yekununda “Mediasiya haqqında” qanun layihəsi müzakirə olundu. Sənəd şərh edilərkən bildirildi ki, Azərbaycan Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanına əsasən hazırlanmış bu qanunvericilik aktı mahiyyət etibarilə islahatçı sənədlərdəndir. 5 fəsil 39 maddədən ibarət yeni qanun layihəsi məhkəmələrin iş yükünü azaldacaq. Bu qanun mülki işlər və iqtisadi mübahisələrin, o cümlədən ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmədən kənar, alternativ həllini mediatorun, yəni vasitəçinin köməyi ilə həllini nəzərdə tutur. Ölkədə mediasiya modelinin inkişaf etməsi iqtisadi islahatlara da öz töhfəsini verəcək. Çünki mediasiya – tərəflər arasında yaranmış, ailə, əmək, iqtisadi və s. xarakterli mübahisənin mediatorun vasitəçiliyi ilə qarşılıqlı razılıq əsasında həllinə yönələn prosesdir. “Mediasiya haqqında” qanun bu prosesin təşkili sahəsində ictimai münasibətləri tənzimləyəcək, mediasiyanın məqsəd və prinsiplərini, həyata keçirilmə qaydalarını, həmçinin mediatorun statusunu müəyyənləşdirəcək.
Plenar iclasda geniş fikir mübadiləsi aparıldı. Beynəlxalq təşkilatlarla əməkdaşlığımız baxımından əhəmiyyətli olan bu qanun layihəsi bir oxunuşda qəbul edildi.
Bugünkü iclasda gedən müzakirələrdə deputatlar Aqiyə Naxçıvanlı, Siyavuş Novruzov, Fəzail Ağamalı, Aydın Mirzəzadə, Fazil Mustafa, Elmira Axundova, Qüdrət Həsənquliyev, Qənirə Paşayeva, Əflatun Amaşov, Azay Quliyev, Sahib Alıyev rəy və təkliflərini bildirdilər.
Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti