İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ

Komitə iclasları
05 aprel 2019 | 04:04   
Paylaşın:        

Aprelin 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. Komitə sədri Ziyad Səmədzadə bildirdi ki, iclasda Azərbaycan Respublikası Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti haqqında hesabat dinləniləcək, “Standartlaşdırma haqqında” qanun ikinci oxunuşda müzakirəyə çıxarılacaq.
Ziyad Səmədzadə qeyd etdi ki, Milli Məclisin son vaxtlar qəbul etdiyi qanunlar iqtisadi inkişafın davamlı olmasını təmin edir. Prezidentin imzaladığı sərəncamlar bu sahədə müsbət meylləri daha da dərinləşdirir. Ümumiyyətlə, ölkədə aparılan düşünülmüş iqtisadi siyasət dövlət və milli maraqlara xidmət edir.
İclasda əvvəlcə, Azərbaycan Respublikası Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti haqqında hesabat təqdim edildi. Palatanın fəaliyyəti barədə məlumat verən qurumun sədri Vüqar Gülməmmədov bildirdi ki, sənəd “Hesablama Palatası haqqında” qanunun tələblərinə əsasən hazırlanıb. Hesabatda ölkədə maliyyə inzibatçılığının gücləndirilməsi, hesabatlılığın artırılması yolu ilə dövlət vəsaitlərinin səmərəli, qənaətli və nəticəli istifadəsinin təmin edilməsi məqsədini daşıyan nəzarət tədbirlərinin, həmçinin  korrupsiya ilə mübarizə, kadr potensialının gücləndirilməsi istiqamətlərində qurumun fəaliyyətinin əsas nəticələri ilə bağlı məlumatlar əks etdirilib.
Diqqətə çatdırıldı ki, hesabat ilində 53 audit və 5 təhlildə xərclərin proqnozlaşdırılması, məqsədyönlü və səmərəli istifadəsi vəziyyəti araşdırılıb. Dövlət vəsaitlərinin istifadəsi ilə bağlı 48 nəzarət tədbiri həyata keçirilib. Audit formasında aparılmış nəzarət tədbirləri ilə ümumilikdə 9266,0 mln. manat vəsait əhatə olunub. Bunun 6167,1 mln. manatını (66,5%) dövlət büdcəsinin xərcləri, 117,8 mln. manatını (1,3%) büdcədənkənar dövlət fondlarının vəsaitləri, 770,3 mln. manatını (8,3%) beynəlxalq və yerli maliyyə təşkilatlarından cəlb edilmiş kreditlər, 2210,8 mln. manatını (23,9%) dövlət müəssisələrinin vəsaitləri təşkil edir.
Audit nəticəsində müəyyən edilmiş nöqsanlar bölməsində qeyd olunur ki, dövlət büdcəsinin gəlirləri sahəsində aparılmış nəzarət tədbirləri iki istiqamət üzrə - dövlət büdcəsinin gəlirlərinin, o cümlədən vergi gəlirlərinin yığılmasını təmin edən dövlət qurumlarında inzibatçılıq vəziyyətinin qiymətləndirilməsi, vergi və digər icbari ödənişlər şəklində dövlət büdcəsi qarşısında əlavə öhdəliklərin yaranması ilə əlaqədar nöqsan və çatışmazlıqları aşkar edib.
Ümumilikdə, hesabat ilində aparılan audit əsasında 714 nöqsan qeydə alınıb. Həyata keçirilən tədbirlər nəticəsində 23176, min manat məbləğində vəsait büdcəyə bərpa edilib.
Qeyd olundu ki, qurumun uzunmüddətli dövr üçün fəaliyyət istiqamətlərini müəyyən edən “Hesablama Palatasının 2018-2020-ci illər üzrə Strateji İnkişaf Planı”na uyğun  hesabat ilində mühüm işlər görülüb.
Komitə üzvləri Vahid Əhmədov, Tahir Mirkişili, Əli Məsimli, Aydın Hüseynov, Rüfət Quliyev hesabatı müsbət qiymətləndirdilər. Bildirildi ki, Hesablama Palatası üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Aparılan audit nəticəsində aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində görülən işlər öz faydasını verməyə başlayıb. Deputatlar Palata tərəfindən verilən təkliflərin reallaşması, nöqsansız işləyən təşkilatların təşviqi mexanizmlərinin hazırlanması, müasir texnologiyalardan geniş istifadə edilməsi, ictimai təşkilatlarla əlaqələrin gücləndirilməsi kimi məqamların əhəmiyyəti barədə danışdılar.
Tədbirdə iştirak edən Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru Namiq Tağıyev “Standartlaşdırma haqqında” qanun layihəsi barədə ətraflı məlumat verdi. Layihə deputatlar tərəfindən razılıqla qarşılandı.
İclasda “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə də baxıldı.
Təqdim edilən qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU