MİLLİ MƏCLİSİN İCLASINDA HESABLAMA PALATASININ HESABATI DİNLƏNİLDİ
Aprelin 9-da Milli Məclisin növbəti iclası keçirildi. Gündəlik təsdiq edildikdən sonra Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, gündəliyin birinci məsələsi Azərbaycan Respublikası Hesablama Palatasının hesabatıdır.
Hesabatı təqdim edən palatanın sədri Vüqar Gülməmmədov diqqətə çatdırdı ki, 2018-ci ildə ümumilikdə 58 nəzarət tədbirinin, o cümlədən 53 auditin və 5 təhlilin nəticələrinə dair Kollegiya Qərarları qəbul edilmiş, 1 tədbir növbəti ilə keçirilmiş və 1 tədbirin nəticələri Hesabat dövrünədək yekunlaşdırılmamışdır. Başa çatdırılmış 53 auditdən 3-ü “Dövlət sirri haqqında” Qanunun tələblərinə uyğun olaraq hüquq-mühafizə orqanlarında məxfi qaydada aparılmış, 5 tədbirlə isə Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti əhatə olunmuşdur.
Audit tədbirləri ilə ümumilikdə 9,2 mlrd. manat vəsait əhatə olunmuşdur ki, bunun 66,5 faizini dövlət büdcəsinin xərcləri təşkil etmişdir. Ümumilikdə hesabat ilində dövlət büdcəsinin auditlə əhatə olunmuş məbləği 2017-ci illə müqayisədə artsa da, əhatə edilmiş cəmi məbləği əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 6,8 faiz az olmuşdur. Dövlət büdcəsinin nəzarətlə əhatə olunmuş 6,2 mlrd. manat məbləğinin təqribən tən yarısı 2017-ci il, 21,1 faizi 2018-ci il üzrə xərcləri, qalan 28,2 faizi isə 2016-cı ilədək icra edilmiş vəsaitləri təşkil etmişdir.
Vüqar Gülməmmədov dedi ki, normativ-hüquqi aktların tələblərinə riayət edilməmə halları 8 istiqamət üzrə təsnifləşdirilir. 2018-ci ildə həmin istiqamətlər üzrə ümumilikdə 714 halda nöqsan müəyyən edilmişdir. Qeyd olundu ki, Hesablama Palatası tərəfindən 2018-ci ildə aparılmış fəaliyyətin nəticəsi olaraq yalnız manat ifadəsində dövlət büdcəsinə, qurumların hesabına və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə ümumilikdə 23,2 mln. manatın bərpası təmin edilmişdir. Bununla yanaşı, 5,5 mln. manat dəyərində malların alınması və işlərin görülməsi natural qaydada bərpa olunmuş və 922,5 min manat vergi məbləğinin dövlət müəssisəsinin dövlət büdcəsinə artıqödəmələri hesabına əvəzləşdirilməsi təmin edilmişdir.
Hesabat ilində korrupsiya əleyhinə mübarizə istiqamətində müvafiq qurumlarla sıx əməkdaşlıq davam etdirilmişdir. 2018-ci ildə aparılmış nəzarət tədbirlərindən 9-u üzrə müvafiq məlumatlar aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilmişdir. Həmin tədbirlərdən 4-ü inzibati xəta xarakterli, 5-i isə cinayət xarakterli olmuşdur.
Sonra çıxış edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, Hesablama Palatasının 2018-ci ildə apardığı nəzarət tədbirləri nəticəsində 90 milyon manat vəsaitin səmərəsiz xərcləndiyi aşkar edilib.
Dövlət büdcəsinə bərpa edilən vəsaitlərin yaranma mənbələri üzrə strukturda vergi, rüsum və digər ödəmələr 38,4 faiz, digər istiqamətlər üzrə 19,8 faiz, tikinti xərcləri üzrə 17,4 faiz, satınalmalar üzrə xərclər isə 10,7 faiz təşkil edib. Hesabat ilində bərpa edilmiş vəsaitin 33,5 faizi büdcə qanunvericiliyinin pozulması ilə bağlı olmuşdur. Ümumiyyətlə, Hesablama Palatasının 2018-ci ildə nəzarət fəaliyyəti yüksək səviyyədə həyata keçirilmişdir.
Müzakirələrdən sonra Hesablama Palatasının illik hesabatı səsverməyə çıxarılaraq müsbət qiymətləndirildi.
Sonra gündəlikdəki digər məsələlər müzakirə edildi. Deputatlar “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə müsbət münasibət bildirdilər. Məlumat verildi ki, Saziş bu il martın 19-da Astanada imzalanıb.
Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycan Respublikasının Ailə Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini müzakirəyə təqdim etdi. Bildirdi ki, dəyişiklik “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2018-ci il 30 oktyabr tarixli Qanunun tətbiqi ilə əlaqədardır. Həmin Qanuna əsasən qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət müəyyən edən yeni maddə əlavə edilmişdir.
Qanun layihəsi səsə qoyularaq qəbul edildi.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri ilə bağlı məlumat verdi. Bildirdi ki, nəzərdə tutulan dəyişikliklər UEFA Avropa Liqasının final oyununun və 2020-ci il futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir dörddəbir oyunu) ölkəmizdə keçirilməsi ilə əlaqədardır. Bu məqsədlə bəzi gəlirlər vergidən və gömrük rüsumundan azad ediləcək. Hər iki qanun oyunların keçirildiyi müddətdə qüvvədə olacaq.
Bu qanun layihələri də qəbul edildi.
“Fitosanitar nəzarəti haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verdi. Qeyd olundu ki, dəyişikliklər fitosanitar nəzarəti və dövlət fitosanitar xidməti sahələrində fəaliyyət göstərən aidiyyəti dövlət orqanlarının səlahiyyət bölgüsünün dəqiqləşdirilməsini və qarşılıqlı əməkdaşlıq ilə bağlı məsələləri nəzərdə tutur. Belə ki, dəyişikliyə əsasən fitosanitar nəzarəti ilə dövlət fitosanitar xidməti fərqləndirilmiş, fitosanitar nəzarəti sahəsində səlahiyyətlər Qida Təhlükəsizliyi Agentliyinə, dövlət fitosanitar xidməti sahəsində səlahiyyətlər isə Kənd Təsərrüfatı Nazirliyinə həvalə olunmuşdur. Qanun layihəsi qəbul edildi.
İclasda Su, Meşə, Torpaq, Şəhərsalma və Tikinti məcəllələrində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), “Meliorasiya və irriqasiya haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Balıqçılıq haqqında”, “Elektroenergetika haqqında” və “Nəqliyyat haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Ekoloji təhlükəsizlik haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Avtomobil yolları haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Aviasiya haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “İctimai iştirakçılıq haqqında”, “Dəniz limanları haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Turizm haqqında” və “Elektrik və istilik stansiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri də müzakirə olundu.
Dəyişikliklərlə bağlı Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdilər. Bildirildi ki, dəyişikliklər “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli Qanunun icrası ilə əlaqədardır. Qanun layihələri səsə qoyularaq təsdiq olundu.
Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Əmək, Vergi və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi haqqında və “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Lisenziya və icazələr haqqında”, “Məktəbəqədər təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini müzakirəyə təqdim etdi. Bildirildi ki, dəyişikliklər 12 iyun 2018-ci il tarixində qəbul olunmuş “Təhsil haqqında” Qanunda edilən dəyişikliklərə uyğunlaşdırma məqsədi daşıyır.
Bu dəyişikliklər də təsdiq edildi.
İclasda son olaraq İnzibati Xətalar, Mülki, Vergi, Mənzil, Gömrük məcəllələrində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), “Auditor xidməti haqqında”, “İnvestisiya fəaliyyəti haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, “Yeyinti məhsulları haqqında”, “Notariat haqqında”, “Kredit ittifaqları haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Kommersiya sirri haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Daxili audit haqqında” və “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə və “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də müzakirə edildi.
Komitə sədrləri Əli Hüseynli və Ziyad Səmədzadə layihələrlə bağlı məlumat verərək bildirdilər ki, bu qanunlara dəyişikliklərin edilməsi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 4 may 2018-ci il tarixli Qanunun icrası məqsədilə nəzərdə tutulur.
Qanun layihələri səsə qoyularaq təsdiq olundu.
İclasın gedişində deputatlar Aydın Mirzəzadə, Fəzail Ağamalı, İlham Məmmədov, Fazil Mustafa, Əflatun Amaşov, Vahid Əhmədov, Əli Məsimli, Aydın Hüseynov, Siyavuş Novruzov, Qüdrət Həsənquliyev müxtəlif məsələlərin müzakirəsi zamanı çıxış edərək fikirlərini bildirdilər, təkliflərini verdilər.
Bununla da Milli Məclisin iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti