RUSİYA NÜMAYƏNDƏ HEYƏTİ ÖLKƏMİZDƏ SƏFƏRDƏDİR
Xəbər verildiyi kimi, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenkonun başçılığı ilə nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Aprelin 12-də səfər çərçivəsində Rusiya nümayəndə heyətinin üzvləri Bakı şəhərində yerləşən 5 nömrəli “ASAN xidmət” mərkəzində olmuşlar. Burada qonaqlara Mərkəzin fəaliyyət istiqamətləri haqqında geniş məlumat verilmiş, əhaliyə göstərilən xidmətlərdən danışılmışdır. “ASAN xidmət”də görülən işlər qonaqlar tərəfindən maraqla qarşılanmışdır.
Həmin gün Milli Gimnastika Arenasında olan qonaqlar burada idmançılar üçün yaradılan şəraitlə tanış olmuşlar. Onlara Azərbaycan idmançılarının son illərdə müxtəlif səviyyəli yarışlarda əldə etdikləri uğurlar barədə danışılmışdır.
Valentina Matviyenkonun başçılığı ilə Federal Şuranın nümayəndə heyəti Fəxri Xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmiş, əklil qoymuşlar.
Valentina Matviyenko görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anmış, məzarı üzərinə qızıl güllər düzmüşdür.
Sonra qonaqlar Şəhidlər Xiyabanına gələrək ölkəmizin müstəqilliyi uğrunda canlarından keçmiş Vətən övladlarının məzarlarını ziyarət edərək, buradakı Abidə kompleksində yerləşən Əbədi məşəlin önünə əklil qoymuşlar.
Səfər zamanı Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirmişdir. Mətbuat konfransında xanım Valentina Matviyenko Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq, Bakıda keçirdiyi görüşlərdən məmnun qaldığını söyləmişdir. O, ikitərəfli və parlamentlərarası əlaqələrimizin bu günü və gələcək inkişaf perspektivləri barədə fikirlərini açıqlamış, jurnalistləri maraqlandıran suallara ətraflı cavablar vermişdir.
Valentina Matviyenkonun başçılığı ilə Rusiya nümayəndə heyətinin ölkəmizə səfəri bu gün başa çatır.
Milli Məclisin
Mətbuat xidməti