MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
23 aprel 2019 | 05:04   
Paylaşın:        

Aprelin 23-də parlamentin yaz sessiyasının növbəti iclası oldu. Plenar iclasa Milli Məclisin Sədri Oqtay Əsədov sədrlik edirdi. 19 məsələdən ibarət gündəlik təsdiqləndi. Deputatlar günün aktual məsələlərinə münasibət bildirdilər.
Gündəlikdəki məsələlərin müzakirəsinə təşkilati məsələyə baxılmasıyla başlandı. Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə idman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatlarından irəli sürülmüş 5 nəfər yeni namizədi təqdim etdi. Bildirdi ki, hər təşkilatdan 1 nəfər olmaqla bu namizədlərdən 3 nəfəri qarşıdakı 6 il  müddətinə Yayım Şurasının üzvlüyünə təsdiqlənməlidir.
Fikir mübadiləsi aparıldı. Səsvermə zamanı deputatlar Yusif Babanlının, Salman Musayevin və Zemfira Qafarovanın namizədliyini dəstəklədilər.
Sonra iclasda Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında məsələni şərh etdi. Bildirdi ki, yeni qanun kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin pensiya təminatının yaxşılaşdırılması məqsədi daşıyır. Layihədə təklif olunur ki, bu sahənin hərbi qulluqçuları sərəncamdan tərxis olunarkən onların pensiyası sərəncama götürüldüyü günə aldıqları pul təminatından hesablansın.
Parlament bu təklifi dəstəklədi, qanun qəbul edildi. 
Plenar iclasda  bildirildi ki, Mülki Məcəllədə və “Qiymətli kağızlar bazarı haqqında” qanunda dəyişiklik edilməsi məsələləri Mülki Məcəlləyə dair 30 oktyabr 2018-ci ildə qəbul edilmiş qanunun icrası ilə bağlıdır. Həmin qanuna əsasən, daşınmaz əmlaka mülkiyyət hüququnu təsbit edən ipoteka kağızı elektron sistem vasitəsilə qeydiyyata alınır və sənədsiz qiymətli kağız hesab olunur, o formada da rəsmiləşdirilir. Bununla əlaqədar olaraq hazırda Mülki Məcəllənin 194.5-ci maddəsindən “sənədli” sözünün çıxarılması, həmçinin “Qiymətli kağızlar bazarı haqqında” qanunun Mülki Məcəlləyə və “İpoteka haqqında” qanuna uyğunlaşdırılması zərurəti meydana gəlib.
Parlament hər iki qanunu qəbul etdi.
  “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikdən bəhs edən  Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirdi ki, məqsəd bu qanunun “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin imzaladığı 25 fevral 2019-cu il tarixli Sərəncama uyğunlaşdırılmasıdır.
 Deputatlar məsələyə müsbət münasibət bildirdilər.  
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Müflisləşmə və iflas haqqında” qanunda edilən dəyişikliyi ətraflı şərh etdi.  Parlament qanunu qəbul etdi.
Son illər çox müasir avtomobil və dəmir yollarının inşası  sayəsində Azərbaycanın regionda həm də nəqliyyat ölkəsinə çevrildiyini vurğulayan Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd etdi ki, bu, ölkəmizdə yük daşımalarının sayının artmasına gətirib çıxarıb. Bu baxımdan Mülki Məcəllənin yük daşınması müqaviləsinə dair 850, 851, 853, 861-ci maddələrində edilən dəyişiklik çox əhəmiyyətlidir.
Parlamentdə qanun layihəsi səsə qoyuldu və birinci oxunuşda qəbul edildi.
  Gündəlikdəki növbəti 12 qanun layihəsi Milli Məclisə ikinci oxunuşda təqdim olunmuşdu.
“Fitosanitar nəzarəti haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsində edilən dəyişiklik barədə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun məlumatı dinlənildi. Sənəd ikinci oxunuşda qəbul edildi.
Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Lisenziya və icazələr haqqında”, “Məktəbəqədər təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarda  edilən dəyişikliklərin “Təhsil haqqında” qanuna uyğunlaşdırma xarakteri daşıdığını bildirdi. Milli Məclis qanunu ikinci oxunuşda qəbul etdi.
Gündəlikdəki növbəti beş qanun layihəsini təqdim edən Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov nəzərə çatdırdı ki, həmin qanun layihələri ötən il qəbul olunmuş “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunun icrası məqsədi ilə hazırlanıb.
Məlumat dinlənildikdən sonra deputatlar Su, Meşə, Torpaq, Şəhərsalma və Tikinti məcəllələrində dəyişiklik edilməsi haqqında qanuna ikinci oxunuşda səs verdilər. 
Meliorasiya və irriqasiya, əhalinin radiasiya təhlükəsizliyi, balıqçılıq, elektroenergetika və nəqliyyat haqqında qanunlara təklif olunan dəyişikliklər ikinci oxunuşda məqbul sayıldı. 
“Ekoloji təhlükəsizlik haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Avtomobil yolları haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Aviasiya haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarda edilən dəyişikliklərə dair qanun layihəsi ikinci oxunuşda qəbul olundu.
 Parlament “İctimai iştirakçılıq haqqında”, “Dəniz limanları haqqında”, “Yaşıllıqların mühafizəsi haqında”, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanunlarda ehtiyac duyulan  dəyişikliklərə ikinci oxunuşda müsbət münasibət bildirdi.
Plenar iclas kənd təsərrüfatı kooperasiyası, ətraf mühitə təsirin qiymətləndirilməsi, turizm, elektrik və istilik stansiyaları haqqında qanunlarda dəyişiklik edilməsinə də ikinci oxunuşda razılıq verdi.
Gündəlikdəki növbəti dörd məsələ “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə” 4 may 2018-ci il tarixli qanunun icrası məqsədi daşıyırdı. Komitə sədri Ziyad Səmədzadə bildirdi ki, həmin qanunla əlaqədar olaraq mühasibat uçotu sahəsində islahat xarakterli tədbirlər həyata keçirilib, o cümlədən iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasiblərinin peşəkar mühasib olmaları ilə bağlı tələblər nəzərdə tutulub. Qanun layihələrində dəqiqləşdirmə xarakterli dəyişikliklər də var. 
Səsvermə zamanı deputatlar İnzibati Xətalar Məcəlləsində, həmçinin Mülki, Vergi, Mənzil və Gömrük məcəllələrində dəyişiklik edilməsinə ikinci oxunuşda razılıq verdilər.
Plenar iclasda auditor xidməti, investisiya fəaliyyəti, müflisləşmə və iflas, kiçik sahibkarlığa dövlət köməyi, yeyinti məhsulları, notariat, kredit ittifaqları və dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunlarda dəyişiklik edilməsi məsələsi də ikinci oxunuşda müsbət qarşılandı. 
“Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanunlara təklif olunan dəyişikliklər ikinci oxunuşda qəbul olundu.
İclasın yekununda “Standartlaşdırma haqqında” qanun layihəsi barədə məsələyə baxıldı. Sənəd ikinci oxunuşda qəbul edildi.
Bugünkü iclasda gedən müzakirələrdə Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, deputatlar Azay Quliyev, Fazil Mustafa, Tahir Kərimli, Əflatun Amaşov, Qənirə Paşayeva, Siyavuş Novruzov, Fərəc Quliyev, Sahib Alıyev, Hikmət Məmmədov, Aqil Abbas, İlham Əliyev  rəy və təkliflərini bildirdilər. 
Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatdı.

 

Milli Məclisin
Mətbuat xidməti

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU