İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
26 aprel 2019 | 05:04   
Paylaşın:        
Aprelin 26-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. Komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, gündəliyin birinci məsələsi “Aqrar sığorta haqqında” (birinci oxunuş) qanun layihəsidir. 
Komitə sədri qeyd etdi ki, aqrar sığorta ölkəmizdə kənd təsərrüfatında aparılan islahatların növbəti mərhələsidir. Maliyyə Bazarlarına Nəzarət Palatası da sığorta sahəsində tədbirlər sistemi hazırlayır. Təbii fəlakətlərlə bağlı risklərin bir hissəsi sığorta şirkətlərinin üzərində olmalıdır. 
İclasda çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirdi ki, “Aqrar sığorta haqqında” qanun layihəsində müştərək sığorta mexanizminin yaradılması nəzərdə tutulur. Məqsəd sığorta haqlarını ödəməkdə çətinliklə üzləşəcək fermerlərə kömək etməkdir.  Əvvəlki qanunvericilikdə də dövlətin aqrar sığortaya dəstəyi əks olunmuşdu. Yeni mexanizm dövlətin bu sahədə dəstəyinin təmin edilməsinə imkan yaradacaq. Artıq ölkəmizdə aqrar sığorta orqanı formalaşdırılacaq və fermerlər onları maraqlandıran sualları cavablandıracaq bir orqanı görəcəklər. Bu, aqrar sahədə sığortanın tətbiqində maraqlı bir orqan olacaq. Sığorta şirkətlərinin kənd təsərrüfatı kimi riskli sahədən çəkinməməsinin təmin edilməsinə ehtiyac var. Buna görə də aqrar sığortaçıda da maraq yaradılacaq. 
İclasda çıxış edən deputatlar Vahid Əhmədov, Tahir Mirkişili, Əli Məsimli, Rüfət Quliyev, Xanhüseyn Kazımlı, Aydın Hüseynov, kənd təsərrüfatı nazirliyinin və sığorta şirkətlərinin nümayəndələri qanun layihəsi haqqında fikirlərini bildirdilər, qeyd və təkliflərini verdilər. Bildirildi ki, qanun layihəsi deyilən təkliflər nəzərə alınmaqla ikinci oxunuşa qədər daha da təkmilləşdiriləcəkdir.
Müzakirələrdən sonra “Aqrar sığorta haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu.
İclasda “Sığorta fəaliyyəti haqqında” və “Dövlət rüsumu haqqında” qanunlara da (birinci oxunuş) dəyişiklik edildi.
Bununla da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası başa çatdı. 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU