AQRAR SİYASƏT KOMİTƏSİNDƏ
Aprelin 26-da Aqrar siyasət komitəsində 7 məsələyə baxıldı.
Komitənin sədri Eldar İbrahimov bildirdi ki, günün tələbinə uyğun olaraq aqrar sahədə sığortanın geniş tətbiqinə, bu sahədə işlək mexanizmin təmin olunmasına ciddi ehtiyac yaranıb. Azərbaycan Prezidentinin imzasıyla Milli Məclisə daxil olmuş yeni qanun layihəsi aqrar sığortanın təkmilləşməsinə xidmət edəcək, ölkədə idxaldan asılılığın azalmasına və ixrac potensialının artmasına təkan verəcək, ərzaq təhlükəsizliyinin güclənməsinə ciddi təsir göstərəcək. “Aqrar sığorta haqqında” qanun fermerlərin maliyyə mənbələrinə çıxışını da asanlaşdıracaq.
İclasda “Aqrar sığorta haqqında” (birinci oxunuş) qanun layihəsini Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini, aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə təqdim etdi. Bildirdi ki, 4 fəsil, 24 maddədən ibarət qanun layihəsi Kənd Təsərrüfatı və Maliyyə nazirlikləri tərəfindən hazırlanıb. İşçi qrupu dünyadakı aqrar sığorta modellərini araşdırıb, mütərəqqi təcrübəni öyrənib. Aqrar sığorta sahəsində dövlətin vəzifələri aqrar sığorta predmetlərini və sığorta risklərini müəyyənləşdirmək, sığorta sisteminin tətbiqinə nəzarət etmək və fasiləsizliyinin təmin olunmasına dəstək verməkdir.
Müzakirə zamanı Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev, deputatlar Hüseynbala Mirələmov, İqbal Məmmədov, Aydın Hüseynov, Novruz Aslan rəy və təkliflərini bildirdilər. Sənəd müsbət dəyərləndirilidi. Layihə üzərində bəzi təkmilləşdirmələr aparılması vacib sayıldı. Vurğulandı ki, “Aqrar sığorta haqqında” qanun layihəsi birinci oxunuşun tələblərinə cavab verir, konseptual baxımdan məqbuldur.
İclasda iştirak edən Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri deputatları maraqlandıran sualları cavablandırdılar.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Sonra komitədə üçüncü oxunuşda müzakirəyə çıxarılmış 6 qanun layihəsinə baxıldı. Deputatlar “Fitosanitar nəzarəti haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi, Su, Meşə, Torpaq, Şəhərsalma və Tikinti məcəllələrində dəyişiklik edilməsi, meliorasiya və irriqasiya, əhalinin radiasiya təhlükəsizliyi, balıqçılıq, elektroenergetika və nəqliyyat haqqında qanunlarda dəyişiklik edilməsi, ictimai iştirakçılıq, dəniz limanları, yaşıllıqların mühafizəsi, tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi barədə qanunlarda dəyişiklik edilməsi, kənd təsərrüfatı kooperasiyası, ətraf mühitə təsirin qiymətləndirilməsi, turizm, elektrik və istilik stansiyaları haqqında qanunlarda dəyişiklik edilməsi, auditor xidməti, investisiya fəaliyyəti, müflisləşmə və iflas, kiçik sahibkarlığa dövlət himayəsi, yeyinti məhsulları, notariat, kredit ittifaqları və dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunlarda dəyişiklik edilməsinə dair məsələləri üçüncü oxunuşda parlamentin plenar iclasına tövsiyə etdilər.
Milli Məclisin
Mətbuat xidməti