HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASINDA
Mayın 3-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi. Komitə sədri Əli Hüseynli gündəlik barədə məlumat verdi.
İclasda əvvəlcə Azərbaycan Respublikasının Milli Məclisinə qanun layihələrinin təqdim edilməsi ilə bağlı məsələyə baxıldı. Bildirildi ki, ümumxalq səsverməsi ilə ölkə Konstitusiyasına edilmiş əlavələr və dəyişikliklərdən sonra seçki hüququ olan 40 min vətəndaşın qanunvericilik təşəbbüsü hüququ 96-cı maddədə öz əksini tapmışdır. Burada aydın şəkildə qeyd olunur ki, vətəndaşların bu hüquqdan istifadə etməsi qaydası qanunla tənzimlənir.
İclasda bildirildi ki, Milli Məclisə bir qrup vətəndaşın imzası ilə bir neçə qanun layihəsi daxil olub. Bununla bağlı imzaların yoxlanılması üçün işçi qrupu yaradılıb. İclasda iştirak edən Mərkəzi Seçki Komissiyasının üzvü Etibar Quliyev işçi qrupunun fəaliyyəti barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, aparılan araşdırma zamanı bir sıra nöqsanlar aşkarlanmışdır. Belə ki, sənədlərdə olan 41500 vətəndaşın imzası nəzərdən keçirilib və əldə edilən nəticəyə əsasən, lazım olan 40 min imza toplanmayıb.
Müzakirələr zamanı komitə üzvləri Elşən Musayev, Qüdrət Həsənquliyev, Çingiz Qənizadə, Sabir Hacıyev, Tahir Kərimli məsələ ilə əlaqədar öz fikirlərini açıqladılar, bu sahədə dünya təcrübəsindən danışdılar. Müzakirələrin sonunda qərara alındı ki, Azərbaycan Respublikasının Milli Məclisinə qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmiş qanun layihələrinin prosedur qaydaları pozulduğuna görə müzakirəyə çıxarılmasın.
Sonra Mülki Məcəllədə, “Yol hərəkəti haqqında” və “Notariat haqqında” qanunlarda dəyişikliklərin edilməsi ilə əlaqədar məsələlərə baxıldı. Komitə sədri Əli Hüseynli diqqətə çatdırdı ki, sənədlərə uyğunlaşdırma məqsədilə bir sıra texniki düzəlişlər edilib. Belə ki, Mülki Məcəllənin 965.2 və 965.3-cü maddələrində “Hesabdakı” və “Bir” sözləri “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmayıbsa, hesabdakı (bir)” ifadəsi ilə əvəz olunur.
“Yol hərəkəti haqqında” və “Notariat haqqında” qanunların müvafiq maddələrində “hüquqi şəxslər” sözlərindən sonra (“dövlət qurumları”) sözləri əlavə edilir, “xəta haqqında elektron protokol tərtib olunur” ifadəsi “tənbeh vermə haqqında elektron qərar çıxarılır” sözləri ilə əvəz olunur.
Müzakirələrdə çıxış edən deputatlar göstərilən dəyişikliklərin məqsədəmüvafiq olduğunu söylədilər və qanun layihələrini Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə etdilər.
Milli Məclisin
Mətbuat xidməti