İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ

Komitə iclasları
07 may 2019 | 03:05   
Paylaşın:        
Mayın 7-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. 
Komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, gündəliyin birinci məsələsi “Texniki tənzimləmə haqqında” (ikinci oxunuş) qanun layihəsidir.
Layihə barədə məlumat verən Azərbaycan Standartlaşdırma İnstitutunun Baş direktoru Namiq Tağıyev bildirdi ki, bu qanun ticarətdə texniki maneələrin aradan qaldırılması və malların rəqabət qabiliyyətliyinin artırılması məqsədi ilə mallar, onlarla əlaqəli proseslər və istehsal metodları üzrə texniki tənzimləmənin məqsəd və prinsiplərini və tətbiqi qaydalarını müəyyən edəcək. 
Namiq Tağıyev birinci oxunuşdan sonra layihə üzərində aparılmış işlər barədə məlumat verdi.
Qanun layihəsi barədə danışan deputat Əli Məsimli layihəni yüksək qiymətləndirdi, bəzi maddələr barəsində qeyd və təkliflərini səsləndirdi.
Sonra qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edildi.
İclasda “Standartlaşdırma haqqında” qanun layihəsi də üçüncü oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Bildirildi ki, gündəlikdəki növbəti məsələ -  “Hesablama Palatası haqqında” Qanuna təklif olunan dəyişiklik “Büdcə sistemi haqqında” Qanuna uyğunlaşdırma məqsədi daşıyır.
“Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” qanunlara təklif olunan dəyişikliklər isə təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsi, ölkəyə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumunun məbləği və digər məsələləri əhatə edir.
    İclasda “Yol hərəkəti haqqında”, “Milli arxiv fondu haqqında”, “Avtomobil yolları haqqında”, “Mədəniyyət haqqında” qanunlara dəyişikliklərə, həmçinin “İcra haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) məsələlərə də baxıldı.
Müzakirələrdən sonra gündəlikdəki bütün layihələr Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu.
Bununla da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU