İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA
Mayın 21-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. İclasda əvvəlcə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqında” qanun layihəsinə baxıldı.
Komitə Sədri Ziyad Səmədzadə bildirdi ki, 2018-ci il Azərbaycanda ictimai-siyasi, sosial-iqtisadi sahədə əldə edilən nailiyyətlərə görə əlamətdar il oldu. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər həyata keçirildi. İqtisadiyyatın bütün istiqamətlərində müsbət meyllər müşahidə olundu. Bir çox sosial proqramlar icra edildi. Qlobal risklərə, bizə qarşı olan təzyiqlərə baxmayaraq, ölkə iqtisadiyyatında dayanıqlı inkişaf təmin olundu, islahatlar sistemli şəkildə davam etdirildi. Artıq ölkəmiz dinamik inkişaf edən, güclü iqtisadiyyata malik olan dövlətlərdən birinə çevrilib.
Maliyyə nazirinin müavini Azər Bayramov “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqında” qanun layihəsini və müvafiq hesabatı əhatəli şəkildə şərh etdi. Diqqətə çatdırıldı ki, hər iki sənəd “Büdcə sistemi haqqında” qanuna uyğun hazırlanıb. Hesabat 2018-ci ildə formalaşmış makroiqtisadi mühiti, nəzərdə tutulan gəlir və xərclərin icra vəziyyəti ilə bağlı göstəriciləri, il ərzində götürülən dövlət borcları, ehtiyat və məqsədli büdcə fondlarının vəsaitindən istifadə haqqında vəziyyəti və digər zəruri məlumatları özündə əks etdirir.
2018-ci ildə ölkədəki makroiqtisadi vəziyyətlə bağlı qeyd edildi ki, il ərzində milli valyutanın sabitliyi qorunmuş, inflyasiyanın birrəqəmli səviyyəyə endirilməsinə nail olunmuş, bütövlükdə iqtisadiyyatda 1,4 faiz real artımla 79,8 mlrd. manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilmişdir.
İqtisadiyyatın qeyri-neft sektorunda ötən illə müqayisədə 1,8 faiz real artım əldə edilmişdir. Qeyri-neft ÜDM-in tərkibində aparıcı rola malik kənd təsərrüfatında ötən ildə 4,6 faiz, turizmdə 7,6 faiz, nəqliyyat sektorunda isə 7,8 faiz real artım müşahidə edilmişdir.
Əhalinin nominal gəlirlərinin həcmi 2017-ci ilə nisbətən 9,2 faiz artaraq 53,7 milyard manata çatmış, hər nəfərinə düşən gəliri 8,2 faiz artaraq 5467,4 manat olmuşdur ki, bu da orta hesabla ayda 455,6 manata bərabər olmuşdur. Hesabat ilində ölkə üzrə orta aylıq əməkhaqqı keçən illə müqayisədə 3,0 faiz artaraq 544,1 manat təşkil etmişdir.
Ölkədə mövcud valyuta ehtiyatlarının həcmi 2018-ci il ərzində 2,9 mlrd. ABŞ dolları artaraq 2019-cu ilin 1 yanvar tarixinə 44,5 mlrd. ABŞ dollarına çatmışdır ki, bu da ÜDM-in 94,9 faizinə bərabərdir.
2018-ci ildə dövlət büdcəsinin gəlirləri 22149,0 milyon manat proqnoza qarşı icra 22508,9 milyon manat və ya 101,6 faiz təşkil etmişdir ki, bu da 2017-ci illə müqayisədə 5992,2 milyon manat və ya 36,3 faiz çoxdur.
2018-ci il dövlət büdcəsinin xərcləri 23100,0 milyon manat proqnoza qarşı 22731,6 milyon manat və ya 98,4 faiz icra edilmişdir ki, bu da 2017-ci ilə nisbətən 5137,2 milyon manat və ya 29,2 faiz çoxdur. Xərclərin ÜDM-də xüsusi çəkisi 28,5 faiz təşkil etmişdir ki, bu da 2017-ci ilə nisbətən 3,4 faiz-bənd çoxdur.
Qeyd edildi ki, iqtisadi təsnifata uyğun olaraq 2018-ci il dövlət büdcəsi xərclərinin 31,7 faizi və ya 7196,5 milyon manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da 2017-ci illə müqayisədə 505,8 milyon manat və ya 7,6 faiz çoxdur.
2018-ci ildə elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərclərinə 6166,6 milyon manat vəsait yönəldilmişdir ki, bu da 2017-ci illə müqayisədə 354,8 milyon manat və ya 6,1 faiz çox olmaqla, dövlət büdcəsi xərclərinin 27,1 faizini təşkil etmişdir.
2018-ci ildə sosial müdafiə və sosial təminat xərclərinə dövlət büdcəsi xərclərinin 10,3 faizi həcmində və ya 2340,9 milyon manat vəsait sərf edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik müavinətlərin ödənilməsi üçün 36,3 milyon manat vəsait ayrılmışdır. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması üçün 2018-ci ilin icmal və dövlət büdcələrindən üst-üstə 436,3 milyon manat (Azərbaycan Respublikasının Dövlət Neft Fondundan 200,0 milyon manat, sosial müdafiə və sosial təminat bölməsindən 233,3 milyon manat, dövlət büdcəsinin ehtiyat fondundan 3,0 milyon manat) vəsait ayrılmışdır.
2018-ci il dövlət büdcəsinin icrası prosesində ölkənin sosial-iqtisadi həyatı üçün vacib olan bir sıra layihələrin və tədbirlərin həyata keçirilməsi məqsədilə birdəfəlik təyinatlı xərclər üzrə qənaət olunmuş vəsaitdən 392,6 milyon manat dövlət büdcəsinin ehtiyat fonduna yönəldilmişdir.
Beynəlxalq fəaliyyət, beynəlxalq təşkilatlara üzvlük haqqı, beynəlxalq və ölkə səviyyəli tədbirlər və xarici qrantlar hesabına həyata keçirilən layihələr ilə bağlı xərclər üzrə 2018-ci ilin dövlət büdcəsindən 218,1 milyon manat vəsait istifadə olunmuşdur.
Bildirildi ki, 2018-ci ilin dövlət büdcəsində 222,8 milyon manat məbləğində kəsir (defisit) yaranmışdır. 2018-ci il icmal büdcənin gəlirləri 28124,6 milyon manat proqnoza qarşı icra 30924,7 milyon manat və ya 110,0 faiz (2017-ci ilə nisbətən 6848,7 milyon manat və ya 28,4 faiz çox), xərcləri isə 26575,2 milyon manat proqnoza qarşı icra 26456,9 milyon manat və ya 99,6 faiz (2017-ci ilə nisbətən 1273,9 milyon manat və ya 5,1 faiz çox) olmuşdur.
İcmal büdcənin tərkib hissəsi olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 3578,8 milyon manat proqnoza qarşı icra 3747,9 milyon manat və ya 104,7 faiz olmuşdur ki, bu da 2017-ci ilə nisbətən 349,0 milyon manat və ya 10,3 faiz çoxdur.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 15310,8 milyon manat proqnoza qarşı icra 17614,1 milyon manat (2303,3 milyon manat və ya 15,0 faiz çox) olmuşdur ki, bu da 2017-ci ilə nisbətən 5476,6 milyon manat və ya 45,1 faiz çoxdur.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin xərcləri 11448,3 milyon manat proqnoza qarşı icra 11432,3 milyon manat və ya 99,9 faiz (16,0 milyon manat və ya 0,1 faiz az) olmuşdur.
İclasda iştirak edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirdi ki, 2018-ci ildə ölkə iqtisadiyyatının şaxələndirilməsi prioritet məsələ kimi qoyulmuşdur. Bununla bağlı kompleks tədbirlər həyata keçirilib. Ötən ilin dövlət büdcəsinin icrası ilə bağlı fikirlərini səsləndirən nazir müavini ölkə iqtisadiyyatına investisiya qoyuluşu, qeyri-neft sektoru ilə bağlı göstəricilər, sənaye parklarının yaradılması, bu sahədə əldə edilən statistik məlumatlar, sahibkarlığın inkişafı istiqamətində görülən işlərin əhəmiyyətli olduğunu qeyd etdi. Davamlı və sürətli iqtisadi inkişaf üçün ölkədə münbit şəraitin yaradıldığını vurğuladı.
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2018-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı rəhbərlik etdiyi qurumun rəyini diqqətə çatdırdı. Məsələ ilə bağlı deputatlar Vahid Əhmədov, Rüfət Quliyev, Əli Məsimli, Dövlət Gömrük Komitəsinin Baş idarə rəisi Mirqasım Vahabov öz fikirlərini açıqladılar, təkliflərini verdilər.
Müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqında” qanun layihəsi birinci oxunuş üçün Milli Məclisin plenar iclasına təqdim edildi.
İclasda “Kredit ittifaqları haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), Vergi Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), “Azərbaycan Respublikasının Milli Məclisinin daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Büdcə sistemi haqqında”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunlarda dəyişikliklərin edilməsi barədə (birinci oxunuş), “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) layihələrə baxıldı. Sonda sənədlər parlamentin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti