MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNİN İCLASINDA
Mayın 22-də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası oldu. Gündəlikdəki məsələləri Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov təqdim etdi.
Komitə sədri bildirdi ki, “Terrorçuluğa qarşı mübarizə haqqında” və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanunlarında dəyişiklik edilməsi barədə” məsələ qanunvericiliyin uyğunlaşdırılması xarakteri daşıyır. Qeyd etdi ki, Azərbaycan hər zaman terrora qarşı mübarizənin önündə gedən dövlət olduğu üçün ölkəmizdə müvafiq hüquqi bazanın möhkəmləndirilməsinə ciddi diqqət yetirilir.
Sonra iclasda “Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” məsələyə baxıldı. Bildirildi ki, bu sənəd cari ilin 7 aprel tarixində Ər-Riyadda imzalanıb.
Fikir mübadiləsində deputatlar Sazişin əhəmiyyətini yüksək dəyərləndirdilər.
“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası qanununda dəyişiklik edilməsi barədə” məsələni şərh edən I vitse-spiker qeyd etdi ki, dəyişiklik redaktə xarakterlidir, uyğunlaşdırma məqsədi daşıyır.
Komitədə baxılan qanun layihələri plenar iclasa tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti