REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ
Mayın 24-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. İclasda “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsinə baxıldı.
Komitə sədri Arif Rəhimzadə bildirdi ki, sənəd qanunvericilik təşəbbüsü qaydasında ölkə prezidenti tərəfindən parlamentə daxil olub.
Məlumat verildi ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 16-cı maddəsinin ikinci hissəsinin ikinci cümləsi yeni redaksiyada təqdim edilib. Düzəlişə əsasən, deputat Azərbaycan Respublikası Milli Məclisinin, yaxud onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən iştirak etmədikdə, habelə Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində nəzərdə tutulmuş digər hallarda həmin Nizamnamə ilə müəyyən edilmiş qaydada parlamentdaxili məsuliyyətə cəlb olunur.
Diqqətə çatdırıldı ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunun bəzi maddələrinə müddət və qaydaların dəqiqləşdirilməsi ilə bağlı, habelə redaktə xarakterli bir sıra düzəlişlər edilib. Belə ki, 5-ci maddəyə olunan dəyişikliyə əsasən, bu qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktlar bu qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olduqda inzibati nəzarət icraatının başlanması üçün əsas yaradır. Qanunun 8.3-cü maddəsindəki dəyişikliyə görə, inzibati nəzarəti həyata keçirən orqan müraciətin araşdırılması nəticəsində bələdiyyənin fəaliyyətinin qanuna zidd olduğunu aşkar etdikdə, həmin fəaliyyətin dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması barədə 3 gün müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 2 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verir. 8.4-cü maddəyə əsasən isə inzibati nəzarəti həyata keçirən orqan bu qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 3 gün müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 2 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verir.
Qanundakı digər düzəlişlərin mahiyyəti barədə danışan komitə sədri bildirdi ki, təklif edilən dəyişikliklərin məqsədi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun icrası ilə əlaqədardır.
Deputatlar Fəzail İbrahimli, Tahir Rzayev, Azər Badamov, Kamran Bayramov qanun layihəsi barədə öz fikirlərini açıqladılar. Bildirildi ki, göstərilən dəyişikliklər aşkarlıq və operativliyin təmin edilməsi baxımından əhəmiyyətlidir. Bələdiyyələrin səmərəli fəaliyyət göstərməsi üçün əlverişli şərait yaradacaq.
İclasda iştirak edən Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov, Astara Bələdiyyəsinin sədri Aygül Məmmədova da sənədi müsbət qiymətləndirdilər. Qeyd olundu ki, bəhs edilən dəyişikliklər yerli özünüidarəetmə orqanlarının məsuliyyətini daha da artıracaq, çevik işləməyə kömək edəcək, inzibati nəzarəti gücləndirəcək.
Müzakirələrin sonunda “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti