AVROPA PARLAMENTİNİN ÜZVLƏRİ MİLLİ MƏCLİSDƏ OLDULAR
Mayın 29-da Milli Məclisdə “Azərbaycan Avropa məkanında” mövzusunda konfrans keçirildi. Konfransda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev, deputatlar Cavanşir Feyziyev, Mixail Zabelin, Rasim Musabəyov, Avropa Parlamentinin üzvləri iştirak edirdilər.
Komitə sədri Səməd Seyidov qonaqları Milli Məclisdə salamlayaraq bildirdi ki, Azərbaycan Avropa ölkələri ilə əməkdaşlığa böyük önəm verir. Birgə evimiz olan Avropada münasibətlərimiz konstruktiv dialoq əsasında qurulmalıdır. Şərq və Qərb bir araya gələrək mövcud problemləri müzakirə etməlidir. Dağlıq Qarabağ münaqişəsindən söhbət açan Səməd Seyidov problemin həlli istiqamətində BMT Təhlükəsizlik Şurasının, AŞPA-nın, ATƏT-in qəbul etdiyi qərarları diqqətə çatdırdı. Xocalı soyqırımı barədə danışdı. O, bildirdi ki, Azərbaycanın qapıları dostlar üçün hər zaman açıqdır. Bu gün Avropada antisemitizm halları müşahidə olunur. Bizim ölkəmizdə isə yəhudilər həmişə sərbəst yaşayıblar. Sinaqoqlar, kilsələr fəaliyyət göstərir, hətta şəhərin mərkəzində yerləşən erməni kilsəsi hələ də qalmaqdadır. Azərbaycan xalqı tolerantlıq kimi dəyərlərə həmişə xüsusi diqqət yetirir. Bizim parlamentdə də rus, yəhudi, digər xalqların nümayəndələri təmsil olunurlar.
Rusiya Siyasi araşdırmalar institutunun direktoru Sergey Markov konfransda 10-dan çox ölkənin nümayəndəsinin iştirak etdiyini söylədi. Biz hamımız dialoqun tərəfdarıyıq deyən rusiyalı qonaq, yaranmış problemlərin qarşılıqlı anlaşma yolu ilə həllinin vacibliyindən danışdı. O, qeyd etdi ki, Azərbaycan vacib geosiyasi regionda yerləşir və bu gün beynəlxalq dialoqun mərkəzi rolunu oynayır. Burada müntəzəm olaraq beynəlxalq forumlar keçirilir, müxtəlif sivilizasiyalar və mədəniyyətlər arasında münasibətlərdən söhbət açılır.
Azərbaycan Prezidenti Administrasiyasının Xarici KİV və QHT-lərlə iş sektorunun müdiri Fuad Axundov öz çıxışında bildirdi ki, bu gün Azərbaycan sürətlə inkişaf edir. Eyni zamanda, bizim Dağlıq Qarabağ münaqişəsi kimi ağrılı problemimiz mövcuddur. 20 faiz ərazilərimiz Ermənistan tərəfindən işğal olunub. Azərbaycan polietnik bir dövlətdir, burada çoxsaylı xalqların nümayəndələri birgə yaşayır. Regiondakı digər ölkələrdə də polietnik cəmiyyətlər qurulub. Burada yeganə monoetnik ölkə Ermənistandır. Bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı yoxdur. Azərbaycanda və Türkiyədə isə minlərlə erməni yaşamaqdadır. Sovetlər Birliyi vaxtında bu ölkədə mövcud olan bütün Azərbaycan memarlıq abidələri hal-hazırda dağıdılıb.
Fuad Axundov Oleq Kuznetsovla birgə yazdıqları “Ermənistanda nasizmin qəhrəmanlaşdırılması təcrübəsi” adlı kitabı təqdim etdi. Qeyd olundu ki, kitabda 2000-ci ildən başlayaraq nasistlərin qəhrəman kimi təqdim edilməsi ilə bağlı Ermənistanın dövlət siyasəti sənədlərlə təsdiq edilir. Ölkənin müxtəlif şəhərlərində nasist Njdeyə ucaldılmış abidələr, faşist Almaniyasına xidmət edən bu caninin törətdikləri cinayətlər barədə faktlar toplanıb.
Prezident Administrasiyasının nümayəndəsi Azərbaycanın dünya dövlətləri ilə əməkdaşlıq etməyə hazır olduğunu dedi, beynəlxalq toplantılarda iştirak edərək ölkəmiz barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən danışdı.
Rusiyalı tarixçi Olez Kuznetsov öz çıxışında dedi ki, bu gün dünyada nasizmlə mübarizə getdiyi halda, Ermənistanda nasizmin qəhrəmanlaşdırılması ilə bağlı bir kult yaranıb, bu, artıq dövlət ideologiyasına çevrilib. Bu, Avropa üçün bir problemdir. Ermənistanda milliyyətçi rejim mövcuddur. Biz buna qarşı ciddi mübarizə aparmalıyıq.
Tədbirdə Avropa Parlamentinin İngiltərədən, Fransadan, Rumıniyadan, Polşadan olan üzvləri Dağlıq Qarabağ münaqişəsi barədə öz fikirlərini səsləndirdilər. Problemin həlli ilə əlaqədar görülən işlərə, konflikt zonasında son dövrdə baş verən hadisələrə münasibət bildirdilər. Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş soyqırımdan danışdılar. Bu ərazinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu bildirdilər. Mədəni irsin dağıdılması, etnik təmizləmə, itirilmiş əmlak məsələlərinin qabardılmasının vacib olduğunu dedilər.
Konfransda çıxış edənlər müstəqil Azərbaycanın iqtisadi, sosial, demoqrafik inkişafını təqdir etdilər. Qeyd edildi ki, bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən qat-qat çoxdur. Yəni əgər məsələnin sülhlə həlli mümkün olmasa, Azərbaycan problemi müharibə yolu ilə həll etməyə qadirdir.
Görüşdə deputat Cavanşir Feyziyev ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlıq barədə danışdı. Qeyd edildi ki, qurum Azərbaycanın sərhədlərinin bütövlüyünü tanıyır, dövlətimizin suverenliyini dəstəklədiyini dəfələrlə nümayiş etdirib.
Toplantıda bir sıra aktual məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.
* * *
Sonra mətbuat konfransı keçirildi.
Mətbuat konfransında Avropa Parlamentinin üzvləri Netan Gill (İngiltərə) və Emerik Şoprad (Fransa), Fransa Parlamentinin üzvü Jan-Lük Reyster, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov, Azərbaycan Prezidenti Administrasiyasının xarici KİV və QHT-lərlə iş sektorunun müdiri Fuad Axundov jurnalistləri maraqlandıran suallara cavab verdilər, Azərbaycan və Bakı ilə bağlı təəssüratlarını bölüşdülər.
Avropalı parlamentarilər vurğuladılar ki, Azərbaycan təhlükəsiz ölkədir. Turist kimi gəlmək üçün çox gözəl diyardır. Azərbaycan xalqı burada məskunlaşmış müxtəlif xalqların və etnik qrupların nümayəndələri ilə dinc yanaşı yaşamağın ən gözəl nümunəsini yaradıb. Azərbaycanda yüksək səviyyədə olan tolerantlıq demokratiyanın təzahürlərindəndir.
Ölkəmizin iqtisadi inkişafından məmnunluqla söz açan qonaqlar dedilər ki, həm Bakıda, həm də bölgələrdə tərəqqi və sabitlik gördük. Bir sıra ölkələrə rəğmən Azərbaycanda siyasi hakimiyyətə hörmət var. Bu, çox yaxşıdır. Azərbaycanın müstəqil siyasəti var, ölkə böyük güclərdən asılı deyil. Son illər Azərbaycan çox vacib, ciddi geosiyasi regiona, dialoq mərkəzinə çevrilib. Burada müntəzəm olaraq beynəlxalq forumlar keçirilir.
Qərbdə Azərbaycana qarşı lobbiçilik olduğunu etiraf edən avropalı parlamentarilər ölkəmizin dünyada hökm sürən çətin şəraitdə müstəqilliyini qoruyub saxlaya bilməsinə də heyranlıq ifadə etdilər.
* * *
Konfrans iştirakçıları Milli Məclisin binası, deputatlar üçün yaradılmış şəraitlə yaxından tanış oldular. Qonaqlara xatirə hədiyyələri təqdim olundu.
Milli Məclisin
Mətbuat xidməti