REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ

Komitə iclasları
04 iyun 2019 | 05:06   
Paylaşın:        

İyunun 4-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. Komitə sədri Arif Rəhimzadə bildirdi ki, gündəliyə bir sıra qanunlara dəyişikliklərlə bağlı 3 məsələ daxil edilib. Qanun layihələri qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən təqdim olunub.
Əvvəlcə, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi ikinci oxunuşda təqdim edildi. Diqqətə çatdırıldı ki, təklif olunan dəyişikliklər “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun və “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında 2018-ci il 27 noyabr tarixli qanunun icrası ilə əlaqədardır.
Bildirildi ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanuna daha bir düzəliş edilib. Belə ki, qanunun Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın sorğusu əsasında yerli büdcənin maliyyə-büdcə ekspertizasının keçirilməsini, rəyin hazırlanmasını, təkliflərin verilməsini və zərurət yarandıqda audit yoxlamasının həyata keçirilməsini  təsbit edən 4.6-cı maddəsi ləğv olunur.
Bu qanunla bir paketdə ikinci oxunuş üçün daxil olan “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Büdcə sistemi haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunlara da müvafiq dəyişikliklər edilib. Dəyişikliklər “Hesablama Palatası haqqında” 2018-ci il 29 iyun tarixli qanunun icrası ilə əlaqədardır.
Sonra “Bələdiyyələrin statusu haqqında” qanunda dəyişiklik edilməsi barədə”  qanun layihəsinə birinci oxunuşda baxıldı. Qeyd edildi ki, sənədin  bələdiyyələrin beynəlxalq əməkdaşlığına həsr olunmuş 10-1-ci maddəsinə ikinci cümlə əlavə edilir. Əlavəyə əsasən, müvafiq icra hakimiyyəti orqanı bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə xarici dövlətlərin yerli özünüidarəetmə orqanları, onların assosiasiyaları və ixtisaslaşdırılmış təşkilatları ilə təcrübə mübadiləsini təşkil edir.
Qanuna, eyni zamanda, “Bələdiyyə fəaliyyətinin təşkilinə köməklik göstərilməsi” adlı 49-1-ci maddə əlavə olunur. Yeni maddədə deyilir ki, müvafiq icra hakimiyyəti orqanı bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinə kömək edir və onlara yerli özünüidarəetmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsi sahəsində metodoloji yardım göstərilməsi üzrə tədbirlər görür.
Komitə üzvləri Fəzail İbrahimli, Kamran Bayramov, Rüstəm Xəlilov, Azər Badamov, Cavid Osmanov qanun layihələri barədə öz fikirlərini açıqladılar. Bildirildi ki, təklif olunan düzəlişlər bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi üçün çox faydalıdır.
Müzakirələrin sonunda hər üç sənəd Milli Məclisin plenar iclasına tövsiyə edildi.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU