AQRAR SİYASƏT KOMİTƏSİNDƏ

Komitə iclasları
04 iyun 2019 | 04:06   
Paylaşın:        

İyunun 4-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında iki məsələyə baxıldı. Komitə sədri Eldar İbrahimov əvvəlcə, iclasın gündəliyində “Aqrar sığorta haqqında” (ikinci oxunuş) qanun layihəsini təqdim etdi. Bildirdi ki,  sənəd hazırlanarkən bir sıra ölkələrin qabaqcıl təcrübəsi öyrənilib. Komitədə və plenar iclasda birinci oxunuşdan keçən qanun layihəsinə deputatlar bir sıra dəyərli təkliflər veriblər.
İclasda “Aqrar sığorta haqqında” (ikinci oxunuş) qanun layihəsinin təkmilləşdirilmiş variantını Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini, aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə təqdim etdi. Nəzərə çatdırdı ki, əvvəlki müzakirələrdə deputatlar bu qanunun qəbul edilməsinə böyük ehtiyac olduğunu bildiriblər. Qeyd olunub ki, yeni qanun layihəsi aqrar sığortanın təkmilləşməsinə xidmət edəcək, ölkədə idxaldan asılılığın azalmasına və ixrac potensialının artmasına təkan verəcək, ərzaq təhlükəsizliyinin güclənməsinə ciddi təsir göstərəcək, aqrar sahədə çalışan sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdıracaq, bu sahəyə biznes marağının artmasına və investisiyaların təşviqinə şərait yaradacaqdır.
Məruzəçi məlumat verdi ki, birinci oxunuşdan sonra “Aqrar sığorta haqqında” qanun layihəsi daha da təkmilləşdirilib, bəzi maddələr  yenidən işlənib. Layihənin 15 maddəsində 30-dək dəyişiklik edilib, 14 yeni bənd əlavə olunub. Bundan başqa bəzi maddələrdə redaktə və dəqiqləşdirmə xarakterli düzəlişlər aparılıb.
Komitədə aparılan müzakirədə  Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev, deputatlar Novruzəli Aslanov, Cavanşir Paşazadə, Aydın Hüseynov rəy və təkliflərini bildirdilər. Sənəd müsbət dəyərləndirildi. İkinci oxunuşun tələblərinə tam cavab verdiyi vurğulandı.
Sonra iclasda iştirak edən Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova da layihəyə müsbət münasibətini açıqladı. 
 “Aqrar sığorta haqqında” qanun layihəsi ikinci oxunuşda plenar iclasa tövsiyə olundu.
Sonra komitədə “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Dövlət rüsumu haqqında”, Baytarlıq haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinə (ikinci oxunuş) baxıldı və Milli Məclisin plenar iclasına tövsiyə olunması qərara alındı. 

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU