MİLLİ MƏCLİSİN 2012-ci İL YAZ VƏ NÖVBƏDƏNKƏNAR SESSİYALARININ YEKUNLARINA DAİR MƏTBUAT KONFRANSI KEÇİRİLDİ

Tədbirlər
17 iyul 2012 | 06:07   
Paylaşın:        

İyulun 17-də Milli Məclisin 2012-ci ilin yaz və növbədənkənar sessiyalarının yekunları üzrə mətbuat konfransı keçirildi.
Tədbirdə Milli Məclis Sədrinin müavini Bahar Muradova, Aparatın rəhbəri Səfa Mirzəyev, parlamentin komitə sədrləri Əli Hüseyinli, Ziyad Səmədzadə, Şəmsəddin Hacıyev, Səməd Seyidov, Nizami Cəfərov, komitə sədrlərinin müavinləri Elton Məmmədov, Eldar Quliyev iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Milli Məclisin Mətbuat katibi Akif Nəsirov açdı. Əvvəlcə söz Milli Məclis Sədrinin müavini Bahar Muradovaya verildi.  Bahar Muradova öz çıxışında 2012-ci ildə ölkəmizin bir sıra mühüm nailiyyətlərə imza atdığını qeyd etdi. Cari ilin əvvəlində ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi bu təşkilata sədrlik etməsini, aprel ayında isə Milli Məclisdə Avronest Parlament Assambleyasının II sessiyasının keçirilməsini yüksək qiymətləndirdi.
Konfransda parlamentin 2012-ci il yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin 13 iclasının keçirildiyi, 128 qanun və qərar qəbul olunduğu bildirildi.
Yaz  sessiyasında  (1 fevral  –  29 may 2012-ci il) 11 iclas keçirilərək, 85 qanun və qərar qəbul olunduğu, növbədənkənar sessiya (1 iyun – 29 iyun 2012-ci il) dövründə isə parlamentin 2 iclası keçirilərək, 43 qanun və qərar qəbul olunduğu qeyd edildi. Parlamentdə bu dövrdə bir sıra qanun layihələrinə birinci və ikinci oxunuşlarda münasibət bildirildiyi də nəzərə çatdırıldı.
Yaz və növbədənkənar sessiyalar ərzində Milli Məclis komitələrinin 68 iclası keçirilərək, 157 qanun və 8 qərar layihəsinə baxıldığı barədə məlumat verildi. Bütövlükdə komitələrdə 184 məsələ müzakirə olunduğu söylənildi.
Vitse spiker qeyd etdi ki, Milli Məclis dünyada baş verən prosesləri diqqətlə izləyərək, ölkənin milli maraqları ilə bağlı məsələlərə öz münasibətini bildirmişdir. Bu dövrdə qanunverici orqanda Avropa Parlamentinin 2012-ci il 24 may tarixli qətnaməsi ilə bağlı, Xocalı soyqırımının 20 illiyi, Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 20 illiyi ilə əlaqədar qərarlar və müraciətlər qəbul olunub.
Parlamentdə Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti ilə bağlı hesabatı dinlənilib, Hesablama Palatasının hesabatı haqqında qərar qəbul edilib.
Bahar Muradova parlamentdə insan hüquq və azadlıqlarının qorunması, demokratiyanın daha da inkişafı və ölkənin siyasi sisteminin təkmilləşdirilməsi istiqamətində işin davam etdirildiyini vurğuladı. Belə ki, Milli Məclisdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında qərar, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanun qəbul olunub, Seçki Məcəlləsində, “Konstitusiya Məhkəməsi haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Həmkarlar İttifaqları haqqında”, “Siyasi partiyalar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” sənədlərdə dəyişikliklər edilib.
“Siyasi partiyalar haqqında” qanuna edilmiş dəyişikliklərdə partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələləri öz əksini tapıb.
“İnformasiya əldə etmək haqqında” qanuna edilən dəyişikliklə bu sahədəki münasibətlər üçün yeni çərçivələrin müəyyənləşdirilməsi qanundakı boşluğu aradan qaldırılıb.
Bildirildi ki, bu dövrdə hüquqi sahəyə aid bir sıra qanunlar qəbul edilib. Onlardan İnzibati Xətalar Məcəlləsində, Cinayət Məcəlləsində, Mülki Məcəllədə, “Yol hərəkəti haqqında”, “Prokurorluq haqqında”,  “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə sənədləri göstərmək olar.
Tədbirdə vitse-spiker söylədi ki, parlamentdə iqtisadiyyata aid qəbul olunan qanunvericilik aktları bu sahədə qanunvericiliyin daha da təkmilləşdirilməsinə və ölkəmizin iqtisadi-ticari əlaqələrinin genişlənməsinə xidmət edir.
Qeyd edildi ki, ötən dövrdə Milli Məclisdə 2011-ci il Dövlət büdcəsinin icrası haqqında qanun qəbul edilib, “Büdcə sistemi haqqında” sənədə dəyişikliklər olunub. Ölkə gəlirlərinin artması ilə bağlı olaraq parlament 2012-ci ilin Dövlət büdcəsi haqqında qanunda dəyişiklik etmişdir.
Bahar Muradova daha sonra dedi ki, yaz və növbədənkənar sessiyalar dövründə bir sıra beynəlxalq sənədlər parlamentdə müzakirə olunaraq qəbul olunub. Onlardan  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Birinci Zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında, “Cinayətkarlıqla mübarizə sahəsində məlumat mübadiləsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında”,  “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” sazişlərin təsdiq edilməsi barədə sənədləri göstərmək olar.
Ötən dövrdə Milli Məclisin nümayəndə heyətləri bir sıra xarici ölkələrdə rəsmi səfərlərdə olub, beynəlxalq təşkilatların işində yaxından iştirak ediblər. Belə ki, Milli Məclis Sədrinin başçılığı ilə nümayəndə heyəti Qazaxıstanda (MDB PA-nın 20 illik yubiley tədbirləri, 26-27 mart), Səudiyyə Ərəbistanı Krallığında (rəsmi səfər, 4-8 may), Türkiyədə (BMT Sivilizasiyalar Alyansının Tərəfdaşlar Forumu, 30-31 may), Qırğızıstanda (TürkPA-nın II plenar iclası, 14-17 iyun) səfərlərdə olub.
Milli Məclisin nümayəndə heyəti beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak edərək, milli maraqlarımızla bağlı məsələlərin müzakirəsində fəallıq göstəriblər. Nümayəndə heyətimiz  ATƏT PA-nın qış (Avstriya, 21-25 fevral) və yay (Monako, 3-10 iyul) sessiyalarında, təşkilatın Gürcüstanda keçirilmiş İqtisadi konfransında, NATO PA-nın yaz (Estoniya, 24-29 may) sessiyasında, Türkiyədə keçirilmiş XV Avrasiya İqtisadi Zirvə Toplantısında, AŞPA-nın yaz və yay sessiyalarında, MDB PA-nın, TürkPA-nın, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin və digər nüfuzlu qurumların tədbirlərində iştirak edib.
Deputatlarımız ABŞ-da, Rusiyada, Türkiyədə, Böyük Britaniyada, Almaniyada, Fransada, Gürcüstanda, Ukraynada və digər ölkələrdə səfərdə olublar, səfər çərçivəsində keçirdikləri görüşlərdə Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında parlament diplomatiyasının incəliklərindən məharətlə istifadə ediblər.
Ötən dövrdə bir sıra xarici ölkələrin, beynəlxalq təşkilatların nümayəndələri Milli Məclisdə olub. Belə ki, Xorvatiya, Gürcüstan, Qırğızıstan Prezidentləri, Avropa İttifaqı Şurasının prezidenti, Rusiya Federasiyası Federal Məclisi Federal Şurasının, Rusiya Federasiyası Dövlət Dumasının, Ukrayna Ali Radasının, Bolqarıstan Respublikası Xalq Məclisinin, Qazaxıstan Parlament Senatının, Estoniya  Parlamentinin sədrləri, Fransa, Meksika, Kolumbiya parlamentlərinin nümayəndə heyətləri, Ukraynanın,  Moldovanın, Albaniyanın Baş nazirləri, Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin Baş Qərargah rəisi,  Avronest PA-nın  həmsədrləri və digər rəsmi şəxslər parlamentdə görüşlər keçirərək, faydalı fikir mübadiləsi aparıblar.
Bildirildi ki, ötən dövrdə Milli Məclisdə “Azərbaycanda uşaq müdafiəsi sisteminin inkişafı perspektivləri”, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş “Azərbaycanda uşaqların asudə vaxtının təşkilinin hüquqi aspektləri” mövzularında konfranslar keçirilib, milli  qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə dəyirmi masa və dinləmələr təşkil olunub.
2012-ci ilin birinci yarısında Milli Məclisə vətəndaşlardan 2312 təklif, ərizə və şikayət daxil olmuş, parlamentdə 2201 vətəndaş qəbul edilib.
Yaz və növbədənkənar sessiyalar dövründə Milli Məclisdə 58 KİV akkreditə olunub. 14 televiziya və radio, 30 qəzet, 14 agentliyin parlamentin fəaliyyətini işıqlandırdıqları barədə məlumat verildi.
Sonra Bahar Muradova, Səfa Mirzəyev və komitə sədrləri jurnalisləri maraqlandıran suallara ətraflı cavablar verdilər.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU