MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
14 iyun 2019 | 04:06   
Paylaşın:        
İyunun 14-də Milli Məclisin növbədənkənar sessiyasının ikinci plenar iclası keçirildi.
Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, sabah xalqımız 15 iyun - Milli Qurtuluş Gününü qeyd edəcək. Bildiyiniz kimi, 26 il əvvəl 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası başlayıb. Zaman bizi 1990-cı illərin həyəcanlı günlərindən uzaqlaşdırdıqca, tariximizin bu dönüş məqamında canlı şahidi olduğumuz siyasətçilərin qədir-qiymətini daha yaxşı bilməliyik.
O dövrlərdə Azərbaycan dövləti ikinci dəfə əldə etdiyi müstəqilliyi itirmək ərəfəsində idi, qardaş qırğını təhlükəsi vardı. Bu çətin zamanlarda müdrik Azərbaycan xalqı üzünü dahi oğlu, böyük şəxsiyyət Heydər Əliyevə tərəf tutdu. Ulu öndərin Azərbaycanda hakimiyyətə qayıtması xalqı böyük fəlakətdən və qardaş qırğınından qurtardı. Azərbaycanın müasir dövlətinin istiqamətləri müəyyənləşdi. Ona görə də hər il iyun ayının 15-ni Milli Qurtuluş Günü kimi qeyd edirik. 
Milli Məclisin sədri 15 iyun - Milli Qurtuluş Günü münasibətilə təbriklərini çatdırdı, Azərbaycan xalqına davamlı inkişaf arzuladı. Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlandı.
“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi barədə (ikinci oxunuş) məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, layihə birinci oxunuşdan sonra Maliyyə Nazirliyinin və digər strukturların rəhbərlərinin iştirakı ilə komitədə geniş müzakirə edilmişdir. Büdcənin icrasının uğurlu olduğu konkret faktlarla əsaslandırılmış, eyni zamanda bir sıra təkliflər səsləndirilmişdir. Həyata keçirilən bir sıra proqramların növbəti ildə də davam etdirilməsinin məqsədəuyğunluğu bildirilmişdir. Ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üçün maliyyə təminatının yaradılması diqqətdə saxlanılmışdır. 
Müzakirələr zamanı deputatlardan Şəmsəddin Hacıyev və Rauf Əliyev fikirlərini bildirdilər, qeyd və təkliflərini verdilər.   
İclasda çıxış edən vergilər naziri Mikayıl Cabbarov birinci oxunuşdan sonra səsləndirilən suallara və deyilən fikirlərə münasibət bildirərək dedi ki, nağdsız hesablaşmalar iqtisadiyyatın şəffaflaşmasına xidmət edir. Bu məsələdə Vergilər Nazirliyi müvafiq qurumlarla yaxından çalışır.
Nazir diqqətə çatdırdı ki, nağd pul kütləsinin xüsusi çəkisi 2017-ci ilin dekabr ayı ilə müqayisədə 2018-ci ilin dekabrında 60,1%-dən 51,9%-ə qədər azalıb. Bu rəqəm dinamikanın hansı istiqamətə yönəldiyini aydın şəkildə göstərir. Eyni zamanda, 2016-cı illə müqayisədə pos-terminalların sayında 16%-dək azalma olub. 2016-cı ildə bu rəqəm 80 301 ədəd idisə, cari il iyunun 1-nə  67 032 pos-terminal qeydiyyatdadır. Eyni zamanda, hazırda ölkədə 6 mln. 721 min ədəd ödəniş kartı mövcuddur.
Daha sonra nazir bildirdi ki, nağdsız hesablaşmaların aparılmasında ən böyük sual budur ki, tərəflər (sahibkarlar, banklar, vətəndaşlar) nə qədər maraqlıdır? Buna cavab vermək üçün aşağıdakı məsələlərə diqqət yetirmək vacibdir: İlk olaraq komissiya haqları. Hazırda pos-terminallar üzrə ödənilən komissiya haqqı Azərbaycanda 1,29-2,37% arası dəyişir. Müqayisə üçün Gürcüstanda 1,5-2%, İngiltərədə 1,5-2%, İtaliyada 2-2,75%, Rusiyada 2-3% arası dəyişir. Müqayisə üçün deyə bilərik ki, bizdə olan komissiya və tariflər xarici ölkələrdəkindən yüksək deyil. Dövlət bu tarif məsələsinə müdaxilə etmir.
Sonra “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edildi.
“Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklik edilməsi barədə (ikinci oxunuş) məlumat verən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirdi ki, dəyişiklik tibb müəssisələrinin akkreditasiyası ilə bağlıdır və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin tələblərə uyğunluğunun müəyyən edilməsi məqsədi daşıyır.
Bu layihə də səsə qoyularaq ikinci oxunuşda təsdiqləndi.  
İclasda İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) və Mülki Məcəlləyə dəyişiklik edilməsi haqqında (birinci oxunuş)  məsələlər də təsdiqləndi.
Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, bu dörd məsələ Milli Məclisə eyni zərfdə daxil olub. Bu dəyişikliklər ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır.
Bu layihələr də ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi. 
Sonra “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə (birinci oxunuş)  Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verdi. Bildirdi ki, bu dəyişiklik müvafiq icra hakimiyyəti orqanının bələdiyyələrin fəaliyyətinin təşkilinə metodoloji yardım etməsini təmin etmək məqsədilə hazırlanıb. 
Layihə səsə qoyularaq qəbul edildi. 
 İclasda “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi (birinci oxunuş) də müzakirəyə çıxarıldı.
Bu yeni qanun layihəsini təqdim edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, qanunun hazırlanması zərurəti 2009-cu ildə ölkəmizdə referendum keçirildikdən sonra Konstitusiyaya edilmiş dəyişikliklərin nəticəsində meydana çıxmışdır və Konstitusiyanın tələbidir. Belə qanun dünyanın bir sıra ölkələrində, o cümlədən Avropa Şurasına üzv ölkələrdə mövcuddur. Qanun layihəsində vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihəsinə dair tələblər, bununla bağlı təşəbbüs qrupunun fəaliyyəti, layihənin dəstəklənməsi üçün imza toplanması qaydası, imza toplanmasının nəticələrinin təsdiqi və digər məsələlər öz əksini tapmışdır. Qanunun 6-cı maddəsinə əsasən təşəbbüs qrupunun üzvləri Azərbaycan Respublikasının seçki hüququ olan ən azı 40 min vətəndaşının imzasını toplamalı, imzaların toplanması ən azı 60 seçki dairəsinin ərazisini əhatə etməli və hər seçki dairəsinin ərazisindən ən azı 500 imza toplanmalıdır. 
Müzakirələr zamanı çıxış edən deputatlar Fərəc Quliyev, Elmira Axundova, Əflatun Amaşov, Qüdrət Həsənquliyev və Qənirə Paşayeva bildirdilər ki, bu qanun layihəsi qəbul edildikdən sonra ölkəmizdə demokratik cəmiyyətin inkişaf prosesinə öz töhfəsini verəcəkdir.
Müzakirələrdən sonra “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edildi.
Bununla da Milli Məclisin növbədənkənar sessiyada ikinci plenar iclası başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU