SƏHİYYƏ KOMİTƏSİNDƏ DİNLƏMƏ KEÇİRİLDİ

Komitə iclasları
18 iyun 2019 | 05:06   
Paylaşın:        

 İyunun 18-də Milli Məclisin Səhiyyə komitəsinin iclası oldu. Komitənin sədri Əhliman Əmiraslanov bildirdi ki, gündəlikdə 4 məsələ var.
 Öncə “Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi”nə qoşulmaq haqqında” qanun layihəsinə (birinci oxunuş) baxıldı.  Əhliman Əmiraslanov vurğuladı ki, ölkəmiz müharibə şəraitində yaşadığına görə bu komitəyə qoşulmaq çox vacibdir.
 Sonra üçüncü oxunuşda müzakirəyə çıxarılmış “Əhalinin sağlamlığının qorunması haqqında” qanun layihəsinə münasibət bildirildi. 
İclasda “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Gömrük Məcəlləsində, “Balıqçılıq haqqında”, “Yeyinti məhsulları haqqında”, “Taxıl haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” və “Çayçılıq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsinə dair (birinci oxunuş) məlumat dinlənildikdən sonra komitə üzvləri gündəlikdəki qanun layihələrini Milli Məclisin plenar iclasına tövsiyə etdilər.  

Səhiyyə komitəsində təşkil olunmuş “Pasiyentlərin və tibb işçilərinin hüquqları” mövzusunda  dinləməyə Səhiyyə Nazirliyinin, tibb müəssisələrinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri, AMEA-nın İnsan hüquqları institutunun əməkdaşları dəvət olunmuşdular.
Müasir dövrdə pasiyent-həkim, pasiyent-tibb müəssisəsi münasibətlərinin aktuallığından söz açan akademik Əhliman Əmiraslanov pasiyentlərin hüquqlarının qorunması haqqında qanunun vacibliyinə diqqət yönəltdi. 2020-ci ilin 1 yanvarından etibarən ölkəmizdə tətbiq olunacaq tibbi sığorta prosesində bu qanuna böyük ehtiyac olacağını vurğuladı.
 Dinləmədə komitənin üzvü Sədaqət Vəliyeva təşəbbüskarı olduğu qanun layihəsi barədə fikirlərini bölüşdü. Qeyd etdi ki, pasiyentlərin hüquqlarının müdafiə olunması fundamental insan hüquqları haqqında bütün qərar və konvensiyaların tələblərinə uyğundur. Belə bir qanun layihəsi pasiyent hüquqlarının təminatı və qorunmasının hüquqi əsaslarını konkretləşdirər, bu sahədə əsas prinsipləri dəqiqləşdirər, pasiyentin sağlamlığına vurulmuş ziyanın müəyyənləşdirilməsi prosesində yaranan münasibətləri tənzimləyər.
Deputat vurğuladı ki, qanun layihəsi pasiyentin tibbi yardım alması, yaşamaq hüququnun və sağlamlığının təmin edilməsi, fiziki və ruhi tamlığının qorunması, eləcə də pasiyentə qarşı ayrı-seçkiliyin yolverilməzliyi kimi ciddi məsələləri özündə ehtiva etməlidir. Sənəddə pasiyentin tibb müəssisəsini və tibb işçisini seçmək hüququ qanunla tanınmalıdır. Tibb müəssisələrində dini etiqad azadlığının təminatı məsələsi, həmçinin pasiyentin vəzifələri və məsuliyyəti, tibb işçiləri ilə münasibətdə etik qaydalara riayət etməsi vacibliyi də layihədə öz əksini tapmalıdır.
Dinləmədə aparılan müzakirələrdə Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev, deputatlar Qənirə Paşayeva, Məlahət İbrahimqızı, İlham Məmmədov, Kamaləddin Qafarov, Rəşad Mahmudov, Aytən Mustafayeva yeni qanun layihəsinə dair arzu və istəklərini, təkliflərini  diqqətə çatdırdılar. Qeyd olundu ki, bu məsələ birbaşa insan hüquqları ilə əlaqədar olduğu üçün yaradılacaq işçi qrupun tərkibində ekspertlər və həkimlərlə yanaşı hüquqşünaslar da olmalıdır.
Sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təmsilçisi Şərafət İsmayılova, Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev, Azərbaycan Milli Elmlər Akademiyası İnsan hüquqları institutunun əməkdaşı Ayxan Rüstəmzadə yeni qanunla bağlı fikirlərini bölüşdülər. Bugünkü dinləmənin əhəmiyyəti yüksək dəyərləndirildi.
Fikir mübadiləsinə komitənin sədri Əhliman Əmiraslanov yekun vurdu. Deputat Sədaqət Vəliyevanın rəhbərliyi ilə işçi qrupun yaradılması haqqında qərar qəbul edildi. 

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU