MİLLİ MƏCLİSDƏ QDİƏT PM BAŞ ASSAMBLEYASININ 53-CÜ PLENAR SESSİYASI BAŞLANDI
İyunun 20-də Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏT PM) Baş Assambleyasının ikigünlük 53-cü plenar sessiyası öz işinə başladı. Açılış mərasimində QDİƏT PM-ın fəaliyyətdə olan sədri, Milli Məclisin Sədri Oqtay Əsədov giriş nitqi söylədi.
Öncə QDİƏT PM-ın 53-cü plenar sessiyasında iştirak edən milli parlament nümayəndə heyətlərini səmimi qəlbdən salamlayan Oqtay Əsədov sessiyaya təşrif buyurmuş beynəlxalq təşkilatların nümayəndələrini, diplomatik korpusun təmsilçilərini və digər qonaqları Azərbaycan parlamentində görməkdən məmnun olduğunu bildirdi.
Sədr qeyd etdi ki, müasir dünyada istər qlobal, istərsə də regional problemlərin həllində parlamentlərin həm ikitərəfli, həm də çoxtərəfli formatda iş birliyi mühüm rol oynayır. Bu baxımdan 26 il öncə yaranmış Parlament Assambleyası Qara dəniz bölgəsinin əmin-amanlıq və çiçəklənmə zonasına çevrilməsi məqsədi ilə müxtəlif təşəbbüslərin irəli sürülməsi və həyata keçirilməsi baxımından çox böyük potensiala malik olduğunu sübuta yetirmişdir.
Parlament Assambleyasının plenar sessiyasının 7 il sonra yenidən Bakıda keçirilməsinə və Qara dəniz bölgəsində energetika məsələsinə həsr olunmasına diqqət yönəldən Oqtay Əsədov söylədi ki, bunun rəmzi mənası var: Bu 7 il Azərbaycanın yaxından iştirakı ilə həyata keçirilən nəhəng nəqliyyat-enerji layihələrinin köməyi ilə bölgənin iqtisadi mənzərəsinin dəyişdirilməsində mühüm bir dövr təşkil etmişdir.
Milli Məclisin Sədri vurğuladı ki, Qara dəniz iqtisadi məkanında beynəlxalq və regional əməkdaşlığın gözəl nümunələri olan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum və TANAP qaz kəmərləri, digər transmilli layihələr nəinki bölgəmizin, həm də Avropa qitəsinin yeni iqtisadi xəritəsinin formalaşmasında mühüm rol oynayır, onun enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verir. Bu layihələr arasında 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və reallaşdırılmaqda olan TAP qaz kəmərinin əhəmiyyəti xüsusi qeyd edilməlidir.
Qonaqların nəzərinə çatdırıldı ki, Azərbaycan Respublikası Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və onun Parlament Assambleyası çərçivəsində tərəfdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir. Xüsusən, parlamentlərarası əməkdaşlığın genişlənməsi və dərinləşməsi təşkilatın üzvü olan dövlətlərin qarşıya qoyduqları iqtisadi məqsədlərin əldə edilməsi, o cümlədən dayanıqlı energetikanın inkişafı naminə ikitərəfli və çoxtərəfli əməkdaşlığa kömək göstərə bilər.
Regionda yaşayan xalqların firavan gələcəyinin qurulmasına yönələn əməkdaşlıq strategiyamız bölgəmizin yaşayış üçün güvənli bir yerə çevrilməsinə xidmət edir. Təəssüf ki, regionumuzun bir neçə dövlətinin ərazisində mövcud olan silahlı münaqişələr bölgədə əməkdaşlıq imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Azərbaycan Respublikası 25 ildən artıqdır ki, Ermənistanın silahlı təcavüzündən və ərazi işğalından əziyyət çəkir. Biz əminik ki, bütün bu münaqişələr beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normaları, xüsusən onların arasında başlıca prinsip olan dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında tezliklə həllini tapacaq.
Çıxışını yekunlaşdıran Oqtay Əsədov Azərbaycan Respublikasının Milli Məclisi adından sessiyaya toplaşanları bir daha salamladı və QDİƏT PM-ın mötəbər toplantısının işinə uğurlar, bölgəmizə sülh, tərəqqi və əmin-amanlıq arzuladı.
Sonra iclasda Bolqarıstan Milli Assambleyasının sədri Tsveta Karayançeva çıxış etdi.
Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarovun və Bolqarıstan XİN-in rəhbəri Yekaterina Zaxariyevanın sessiyaya ünvanlanmış təbrik məktubları oxundu. Hər iki məktubda QDİƏT PM-ın fəaliyyəti yüksək dəyərləndirildi. Hazırkı tədbirə ev sahibliyi edən Milli Məclisə təşəkkür bildirildi.
Tədbirdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi.
QDİƏT PM-ın Fəxri medalları ilə təltif mərasimində sədr Oqtay Əsədov ötən il 25 yaşını qeyd edən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının inkişafında bütün üzv ölkələrin milli nümayəndə heyətlərinin rolunu və əməyini yüksək qiymətləndirdi. Qurumun fəaliyyətində fərqlənmiş Otari Danelia (Gürcüstan), Mixail Yemelyanov (Rusiya), Cemal Öztürk (Türkiyə), Refat Çubarov (Ukrayna), Ramazan Can (Türkiyə), David Saqanelidze (Gürcüstan), Georq Vlad Nistor (Rumıniya), Ramaz Nikolaşvili (Gürcüstan) və Eldar Quliyev (Azərbaycan) Fəxri medala layiq görüldülər. Təltif edilənlərin xatirə şəkilləri, Milli Məclisin binası qarşısında sessiya iştirakçılarının ailə fotosu çəkdirildi.
Fasilədən sonra QDİƏT PM-ın 53-cü plenar sessiyası işini davam etdirdi. Türkiyə nümayəndə heyətinin rəhbəri Cemal Öztürkün sədrlik etdiyi birinci iclasda qurumun ötən payız keçirilmiş 52-ci plenar iclasının protokolu təsdiqləndi. Gürcüstanın Acariya Muxtar Respublikasının Ali Sovetinə QDİƏT PM-ın tərəfdaşı statusu verildi. QDİƏT-in və bu qurumun Ticarət və İnkişaf Bankının fəaliyyətlərinə dair məruzələr dinlənildi.
Sonra birinci iclas öz işini QDİƏT PM-ın fəaliyyətdə olan sədri, Milli Məclisin Sədri Oqtay Əsədovun sədrliyi ilə davam etdirdi. Təşkilati məsələlərə baxıldı. Prosedur qaydalarına müvafiq olaraq Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin sədr müavinləri seçildi.
QDİƏT Parlament Məclisinin hazırkı Baş katibi Asəf Hacıyev gizli səsvermə zamanı böyük səs çoxluğu ilə yenidən qurumun Baş katibi postuna layiq görüldü. O, qarşıdakı 5 il müddətində bu vəzifəni icra edəcək.
Seçkidən sonra Asəf Hacıyev çıxış edərək göstərilən etimada görə həmkarlarına təşəkkür etdi, indiyədək görülmüş işlər və gələcək planları barədə danışdı. QDİƏT-in üzvü olan Azərbaycanın siyasətinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasına sədrlik 6 ay müddətinə Azərbaycandan Bolqarıstana keçdi. Milli Məclisin Sədri Oqtay Əsədov rəmzi çəkici Bolqarıstan Milli Assambleyasının sədri Tsveta Karayançevaya təqdim etdi və uğurlar arzuladı. Estafeti qəbul edən T.Karayançeva çıxışında vurğuladı ki, Azərbaycanın assambleyadakı 6 aylıq sədrliyi çox məhsuldar keçib və qurumun inkişafına layiqli töhfələr verib. Bildirdi ki, 54-cü plenar sessiya bu ilin noyabrında Sofiyada olacaq.
QDİƏT PM-ın yeni sədri Tsveta Karayançeva bəyan etdi ki, Azərbaycan Prezidenti İlham Əliyev təşəbbüskarı olduğu irimiqyaslı enerji layihələri, neft-qaz kəmərləri və infrastruktur layihələrinə görə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin “Şərəf” medalına layiq görülüb. İclasda həmin ali mükafat Azərbaycan parlamentinin rəhbərinə təqdim olundu.
Nahar fasiləsindən sonra QDİƏT PM-ın 53-cü plenar sessiyasının ikinci iclası öz işinə başladı. Bolqarıstan nümayəndə heyətinin rəhbəri Petar Kanevin sədrlik etdiyi iclasda “QDİƏT regionunda dayanıqlı energetikanın inkişafında parlamentlərin rolunun möhkəmləndirilməsi” mövzusunda geniş diskussiya aparıldı. İqtisadi, ticarət, texnoloji və ekoloji məsələlər gündəmdə oldu. Məruzələrə dair tövsiyələr qəbul edildi. Yekunda parlament assambleyalarının və beynəlxalq təşkilatların nümayəndələri fikirlərini bölüşdülər.
Sabah 53-cü sessiya işini davam etdirəcək.
Milli Məclisin
Mətbuat xidməti