ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Komitə iclasları
20 iyun 2019 | 06:06   
Paylaşın:        

İyunun 20-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Hadi Rəcəbli bildirdi ki, Prezident İlham Əliyev 2019-cu ili sosial müdafiə sistemində islahatlar ili elan edib. Bu sahədə bir sıra islahatlar aparılıb, struktur dəyişiklikləri həyata keçirilib. Ötən il DOST xidmətinin təməli qoyuldu. Qısa müddət ərzində dövlət başçısının sərəncamları ilə 3 milyon adamın sosial müdafiəsi gücləndirildi. İndi isə 2 milyondan çox əhalinin sosial müdafiəsi gücləndirilir.
Hadi Rəcəbli gündəliyə ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmiş 5 məsələnin daxil olduğunu söylədi.
Sonra qanun layihələri barədə məlumat verildi. Bildirildi ki, Əmək və Miqrasiya məcəllələrinə, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Gənclər siyasəti haqqında”, “Əmək pensiyaları haqqında”, “Təhsil haqqında”, “Daşınar əmlakın yüklülüyü haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihələri "Məşğulluq haqqında" Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi daşıyır.
Sonra "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxıldı. Qeyd edildi ki, nəzərdə tutulan dəyişikliklər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) dövlət büdcəsindən ayrılan transfertin 150,0 milyon manat azaldılaraq, həmin vəsaitin xüsusi müdafiə təyinatlı tədbirlərin maliyyələşdirilməsinə yönəldilməsi; DSMF-nin xərclərinin 200,0 milyon manat, işsizlikdən sığorta fondunun xərclərinin isə 15,0 milyon manat artması səbəbindən, icmal büdcə xərclərinin yuxarı həddinin cəmi 215,0 milyon manat artırılması; sosial paket çərçivəsində DSMF-nin gəlirlərinin 350,0 milyon manat, xərclərinin isə 200,0 milyon manat artırılması nəticəsində, qanunda müvafiq düzəlişlər edilərək, gəlirlərin xərclərdən artıq olan hissəsi (150,0 milyon manat) həcmində dövlət büdcəsindən transfertin azaldılması məqsədlərini daşıyır.
"Əmək pensiyaları haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsi əmək pensiyalarının minimum məbləğinin 2019-cu il 1 oktyabr tarixdən artırılaraq 160 manatdan 200 manata çatdırılması məqsədi daşıyır.
"İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi özünüməşğulluq tədbirlərinin təşkilinin maliyyələşməsi üzrə xərclərin artırılması məqsədi daşıyır.
İclasda iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sosial islahatlarla bağlı həyata keçirilən tədbirlərdən, elektron bazanın, DOST mərkəzlərinin yaradılmasından danışdı. Qeyd edildi ki, bu il həyata keçirilən birinci sosial paketin illik maliyyə yükü 2 milyard manatdır. İkinci sosial paket isə 2 milyon 100 min nəfər vətəndaşı əhatə edir. Bu paketin illik xərci 2 milyard manata yaxın olacaq. Amma 2019-cu ilin yerdə qalan dövrü üzrə bu istiqamətdə 660 milyon manat yönəldiləcək.
Bildirildi ki, ikinci sosial paket çərçivəsində həyata keçiriləcək tədbirlər 1 milyon 350 min nəfər vətəndaşın əməkhaqqının artımına səbəb olacaq. Bu da ölkə üzrə muzdla işləyənlərin 80 faizini təşkil edir. Həmin insanlardan 1 milyonu dövlət, qalanları isə özəl sektorda işləyənlərdir. 750 min nəfərin isə pensiyasında artım baş verəcək. Bu isə ölkədə ümumi pensiyaçıların təqribən 60 faizi deməkdir. Digər pensiyaçılara gəldikdə nazir diqqətə çatdırıb ki, 2020-ci ilin yanvarından bütün pensiyalar artacaq. Belə ki, orta aylıq əməkhaqqı artımı ilə bağlı proqnoz bu il üçün 15 faizdir. Buna uyğun olaraq 2020-ci ilin 1 yanvar tarixindən bütün pensiyaçıların pensiyası indeksasiya nəticəsində əlavə 15 faiz artacaq. Beləliklə, hazırda 160 manant pensiyaçı oktyabrdan 200 manat, yanvardan isə 230 manat pensiya alacaq.
Sahil Babayev çıxışında dedi ki, sosial paketlər çərçivəsində ayrılacaq vəsaitlər iqtisadi inkişaf nəticəsində qazanılan pullardır. Bu vəsait Dövlət Neft Fondundan ayrılan transfertlər deyil.
Komitə üzvləri İlham Məmmədov, Jalə Əliyeva, Sevinc Hüseynova  gündəlikdəki məsələlərlə bağlı öz fikirlərini açıqladılar.
Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU