İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ
İyunun 21-də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 5 məsələyə baxıldı.
Öncə komitənin sədri Ziyad Səmədzadə son günlər Azərbaycan Prezidentinin imzaladığı sərəncamlardan söz açdı. Qeyd etdi ki, iqtisadi inkişafda keyfiyyət dəyişikliyinə zəmin yaradan tədbirlər, minimum əməkhaqqının 250 manata qaldırılması əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına və yaşayış keyfiyyətinin yüksəldilməsinə yönəldilib.
İclasda çıxış edən deputatlar Vahid Əhmədov, Əli Məsimli, Tahir Mirkişili, Aydın Hüseynov da dövlət başçısının kadr siyasətini və yürütdüyü sosial siyasəti yüksək dəyərləndirdilər, dəstəklədiklərini bildirdilər. Qeyd olundu ki, Azərbaycan Prezidentinin sosial islahatlar paketi əhalinin rifahının yaxşılaşdırılması istiqamətində növbəti inqilabi addımların atılmasına imkan verir və 2019-cu ildə pensiyaların növbəti dəfə əhəmiyyətli şəkildə artırılmasına şərait yaradıb.
Komitədə maliyyə nazirinin müavini Azər Bayramov “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsini şərh etdi. Bildirdi ki, Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunan 2019-cu il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsi və İşsizlikdən sığorta fondunun büdcəsi haqqında qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələrində dövlət büdcəsinin bəzi xərclərinin optimallaşdırılması, DSMF-ın və İşsizlikdən sığorta fondunun gəlir və xərclərinin, həmçinin icmal büdcənin xərclərinin yuxarı həddinin artırılması nəzərdə tutulur.
Əlavə xərclərin maliyyə təminatının mənbəyi kimi vergi, gömrük və sosial sığorta haqlarının formalaşdırılması və yığılmasında inzibatçılığın gücləndirilməsi və şəffaflığın artırılması amillərini qeyd edən nazir müavini dedi ki, sentyabr ayında nəzərdə tutulan əlavə artımlar hesabına dövlət sosial sığorta haqları üzrə 350 milyon manat vəsaitin daxil olacağı proqnozlaşdırılır. Həmin vəsaitin 172 milyon manatı dövlət büdcəsindən maliyyələşən təşkilatların payına düşəcək.
Qeyd olundu ki, indiki halda DSMF-ya əlavə gəlir daxil olduğu üçün mövcud maliyyə resurslarından daha səmərəli istifadəni təmin etmək məqsədilə dövlət büdcəsindən Fonda ayrılan vəsaitin həcmi 150 milyon manat azaldılmalıdır. Eyni zamanda, İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin icrası nəticəsində yaranmış qalıq vəsaitindən 15 milyon manat vəsaitin cari ildə Fond tərəfindən istifadə olunması nəzərdə tutulur.
Azər Bayramov nəzərə çatdırdı ki, bu təkliflər qəbul olunduğu təqdirdə 2019-cu ilin dövlət büdcəsinə dair qanunda müvafiq dəyişiklik edilməklə dövlət büdcəsindən DSMF-ın büdcəsinə nəzərdə tutulan transfertin məbləği 150 milyon manat azaldılaraq xüsusi müdafiə təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilə bilər. İcmal büdcənin xərclərinin yuxarı həddinin 215 milyon manat artırılaraq 27,4 milyard manata çatdırılması, DSMF-ın bu illik büdcə gəlirlərinin 350 milyon manat, xərclərinin isə 200 milyon manat artırılması, dövlət büdcəsindən Fonda ayrılan transfertin məbləğinin 150 milyon manat azaldılması, İşsizlikdən sığorta fondunun büdcəsinin gəlir və xəclərinin bərabər olaraq 15 milyon manat artırılması təmin olunacaq.
Məlumat dinlənildikdən sonra müzakirələr başlandı.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qeyd etdi ki, DSMF büdcəsinin artırılması nəticəsində Fondun dövlət büdcəsindən asılılıq səviyyəsi xeyli azalacaq. Bu isə onun maliyyə dayanıqlılığının təminatında xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısı tərəfindən əməkhaqlarının ayrı-ayrı sahələr üzrə 20-40 faiz artımı ümumilikdə 18,7 faizlik məcburi dövlət sosial sığorta haqları üzrə artım üçün əsas mənbə hesab ediləcək. Palata sədri bu ilin 5 ayında Vergilər Nazirliyi tərəfindən aylıq gəlirlərin uğurla icra olunduğunu, xüsusən fiziki şəxslərin gəlir vergisi sahəsində uğur əldə edildiyini vurğuladı.
İclasda deputatlar Vahid Əhmədov, Əli Məsimli, Tahir Mirkişili, Aydın Hüseynov müzakirə olunan məsələlər ətrafında fikir mübadiləsi apardılar, rəy və təkliflərini bildirdilər.
Sonra maliyyə nazirinin müavini Azər Bayramov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deputatları maraqlandıran suallara cavab verdilər.
Müzakirələrin yekununda “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə, Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə və “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Komitədə “Dövlət satınalmaları haqqında” qanunda dəyişiklik edilməsi barədə məsələni Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov təqdim etdi. Bildirdi ki, təklif olunan qanun layihəsi İpoteka və Kredit Zəmanət Fondunun satın aldığı yaşayış sahələrinə “Dövlət satınalmaları haqqında” qanunun tətbiq edilməməsi məqsədi daşıyır ki, bu da yaşayış sahələrinin daha operativ əldə olunmasına xidmət edəcək.
Sonra “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklik edilməsi (birinci oxunuş) barədə məsələyə baxıldı.
Komitə gündəlikdəki bütün qanun layihələrini Milli Məclisin plenar iclasına tövsiyə etdi.
Milli Məclisin
Mətbuat xidməti