SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
09 iyul 2019 | 11:07   
Paylaşın:        

İyulun 8-də Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirildi. Komitə sədri Əhliman Əmiraslanov bildirdi ki, gündəliyə bir sıra qanunlarda dəyişikliklərin edilməsi və icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı Cənubi Koreyanın təcrübəsi  barədə məsələlər daxil edilib.
 Əvvəlcə, “Uşaq hüquqları haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihəyə baxıldı. Layihə ilə bağlı parlament Aparatının  Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova məlumat verdi. Bildirildi ki, “Narkoloji xidmət və nəzarət haqqında” qanunun bir sıra maddələrində “sosial-psixoloji reabilitasiya” sözləri “psixoloji reabilitasiya və psixoloji korreksiya” ifadəsi ilə əvəz olunur. “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanunun müvafiq maddələrində “sosial, psixoloji və digər kömək” sözləri “psixoloji yardım haqqında” qanunla müəyyən edilmiş qaydada “psixoloji yardım, habelə sosial və digər kömək” sözləri ilə əvəzlənir. Bu qanunla bir paketdə daxil olan digər qanunvericilik aktlarında da eyni məzmunlu dəyişikliklər nəzərdə tutulub.
Sonra “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və “Peşə təhsili haqqında”  qanunlarda dəyişiklik edilməsi barədə sənəd təqdim edildi. Qeyd edildi ki, həmin qanunlarda hazırkı “psixoloji yardım almaq” ifadəsi təklif olunan variantda “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq” kimi nəzərdə tutulur.
Diqqətə çatdırıldı ki, yuxarıda adı çəkilən qanunlara edilməsi nəzərdə tutulan dəyişikliklər “Psixoloji yardım  haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli qanunu ilə əlaqədardır.
Birinci oxunuşda müzakirəyə çıxarılan qanun layihələri deputatlar tərəfindən müsbət dəyərləndirilərək, Milli Məclisin plenar iclasına tövsiyə olundu.
İclasda Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov cari ilin iyun ayında Cənubi Koreya Respublikasına səfəri barədə danışdı. O, bu səfərin baş tutmasında Milli Məclisin Sədri Oqtay Əsədovun rolunu xüsusi vurğulayaraq, ona öz minnətdarlığını ifadə etdi. Bildirildi ki, nümayəndə heyətinin tərkibinə ölkənin aidiyyəti qurumlarının təmsilçiləri daxil idilər. Səfər müddətində nümayəndə heyətinin üzvləri Cənubi Koreya Respublikasının icbari tibbi sığortanın tətbiqi sahəsində təcrübəsi, bu istiqamətdə  göstərilən xidmətlər, bununla bağlı qanunvericilik bazası ilə tanış oldular.
 Məlumat verildi ki, hazırda ölkəmizdə icbari tibbi sığorta sisteminin tətbiq olunması üçün hazırlıq işləri həyata keçirilir. Sistemin tətbiqinə 2020-ci ildən başlanması gözlənilir. Bununla bağlı tibb müəssisələrində də lazımi işlər görülür.
Müzakirələr zamanı çıxış edən deputatlar Musa Quliyev, Qənirə Paşayeva, İlham Məmmədov, Rəşad Mahmudov və Kəmaləddin Qafarov   məsələyə dair öz fikirlərini səsləndirdilər. Bildirildi ki, tibbi sığortanın ölkə üzrə tam tətbiqi  vətəndaşların mənafeyinə xidmət edəcək, onlar keyfiyyətli tibbi xidmətlə təmin olunacaqlar. Qeyd olundu ki, bu sahədə maarifləndirmə işlərinin aparılması böyük əhəmiyyət daşıyır.
Sonra Əhliman Əmiraslanov və iclasda ıştirak edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin statistika şöbəsinin müdiri Tural Qulu  deputatları maraqlandıran sualları ətraflı cavablandırdılar.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU