MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASI BAŞA ÇATDI
İyulun 12-də Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirildi. Öncə 28 məsələdən ibarət gündəlik təsdiqləndi. Gündəlikdəki məsələlərin müzakirəsinə keçməzdən əvvəl Milli Məclisin Sədri Oqtay Əsədov parlamentin ATƏT PA-dakı nümayəndə heyətinə qurumun 28-ci illik sessiyasında yüksək səviyyədə fəaliyyət göstərdiklərinə görə dərin təşəkkürünü bildirdi.
Sonra Milli Məclisin Sədr müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova həmin sessiyanın gedişi və qəbul olunan sənədlər barədə millət vəkillərinə ətraflı məlumat verdi. Bildirdi ki, ATƏT Parlament Assambleyasının Lüksemburqda keçirilən 28-ci illik sessiyası “Təhlükəsizliyin təmin olunması üçün dayanıqlı inkişafın gücləndirilməsi: Parlamentlərin rolu” mövzusuna həsr olunmuşdu. Nümayəndə heyəti sessiyaya geniş spektrli hazırlıq mərhələsində əsas hədəfləri müəyyənləşdirmişdi.
ATƏT PA-nın Siyasi işlər və təhlükəsizlik komitəsində qəbul olunan qətnamənin siyasi əhəmiyyətindən bəhs edən vitse-spiker vurğuladı ki, Azərbaycan nümayəndə heyətinin səyləri nəticəsində həmin sənədin layihəsində regionda münaqişələrin həlli üçün tamamilə yeni yanaşmalar öz əksini tapdı, mövcud münaqişələrin dayanıqlı inkişaf və insan hüquqlarının təmini üçün əsas maneə olduğu xüsusi qeyd edildi. Belə ki, ATƏT və digər beynəlxalq təşkilatların ənənəvi yanaşmasından fərqli olaraq ilk dəfə Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova ərazisində olan münaqişələrə eyni yanaşmanın tətbiq olunması vacibliyi sənəddə öz əksini tapdı. Sessiyada iştirak edən Ermənistan nümayəndə heyəti Azərbaycanın adının bu siyahıdan çıxarılması üçün çox ciddi qarşıdurmalar nümayiş etdirdi, lakin Ermənistanın təklifi 6 lehinə, 47 əleyhinə olmaqla böyük səs çoxluğu ilə rədd edildi.
Bahar Muradova sessiyanın Yekun Bəyannaməsində əksini tapan müddəaları da diqqətə çatdırdı. Bildirdi ki, həmin sənəddə nəzərdə tutulur ki, ATƏT PA və üzv ölkələr bütün məsələlərə münasibətdə suveren bərabərlik, güc tətbiqinin yolverilməzliyi, sərhədlərin toxunulmazlığı, ölkələrin ərazi bütövlüyü, mübahisələrin sülh yolu ilə həlli, bir-birinin daxili işlərinə qarışmamaq, beynəlxalq hüququn vicdanla yerinə yetirilməsi və ölkələr arasında əməkdaşlıq prinsiplərinə uyğun çalışmalıdırlar. Qeyd etdi ki, bu səpkidə çalışmalar çağırış idi və sənədin əsas ruhunu ifadə edirdi, sənəddəki bütün məsələlər Azərbaycanın maraqları daxilindədir.
Azərbaycan nümayəndə heyətinin sessiyadakı daha bir uğurunu vurğulayan Bahar Muradova ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevin yenidən 2022-ci ilədək bu vəzifəyə seçildiyini fəxarətlə qeyd etdi.
ATƏT PA-nın sessiyası ilə əlaqədar məlumat dinlənildikdən sonra plenar iclasda gündəlikdəki məsələlərin müzakirəsi başlandı. Qanun layihələrini Milli Məclis Sədrinin I müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı təqdim etdilər.
Öncə üçüncü oxunuşda parlamentin müzakirəsinə verilmiş 19 məsələyə baxıldı. Qanun layihələri barədə məlumatlar dinlənildi və münasibət bildirildi.
Deputatlar “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” qanunlarda bütövlükdə cəmiyyət tərəfindən müsbət qarşılanmış dəyişiklikləri təsdiqlədilər.
Sonra parlament “Məhkəmələr və hakimlər haqqında” qanunda və Vergi Məcəlləsində dəyişiklikləri qəbul etdi. “Dövlət satınalmaları haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişikliyə dair layihələr də ayrı-ayrılıqda səsə qoyuldu və qəbul olundu.
Plenar iclas Su Məcəlləsində, Mənzil Məcəlləsində və Vergi Məcəlləsində, “Yol hərəkəti haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Publik hüquqi şəxslər haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişikliklər edilməsinə müsbət münasibət bildirdi. Əmək Məcəlləsində, Miqrasiya Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər məqsədəuyğun sayıldı.
İclasda “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Gənclər siyasəti haqqında”, “Əmək pensiyaları haqqında”, “Təhsil haqqında”, “Daşınar əmlakın yüklülüyü haqqında”, “İşsizlikdən sığorta haqqında”, və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə məsələ səsvermə yolu ilə qəbul olundu.
Deputatlar İnzibati Xətalar və Gömrük məcəllələrində, “Balıqçılıq haqqında”, “Yeyinti məhsulları haqqında”, “Taxıl haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” və “Çayçılıq haqqında” qanunlarda edilən dəyişikliyə dair məsələni qəbul etdilər. “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Arıçılıq haqqında”, “Reklam haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunlarda edilən dəyişikliyə razılıq verdilər.
Sonra Milli Məclis Azərbaycan Hökuməti ilə Monteneqro Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlığa dair bu il mayın 3-də Bakıda imzalanmış Sazişi ratifikasiya etdi. I vitse-spiker Ziyafət Əsgərov vurğuladı ki, Saziş Azərbaycanın milli maraqlarına tam cavab verir.
İclasda “Antikorrupsiya Orqanlarının və Ombudsmanların əməkdaşlığı üçün İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Mərkəzinin (RCCACO) Nizamnaməsi” təsdiqləndi.
Komitə sədri Əli Hüseynli parlamentə məlumat verdi ki, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri 2020-ci ildən 2022-ci ilə dəyişdirilir. Bununla əlaqədar olaraq 7 digər qanunda həmin dəyişikliyin tətbiq olunması nəzərdə tutulur.
Deputatlar həmin qanunu qəbul etdilər. Sonra iclasda birinci oxunuşda müzakirəyə təqdim olunmuş qanun layihələrinə baxıldı.
Milli Məclisə bir zərfdə daxil olmuş iki qanun layihəsini şərh edən Əli Hüseynli bildirdi ki, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarda və Mülki Məcəllədə edilən dəyişikliklər texniki xarakter daşıyır. Belə ki, notariat hərəkətlərinin aparılması sahəsində yeni müasir texnologiyaların tətbiqi ilə əlaqədar həmin qanuna “elektron notariat informasiya sistemi” ifadəsi əlavə olunur və beynəlxalq təcrübəyə uyğun olaraq sənəddəki “notariat kontoru” anlayışı “notariat ofisi” anlayışı ilə əvəz edilir. Nəzərə çatdırıldı ki, İnzibati Xətalar Məcəlləsinə əlavə olunan 391-1-ci maddəyə əsasən, fəaliyyətinə xitam verilmiş xüsusi notarius tərəfindən aparılmış notariat hərəkətləri barədə sənədlər 1 ay müddətində dövlət notariat arxivinə təhvil verilməlidir, əks təqdirdə 300 manatdan 500 manatadək məbləğdə cərimə tətbiq olunacaq.
Millət vəkilləri bu qanunların birinci oxunuşda qəbulunu məqsədəuyğun saydılar.
İclasda “Azərbaycan Respublikası Dövlət bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun icrası məqsədilə “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə məsələyə baxıldı və qanun layihəsi birinci oxunuşda qəbul olundu.
Gündəlikdəki növbəti 3 qanun layihəsi Milli Məclisə bir zərfdə daxil olmuşdu. Onlardan ikisini şərh edən komitə sədri Aqiyə Naxçıvanlı bildirdi ki, “Uşaq hüquqları haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” və “Təhsil haqqında” qanunlarda, həmçinin “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və “Peşə təhsili haqqında” qanunlarda nəzərdə tutulan dəyişikliklər 2018-ci il dekabr ayının 7-də qəbul olunmuş “Psixoloji yardım haqqında” qanuna uyğunlaşdırma xarakteri daşıyır.
Deputatlar həmin qanunları birinci oxunuşda müzakirə və qəbul etdilər.
Gündəliyin son məsələsinin təqdimatında nəzərə çatdırıldı ki, Cəzaların İcrası Məcəlləsində, Miqrasiya Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində edilən dəyişiklik isə “Psixoloji yardım haqqında” qanunun icrası ilə əlaqədardır. Həmin qanunun 19.3-cü və 20.1-ci maddələrində müəyyən edilən qadağaların pozulmasına, habelə şəxsi psixoloji yardım almağa məcbur etməyə görə inzibati məsuliyyət müəyyənləşdirilir.
Məsələ səsə qoyuldu və bu qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi məqsədəuyğun sayıldı.
Bugünki müzakirələrdə vitse-spiker Valeh Ələsgərov, deputatlar Qüdrət Həsənquliyev, Azay Quliyev, Zahid Oruc, Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Bəxtiyar Əliyev, Aqil Abbas rəy və təkliflərini bildirdilər. Milli Məclisin deputatlarını “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıq hissi ifadə olundu, təşəkkür ünvanlandı.
Bununla da Milli Məclisin növbəti iclası başa çatdı. Spiker növbədənkənar sessiyasını bağlı elan etdi. Azərbaycanın Dövlət Himni səsləndirildi.
Milli Məclisin
Mətbuat xidməti