AZƏRBAYCAN-TÜRKİYƏ-GÜRCÜSTAN PARLAMENTLƏRİNİN XARİCİ ƏLAQƏLƏR KOMİTƏLƏRİNİN ÜÇTƏRƏFLİ BİRGƏ İCLASI KEÇİRİLDİ
İyulun 15-də Milli Məclisdə Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli birgə iclası keçirildi.
İclasa sədrlik edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirdi ki, bu cür tədbirlər xalqlarımızın və dövlətlərimizin daha da yaxınlaşması baxımından mühüm əhəmiyyətə malikdir. Çünki dünyada getdikcə artan problemlərin öhdəsindən ancaq birlikdə gələ bilərik. Artıq ölkələrimiz beynəlxalq təşkilatlarda vahid komanda şəklində iştirak edirlər.
Bu baxımdan Ankarada imzalanmış əməkdaşlıq protokolu bizim üçün yol xəritəsidir.
Səməd Seyidov diqqətə çatdırdı ki, Milli Məclisdə dünyanın 70-dən çox parlamenti ilə dostluq qrupları fəaliyyət göstərir. Türkiyə və Gürcüstanla parlament dostluq qrupu onların içərisində ən böyük qruplardandır.
Çıxış edən Gürcüstan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri xanım Sofio Katsarava bildirdi ki, bu format bizim inkişafımız üçün gözəl zəmin yaradır. Belə tədbirlər regional əməkdaşlıqda parlamentlərin rolunu nəzərdən keçirmək baxımından mühüm əhəmiyyətə malikdir. Sofio Katsarava bildirdi ki, bizim ölkələr Avropa və Asiya arasında körpü rolunu oynayır. Bu baxımdan Ankarada imzalanmış əməkdaşlıq protokolunda nəzərdə tutulmuş sahələrin sayının artırılması vacibdir.
Xanım deputat diqqətə çatdırdı ki, Gürcüstan Türkiyə və Azərbaycanla strateji tərəfdaşlığı davam etdirmək fikrindədir. Bunun üçün də parlament diplomatiyasının imkanlarından istifadə olunmalıdır.
Sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komitəsinin sədri Volkan Bozkır bildirdi ki, regionda və dünyada sabitlik üçün bu üç ölkənin münasibətləri digər ölkələrə çağırış mesajıdır. Təəssüf ki, Cənubi Qafqazdakı münaqişələr regionun inkişafına maneə törədir. Türkiyə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və bu münaqişələrin beynəlxalq hüququn prinsiplərinə uyğun həllinə inanır.
Sonra çıxış edən hər üç ölkənin deputatları Sevinc Fətəliyeva, Zviad Dzidziquri, Ahmet Yılmaz, Sahibə Qafarova, Cavanşir Feyziyev, Yunus Emre, Tahir Mirkişili və başqaları belə birgə iclasların əhəmiyyətindən danışdılar.
Tədbirin sonunda iştirakçılar ailə fotosu çəkdirdilər.
Milli Məclisin
Mətbuat xidməti