MİLLİ MƏCLİSİN ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ
Sentyabrın 17-də Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyasında ilk iclası keçirildi.
Əvvəlcə komitənin sədri İsa Həbibbəyli 2019-cu ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülmüş işlər barədə hesabat verdi. Bildirdi ki, yaz və növbədənkənar sessiyalar dövründə komitədə 22 məsələyə baxılmış, bir sıra qanunlara mühüm əlavə və dəyişikliklər edilmişdir. İsa Həbibbəyli son illər ərzində ölkəmizdə elm və təhsil sahəsində görülmüş işlər, əldə olunmuş nailiyyətlər barədə də fikirlərini paylaşdı.
Elm və təhsil komitəsinin 2019-cu ilin payız sessiyası üçün iş planı barədə danışan komitə sədri diqqətə çatdırdı ki, payız sessiyasında hazırda üzərində iş gedən “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəyə çıxarılması nəzərdə tutulur. Bundan başqa, komitə ölkəmizdə ciddi tələbat hiss edilən məsələ olduğuna görə “Təhsil kreditləri haqqında” qanun layihəsinin hazırlanması təklifilə də çıxış edəcəkdir.
Çıxış edən komitə üzvləri Bəxtiyar Əliyev, Rafael Hüseynov, Asim Mollazadə, Şəmsəddin Hacıyev və Musa Qasımlı komitənin yaz və növbədənkənar sessiyalar dövründəki fəaliyyətini yüksək qiymətləndirdilər, payız sessiyasında da komitənin işinin uğurlu olacağına əminliklərini ifadə etdilər.
Sonra “Uşaq hüquqları haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” (ikinci oxunuş) qanun layihəsi müzakirə olundu. Bildirildi ki, bu qanun layihələrinə təklif olunan dəyişikliklər “Psixoloji yardım haqqında” Qanuna uyğunlaşdırma məqsədi daşıyır.
İclasda “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi də müzakirə olundu. Bildirildi ki, bu dəyişikliklər də uyğunlaşdırma xarakterlidir.
Sonra bildirildi ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlara təklif olunan dəyişikliklər (birinci oxunuş) isə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanuna uyğunlaşdırmanı nəzərdə tutur.
Müzakirələrdən sonra gündəlikdəki bütün məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Bununla da Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyasında ilk iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti