MƏDƏNİYYƏT KOMİTƏSİNDƏ
Sentyabrın 17-də Mədəniyyət komitəsi Milli Məclisin 2019-cu il payız sessiyasında ilk iclasını keçirdi. Komitənin sədri Rafael Hüseynov öncə Azərbaycanda mədəniyyət sahəsində görülən işlərdən söz açdı, bu sahənin inkişafı ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamları yada saldı.
Sonra iclasda gündəlikdəki məsələlər şərh olundu. Öncə parlamentin 2019-cu il yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülmüş işlərin hesabatı təqdim edildi. Bildirildi ki, yaz və növbədənkənar sessiyalar dövründə Mədəniyyət komitəsində 8 iclas keçirilib, 15 məsələyə baxılıb, onlardan 11-i qanun layihəsi olub.
Nəzərə çatdırıldı ki, hesabat dövründə Mədəniyyət komitəsinə rəsmi qaydada daxil olmuş 175 təklif, ərizə və şikayətə baxılıb. Onlardan 121-i tədbir görülməsi üçün müvafiq orqanlara göndərilib, 54 müraciət isə işə alınaraq həll edilib. Sessiyalar müddətində komitə sədri 30 vətəndaşı qəbul edib. Komitə üzvləri parlamentdə və yerlərdə seçicilərlə çoxsaylı görüşlər keçiriblər.
Sonra iclasda Mədəniyyət komitəsi sədrinin müavini Jalə Əliyeva və komitənin üzvü Elmira Axundova çıxış edərək rəy və təkliflərini diqqətə çatdırdılar.
Komitə üzvləri hesabatı məqbul saydılar.
2019-cu ilin payız sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri barədə məlumat verən Rafael Hüseynov bildirdi ki, iş planına Azərbaycan Prezidentinin, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan MR Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında parlamentin payız sessiyasına təqdim edəcəkləri qanun layihələrinin müzakirəsi ilə yanaşı “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Yazılı abidələr haqqında” və “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihələri daxil edilib. Nəzərə çatdırıldı ki, qarşıdakı sessiyalarda parlamentin müzakirəsinə təqdim etmək üçün komitədə “Aşıq sənəti haqqında” qanun layihəsi də hazırlanıb.
İclasda Mədəniyyət komitəsinin payız sessiyasına dair iş planı təsdiqləndi. Sonra gündəlikdəki növbəti iki məsələyə baxıldı.
Ətraflı məlumatda bildirildi ki, birinci oxunuşda müzakirəyə çıxarılmış bu layihələr qanunvericiliyin uyğunlaşdırılması xarakteri daşıyır. Belə ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi, eləcə də “Kinematoqrafiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi bu sənədlərin 30 oktyabr 2018-ci ildə qəbul olunmuş “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanuna uyğunlaşdırılması üçün hazırlanıb.
Yekunda baxılan bütün məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti