İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA
Sentyabrın 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. Komitə sədri Ziyad Səmədzadə payız sessiyasının başlaması münasibəti ilə deputatlara təbriklərini çatdırdı, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı.
Sonra Ziyad Səmədzadə cari ilin yaz və növbədənkənar sessiyalarında komitənin gördüyü işlər barədə məlumat verdi. Qeyd edildi ki, ötən sessiya çox məhsuldar olub. Bu müddətdə komitənin 26 iclası keçirilib, 180 qanun layihəsi müzakirə olunub. Bir sıra qanunlara dəyişikliklərin edilməsi, sazişlərin təsdiqlənməsi ilə bağlı məsələlərə, yeni hazırlanmış qanunların layihələrinə baxılıb. Deputatlar ölkənin ictimai-siyasi həyatında fəal iştirak ediblər.
Bildirildi ki, komitə iqtisadi islahatların dərinləşməsinə həmişə öz dəstəyini verir. Bu sahədə qanunvericilik bazası daim təkmilləşdirilir. 2019-cu ilin payız sessiyasının iş planına da iqtisadi sahənin daha da inkişaf etdirilməsini təmin edəcək bir sıra vacib qanun layihələri daxil edilib.
2019-cu ilin yaz və növbədənkənar sessiyalarında komitənin fəaliyyəti qənaətbəxş hesab edildi, payız sessiyası üçün iş planı müsbət dəyərləndirildi.
Diqqətə çatdırıldı ki, bugünkü iclasda 8 məsələ - “Lombardlar haqqında” (2-ci oxunuş), “Texniki tənzimləmə haqqında” (3-cü oxunuş), “Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” və “Energetika haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (1-ci oxunuş), “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (1-ci oxunuş), “Kinematoqrafiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (1-ci oxunuş), “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik edilməsi barədə (1-ci oxunuş), “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilmişi barədə qanun layihələri müzakirəyə çıxarılıb.
İkinci oxunuş üçün təqdim olunmuş “Lombardlar haqqında” qanun barədə bildirildi ki, sənəddə lombardlar tərəfindən kreditlərin verilməsi və əşyaların saxlamaya qəbul edilməsi, habelə lombardlar tərəfindən həyata keçirilən fəaliyyətin nizamlanması və ona nəzarət ilə bağlı münasibətlər tənzimlənir. Diqqətə çatdırıldı ki, layihənin ilk müzakirəsi zamanı verilən təklif və tövsiyələr qanunda öz əksini tapıb.
Komitə üzvləri Vahid Əhmədov, İlham Əliyev, Əli Məsimli, Tahir Mirkişili, Şəmsəddin Hacıyev, Cavid Qurbanov qanun layihəsi barədə öz fikirlərini açıqladılar, təkliflərini verdilər.
Bildirildi ki, bu, çox vacib qanundur, əhalinin müəyyən həssas təbəqəsini əhatə edir və bu sahədə şərtlər elə olmalıdır ki, insanlara ziyan dəyməsin. Layihənin hazırlanması zamanı beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətli olduğu qeyd edildi.
Tədbirdə iştirak edən Maliyyə Bazarlarına Nəzarət Palatası İdarə heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov səsləndirilən suallara aydınlıq gətirdi.
Müzakirələr zamanı deputatlar digər qanun layihələrinə də münasibət bildirdilər.
İclasın sonunda gündəliyə daxil edilən bütün sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti