ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ
Sentyabrın 18-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin payız sessiyasında ilk iclası keçirildi.
Əvvəlcə komitənin sədri Hadi Rəcəbli yaz və növbədənkənar sessiyalarda komitədə görülən işlər barədə məlumat verdi. Bildirdi ki, yaz və növbədənkənar sessiyalar ərzində komitənin 20 iclası keçirilmiş, 100-ə yaxın məsələ müzakirə olunmuşdur. Bu dövrdə komitəyə 448 ərizə və müraciət daxil olmuş, 420 vətəndaş qəbul edilmişdir.
Payız sessiyasında görüləcək işlərə toxunan komitə sədri diqqətə çatdırdı ki, bu sessiya ərzində əsasən sosial sahədə büdcə məsələlərinə baxılacaq, “Turizm haqqında” qanun layihəsi üzərində iş aparılacaq, bir sıra qanunlara əlavə və dəyişikliklər ediləcəkdir.
Çıxış edən komitə üzvləri Rauf Əliyev, Musa Quliyev, İlham Məmmədov, Jalə Əliyeva, Elmira Axundova və Araz Əlizadə yaz və növbədənkənar sessiyalarda komitənin işini yüksək qiymətləndirdilər, payız sessiyasının da uğurlu olacağına əminliklərini bildirdilər.
Sonra iclasda “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi müzakirə olundu. Bildirildi ki, bu dəyişikliklər “Psixoloji yardım haqqında” Qanuna uyğunlaşdırma məqsədilə edilir.
İclasda “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi də müzakirəyə çıxarıldı.
Bildirildi ki, layihə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə 2018-ci il 12 oktyabr tarixli Qanunun icrasını təmin etmək məqsədilə hazırlanmışdır. Layihə silahlı birləşmələrə aid olmayan, lakin içərisində hərbi xidmət nəzərdə tutulan qurumların hərbi qulluqçularının dövlət icbari şəxsi sığortasının və pensiya təminatının əvvəlki qaydada saxlanılmasına xidmət edir.
Müzakirələrdən sonra gündəlikdəki bütün məsələlər Milli Məclisin plenar iclasına tövsiyə edildi.
Bununla da Əmək və sosial siyasət komitəsinin payız sessiyasında ilk iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti