SƏHİYYƏ KOMİTƏSİNDƏ

Komitə iclasları
18 sentyabr 2019 | 04:09   
Paylaşın:        

Sentyabrın 18-də ilk iclasına toplaşan Səhiyyə komitəsində parlamentin payız sessiyasının başlanması münasibəti ilə deputatları təbrik edən komitənin sədri Əhliman Əmiraslanov Azərbaycanda səhiyyə sahəsinin inkişafına göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin imzaladığı sərəncamlardan, birinci vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyəyə göstərdiyi diqqətdən söz açdı. 
Sonra parlamentin 2019-cu il yaz və növbədənkənar sessiyalarında komitədə görülmüş işlərin hesabatı dinlənildi. Qeyd olundu ki, yaz və növbədənkənar sessiyalar zamanı Səhiyyə komitəsində 7 iclas keçirilib, 14 məsələ müzakirə olunub, onlardan 6-sı qanun layihəsi olub, mühüm əhəmiyyət daşıyan həmin qanun layihələri parlamentdə qəbul edilib. 
Bildirildi ki, hesabat dövründə Səhiyyə komitəsinə daxil olan 300-ə yaxın ərizə və şikayətin əksəriyyəti müalicənin maliyyə təminatı ilə əlaqədar olub. Müraciətlərə həssaslıqla yanaşılıb, imkan daxilində köməklik edilib. Aidiyyəti üzrə tədbir görülməsi üçün müxtəlif ünvanlara 230 məktub göndərilib. Sessiyalar müddətində komitə sədri 67 vətəndaşı qəbul edib, seçicilərlə çoxsaylı görüşlər keçirib. Komitə üzvləri qanun yaradıcılığında fəallıq göstərdikləri kimi beynəlxalq əlaqələrimizin genişlənməsində, xarici ölkələrdə keçirilən tədbirlərdə Azərbaycanın təmsil olunmasında yaxından iştirak ediblər.
İclasda Səhiyyə komitəsinin 2019-cu ilin payız sessiyası üçün iş planından bəhs edən Əhliman Əmiraslanov  bildirdi ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edəcəyi qanun layihələri ilə yanaşı komitədə hazırlanmış “İnsan orqanlarının donorluğu  və transplantasiyası haqqında” qanun layihəsi də müzakirəyə çıxarılacaq. Həmçinin “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsinin təkmilləşdirilməsinə, ölkəmizdə gələn ilin 1 yanvarından etibarən tətbiq ediləcək icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar normativ-hüquqi aktlara dəyişikliklərin edilməsinə, “Onkoloji xəstələrə tibbi yardımın vəziyyəti və perspektivləri”nə həsr olunmuş dinləmələr keçiriləcək.
Müzakirə zamanı komitə sədrinin müavini Musa Quliyev, deputatlar Qənirə Paşayeva, İlham Məmmədov, Kamaləddin Qafarov, Kamilə Əliyeva ötən sessiyalarda görülmüş işləri təqdirəlayiq hesab etdilər, səhiyyənin vacib problemlərini önə çəkərək bir sıra təkliflər irəli sürdülər. Sonra parlament Aparatının sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova görülmüş işlər barədə fikirlərini bölüşdü.
Fikir mübadiləsinin yekununda hesabat məqbul sayıldı, iş planı qəbul olundu.
Komitədə ikinci oxunuşda müzakirəyə çıxarılmış “Uşaq hüquqları haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, eləcə də “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə uyğunlaşdırma xarakteri daşıyan qanun layihələrinə də baxıldı və Milli Məclisin plenar iclasına tövsiyə olundu.


 Milli Məclisin

 Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU