AZƏRBAYCAN – ÇİN ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

Sədrin görüşləri
20 sentyabr 2019 | 08:09   

Sentyabrın 19-da Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin sədri Li Canşunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Sədr qonaqları səmimi salamlayaraq müstəqil Azərbaycanın Çin Xalq Respublikası (ÇXR) ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirdi. Ötən ilin yayında ÇXR-ə səfəri zamanı Çin parlamentinin Sədri ilə görüşünü məmnunluqla xatırladı. Ümidvar olduğunu bildirdi ki, Li Canşunun ölkəmizə bu ilk rəsmi səfəri ikitərəfli əlaqələrimizin və parlament əməkdaşlığının inkişafına öz layiqli töhfəsini verəcəkdir.
Spiker dedi ki, Azərbaycan-Çin əlaqələri dostluq və  qarşılıqlı etimad üzərində qurulmuşdur. Bu gün siyasi əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Heç də təsadüfi deyildir ki, Azərbaycanda iqtidar partiyası olan YAP-la Çin Kommunist Partiyası arasında sıx əməkdaşlıq   mövcuddur.
Əlaqələrimizin inkişafında yüksək səviyyəli rəsmi səfərlərin rolu böyükdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ilin martında Çinə rəsmi səfəri zamanı münasibətlərimizin dayanıqlı təməli qoyulmuşdur. Prezident İlham Əliyevin Çinə etdiyi dövlət səfərlərindən sonra isə əlaqələrimiz keyfiyyətcə daha yüksək səviyyəyə qalxmışdır. Cari ilin aprel ayında ikinci “Bir kəmər, bir yol” forumunda iştirak etmək üçün Azərbaycan Prezidentinin Çinə səfəri zamanı bu ölkə ilə 820 milyon ABŞ dolları dəyərində 10 saziş imzalanmışdır.
Bu günədək iki ölkə arasında 77 hüquqi sənəd imzalanmışdır. Ötən il Çinlə ticarət dövriyyəsinin həcmi 1,3 milyard ABŞ dolları olmuşdur. Cari ilin 6 ayı ərzində isə bu göstərici 1,4 milyard ABŞ dolları təşkil etmişdir. Fərq göz önündədir. Ölkəmizdə bu gün 119 Çin şirkəti qeydiyyatdan keçmişdir. Azərbaycan ÇXR-in Sədri Si Cinpinin Bir Kəmər Bir Yol təşəbbüsünü ilk dəstəkləyən ölkələrdəndir.
Müstəqil Azərbaycan qlobal əhəmiyyət kəsb edən neft və qaz kəmərlərinin çəkilişinin fəal iştirakçısıdır. İki il öncə ölkəmiz Bakı-Tbilisi-Qars dəmiryolu layihəsini uğurla reallaşdırmışdır. Biz Çinlə enerji, qeyri-neft, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindəyik. Çinlə mədəni, humanitar sahələrdə əlaqələrin genişlənməsi günün tələbidir. Ölkəmizdə Çin dilinə, mədəniyyətinə maraq artmaqdadır.
Görüşdə Ali qanunverici orqanlar arasındakı mövcud münasibətlərdən danışan Sədr hər iki ölkə parlamentində işçi qruplarının fəaliyyət göstərməsini təqdir etdi. Qeyd edildi ki, deputatların çoxsaylı qarşılıqlı səfərləri, beynəlxalq tədbirlər çərçivəsində görüşləri zamanı  onları düşündürən məsələlərin müzakirəsi baxımından önəmlidir.
Söhbətdə Dağlıq Qarabağ münaqişəsindən danışan Sədr Çin hökumətinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə minnətdarlığını bildirdi.
Səmimi qəbul və səfər çərçivəsində rastlaşdıqları qonaqpərvərliyə görə Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin sədri Li Canşu Milli Məclisin Spikerinə təşəkkür etdi. O, Bakıda gördüyü inkişafı, Şərqlə Qərb memarlığının üzvi sintezini yüksək dəyərləndirdi. Qeyd edildi ki, Çin Azərbaycanla həyatın ən müxtəlif sahələrində əlaqələri dərinləşdirmək niyyətindədir. Qonaq dedi ki, Siz əsl dost, sınanmış tərəfdaşsınız. Ölkənizə səfərdən məqsəd əlaqələrimizin daha da dərinləşməsi və parlamentlərarası münasibətlərimizin inkişaf perspektivləri haqqında müzakirələr aparmaqdır. 
Qonaq Çinlə Azərbaycan arasında mövcud olan yüksək siyasi dialoqun iqtisadi-ticari münasibətlərə də müsbət təsir etdiyini vurğuladı. Qeyd edildi ki, kənd təsərrüfatı, nəqliyyat, təhsil, mədəniyyət sahələrində əməkdaşlığı genişləndirmək üçün geniş imkanlar mövcuddur.
Söhbətdə Azərbaycanın müstəqillik illərində əldə etdiyi  nailiyyətləri yüksək dəyərləndirən Li Canşu Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəklədiklərini bir daha dilə gətirdi. Münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyini söylədi.
Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Sədrin müavinləri Bahar Muradova, Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev,  Çinlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı, Milli Məclisin komitə sədri Siyavuş Novruzov, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlardan Xanlar Fətiyev, Rauf Əliyev, Malik Həsənov, Hikmət Məmmədov, Əliağa Hüseynov, ölkəmizin ÇXR-də səfiri Əkrəm Zeynallı, ÇXR-in ölkəmizdəki səfiri xanım Guo Min və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU